“Bölgədə sülhün təmin olunması vacibdir” - İran XİN

  28 Sentyabr 2020    Oxunub : 1708
  “Bölgədə sülhün təmin olunması vacibdir” -  İran XİN
Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.
XİN-in Mətbuat Xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, İran Xarici İşlər naziri cəbhə xəttində yaşanan gərginlikdən narahatlığını ifadə edərək, bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd edib.

O, gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğulayıb və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin son aylar ərzində davam edən son dərəcə təxribatçı fəaliyyətinin davamı olaraq 27 sentyabr tarixində cəbhə xətti boyunca Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının törədilməsi, Azərbaycanlı mülki şəxslərin hədəfə alınması barədə həmkarına məlumat verib və Azərbaycan Ordusunun beynəlxalq sərhədləri çərçivəsində özünü müdafiə hüququna əsasən, eləcə də dinc sakinərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq cavab tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. Bölgədə yaşanan bu gərginliyin bütün məsuliyyətinin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Azvision.az

Teqlər: XİN