Milli Məclisin sədri brifinq keçirdi - FOTOLAR

Milli Məclisin sədri brifinq keçirdi -    FOTOLAR
  30 Sentyabr 2020    Oxunub:2416
Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk iclasından əvvəl Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış 3 yeni iş otağının açılışı olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, bununla bağlı jurnalistlər üçün brifinq keçirən Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Parlamentdə akkreditə olunmuş KİV nümayəndələri ilə belə bir görüş keçirməyi çoxdan arzu edirdi. Lakin pandemiya səbəbindən bu görüş bir qədər gec baş tutdu.



Spiker qeyd etdi ki, Sədr seçildikdən sonra jurnalistlərin ona Milli Məclisdə mətbuat nümayəndələrinin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətləri olmuşdu. Lakin pandemiya ilə əlaqədar bu iş bir qədər yubandı. «Ancaq yay aylarında media nümayəndələrinin rahat işləyə bilməsi üçün şərait yaratmağa çalışdıq. Çünki siz – parlamentdə akkreditə olunmuş media nümayəndələri Milli Məclisin iclası başlayandan qurtaranadək bizimlə birlikdə çalışırsınız. Burada jurnalistlər üçün yaradılan iş otağında 16 kompyuter var, əvvəlki otaqdan daha genişdir. Onun yanında isə ikinci otaq fotostudiya kimi fəaliyyət göstərəcəkdir. Yuxarıdakı otaq isə brifinqlər və jurnalistlərin müsahibə almaları üçün nəzərdə tutulub”.



Milli Məclisin Sədri Sahibə Qafarova medianın həmişə olduğu kimi, bundan sonra da Milli Məclisin işini dolğun və obyektiv işıqlandıracağına inamını ifadə etdi. Sədr bildirdi ki, torpaqlarımız düşmənlərdən azad edildikdən sonra elə bu foyedə jurnalistlərə geniş müsahibə verəcəkdir. “Hər birimizin ürəyi Qarabağla döyünür.”

Sədr çıxışının sonunda media nümayəndələrinə bu şəraitin yaradılmasında yaxından iştirak etmiş Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə, Milli Məclisin işlər müdiri Firudin Hacıyevə və Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə təşəkkürünü bildirdi.
Sonra çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış bu şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlığını bildirdi, Milli Məclisin işinə və jurnalistlərə uğurlar arzuladı.













Azvision.az


Teqlər: Spiker   MM   Brifinq  





Xəbər lenti