“AXCP və Müsavatın birgə bəyanata qoşulmaması milli xəyanətdir” - Partiya sədri

  “AXCP və Müsavatın birgə bəyanata qoşulmaması milli xəyanətdir” -    Partiya sədri
  01 Oktyabr 2020    Oxunub:2271
“AXCP ilə Müsavatın partiyaların məlum birgə bəyanatına qoşulmamaları onların anti-milli mövqelərini bir daha ortaya qoydu. Hər iki partiya özünə çox ciddi zərbə vurdu, onsuz da zəif olan nüfuzlarına böyük problemlər yaratdılar”.
Bunu Azvision.az -a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, əgər ölkədə taleyüklü məsələ varsa, uzun illərdən bəri işğala məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi gündəliyə çıxırsa burada mövqe birmənalı olmalıdır:

“Siyasi partiyaların bu cür milli məsələlərdə mövqeyi ordumuz, dövlətimiz, Ali Baş Komandanla həmrəylik göstərmək idi. Partiyalar işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Azərbaycan xalqı ilə birgə olduğunu bəyan etdi. Bu mövqenin alternativi yoxdur. Belə məsələlərdə siyasi mövqe tamamilə kənara qoyulur. Hər bir siyasi partiya hakimiyyət və siyasi proseslərdə önə çıxmaq uğrunda öz mübarizə aparmaq hüququnu özündə saxlayır, bunu sonrakı günlərə transfer edir. Amma AXCP ilə Müsavatın bütün partiyalardan fərqli mövqe sərgiləməsi təəssüf hissi doğurur. İndiki ağır döyüş əməliyyatlarının getdiyi bir zaman kəsiyində bu cür mövqe nümayiş etdirməyin bir adı var - milli xəyanət”.

Fəzail Ağamalı deyir ki, hər iki partiya bəyanata qol qoymamaqla sübut etdi ki, Müsavat və AXCP rəhbərliyi uzun illərdən bəri Ermənistan təcavüzkarları və onların yanında olan anti-Azərbaycan qüvvələri ilə həmrəydilər: “Bu həmrəylik fikirlərini həmişə demişəm və sözlərim məlum bəyanatın imzalanması zamanı hər iki partiyanın anti-milli mövqeyində bir daha öz təsdiqini tapdı. Düşünürəm ki, AXCP, Müsavat partiyalarının içərisində Vətənə torpağa bağlı olan, eyni zamanda erməni işğalçılarına qarşı mübarizə aparıb torpaqlarımızı azad etmək fikrində olan insanlar var. Məhz onlar indi öz mövqelərini ortalığa qoymalıdırlar. Həmin sıravi üzvlər özlərinin mənsub olduğu partiyanın bu ləkəsini hansı formada üzərinə götürəcəklər? Bu haqda düşünməlidilər. Onlara bu ləkəni gətirən heç şübhəsiz ki, hər iki partiyanın rəhbərliyidir. Ona görə də bəzi müsavatçılar və cəbhəçilər əgər istəmirlərsə ki, həm tarix, həm xalq qarşısında bu ləkə ilə yaşasınlar, onda onlar indiki rəhbərləri ilə haqq-hesab çəkməlidirlər, şəxsi mövqelərini ortaya qoymalıdırlar. Sübut edilməlidir ki, doğrudandamı bəzi sıravi partiya üzvləri də anti-milli, xəyanət mövqeyi tutan partiya rəhbərləri ilə bərabərdirlər, yoxsa tamamilə fərqli düşüncələrin sahibidirlər? Ehtimal edirəm burada ikinci variant üstünlük təşkil edir. Qısası, hər iki partiya anti-milli mövqeyi ilə özünə çox ciddi zərbə vurdu. Onsuz da zəif olan nüfuzlarına böyük problemlər yaratdılar. Bundan sonra Müsavatla AXCP-nin olub qalan zəif dayaqları da artıq silinib gedəcək. Hər iki partiya rəhbəri anti-milli mövqeyi ilə artıq partiyasına tarixin qaranlıq səhifələrində əbədi yer qazandırdı”

Qeyd edək ki, sentyabrın 27-da Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar. Bəyanata yalnız iki partiya - AXCP və Müsavat qoşulmayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Fəzail-Ağamalı   Partiya  





Xəbər lenti