“Türkiyə bizim böyük qardaşımızdır” - Afaq Bəşirqızı

 “Türkiyə bizim böyük qardaşımızdır” -  Afaq Bəşirqızı
  03 Oktyabr 2020    Oxunub:2390
Döyüş bir sutka ərzində bitməz. Səbrli olmalıyıq. İgid oğullarımız düşmənə qarşı vuruşurlar, onlar üçün dua etməliyik.
Bunu Azvision.az -a Xalq artisti Afaq Bəşirqızı ordumuzun qələbə xəbərlərindən danışarkən deyib.

Aktrisa bildirib ki, cəbhədən nigaran olsa da, səbrli davranmağa çalışır.

“Analarımızın, bacılarımızın bir gözü gülür, bir gözü ağlayır. Biz qeyrət, namus üstündə torpaqlarımıza görə vuruşuruq. Təcavüzkarlar dinc əhalimizi atəşə tutur, onları öldürür. Əlbəttə, ordumuz düşmənin cavabını verir, onlara gücümüzü göstərir. Hamımız inanırıq ki, sonda qələbə bizim olacaq. Buna heç kimin şübhəsi yoxdur”.

Aktrisa sənət yoldaşlarını şəhid ailələrinə baş çəkməyə çağırıb: “Mən bütün mədəniyyət və incəsənət xadimlərinə üzümü tutub deyirəm ki, şəhid ailələrinə baş çəkin, onlarla görüşün. Təsəlli olun, mənəvi dəstəyinizi göstərin. Bizim də vətənə köməyimiz olsun. Mən özüm bir neçə şəhid ailəsinə baş çəkmişəm. Cəbhədən xoş xəbərləri almaqla yanaşı cəbhənin keşikçisi də olmalıyıq. Bu günlərdə bir-birimizə dayaq olmalıyıq.

Düşmən mülki insanların evlərini dağıdır. Faşist simalarını bir daha göstərirlər. Allah sizin evinizi dağıtsın. Siz yurdun, evin nə olduğunu bilmirsiniz. Böyük iddialarınız var. Amma vətən, torpaq kimi doğma hissləri qanmırsınız. Yıxmaq, öldürmək, dağıtmaq üçün yaranmış həşəratsınız”.

A.Bəşirqızı Türkiyənin Azərbaycana mənəvi dəstəyindən də danışıb: “Türkiyə bizim böyük qardaşımızdır. Bizim evdə mənim əzizimlə bərabər, Atatürkün də şəkili var”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afaq-Bəşirqızı  





Xəbər lenti