“Artıq Fransaya vasitəçi kimi inana bilmərik”

 “Artıq Fransaya vasitəçi kimi inana bilmərik”
  03 Oktyabr 2020    Oxunub:2231
Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatlar aparmasına aqressiv münasibət sərgiləməsi haqlı olaraq etiraz doğurub. Siyasi ekspertlər bildirirlər ki, Makronun son açıqlamaları onun Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik olmamasından xəbər verir. Sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi isə onun xalqı üçün başucalığı gətirmir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az-a şərhində deyib ki, Fransa prezidentinin son bəyanatları ölkəsinin nüfuzuna ciddi xələl gətirir.

“Makron hərbi əməliyyatlar başlayandan bu günə kimi sərgilədiyi mövqeyi ilə Fransa-Azərbaycan münasibətlərinə ciddi zərbə vurmaqda davam edir. Ondan əvvəlki Fransa prezidentləri - Jak Şirak, Nikola Sarkozi Azərbaycanla Ermənistan arasında yaranmış məlum problemə olan münasibələrində balansı qoruyurdular. Misal üçün, Sarkozi Ermənistana səfər edərkən Bakıya da gəlirdi. Yaxud, heç vaxt bu formada naşı açıqlamalar verilməzdi, Azərbaycanın əleyhinə olan bəyanatların şahidi olmazdıq. Makron prezident seçiləndən sonra keçən il Ermənistana səfər etmişdi. Daha sonra xəbər yayıldı ki, bir-iki aya Azərbaycana da gələcək. Amma səfər reallaşmadı. Balans artıq həmin dövrdən pozulmağa başlamışdı. Onun hərbi əməliyyatlar başlayandan indiyə kimi sərgilədiyi mövqeyi, təxribat xarakterli olan açıqlamaları bundan xəbər verdi ki, biz artıq Fransaya vasitəçi kimi inana bilmərik”.

Politoloq vurğulayıb ki, Makron məsuliyyətsiz bəyanatları ilə Azərbaycanla Fransa arasında olan və uzun illərə söykənən sıx, hərtərəfli münasibətlərə çox böyük zərbə vurmuş oldu. Onun yaratmış olduğu yeni münasibətlər yaxşı heç nə vəd etmir.

Elxan Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı gərək Makronun Fransa xalqı üçün başucalığı gətirməyən açıqlamalarından sonra rəsmi Paris ilə münasibətlərinə yenidən baxsın.

Politoloq ermənipərəst mövqeyi ilə seçilən Fransa prezidentinin heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyinin Fransada qarşıdan gələn seçkilərlə bağlı olub-olmamasını da şərh edib. O qeyd edib ki, daha çox erməni diasporunun səslərinin qazanılmasına yönələn birtərəfli və qərəzli bəyanatlar seçki kampaniyasına oxşayır, hansı ki, sələfləri bu yola əl atmamışdı:

“Jak Şirak da, Nikola Sarkozi də seçkilərdə iştirak edirdi. Onların erməni lobbisi və diasporunun səslərinə hər zaman ehtiyacı olub. Amma əvvəlki prezidentlər bu formada xalqının maraqlarına zidd olan məsuliyyətsiz bəyanalar vermirdilər. Sual yaranır: Makron niyə erməni lobbisinin səsini qazanmaq üçün Azərbaycan əleyhinə açıqlamalar verməyə qalxdı? Onsuz da onun siyasi vəziyyəti yaxşı deyildi. “Sarı jiletlilər” olayından tutmuş, digər daxili və xarici proseslər ona ciddi problemlər yaratdı. Makron erməni lobbisinin səsini qazanmaq istəyə bilər. Amma hansısa lobbinin səsini qazanmaq istəyən məsuliyyətsiz bir siyasətçi Cənubi Qafqazın əsas dövləti olan Azıərbaycanla olan münasibətlərə çox böyük zərər də vurur axı... Qısası, bu cür siyasi gediş gələcəkdə Fransanın xarici siyasətində ciddi problemlər yaradacaq. Dövlət başçısının da qeyd etdiyi kimi biz bu ağır günlərdə kimin dost, kimin düşmənin yanında olan olduğunu unutmayacağıq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: DağlıqQarabağ   Fransa   Makron   Ermənistan  





Xəbər lenti