İrəvanın səfir oyunu: Ermənilərin yəhudilərə nifrətinin tarixi kökləri

  03 Oktyabr 2020    Oxunub : 2817
 İrəvanın səfir oyunu:  Ermənilərin yəhudilərə nifrətinin tarixi kökləri
Azərbaycanın işğal olunmuş torpaqlarında hərbi əməliyyatlar apardığı bir vaxtda ağır məğlubiyyətlə üz-üzə qalan Ermənistanın İsraildəki səfirini geri çağırması haqqında məlumat yayıldı. Buna səbəb kimi İsrailin Azərbaycana silah tədarük etməsi ilə bağlı məsləhətləşmələrin aparılması göstərilir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib ki, İsraildən Türkiyənin dəstək göstərdiyi Azərbaycana ən müasir silahın çatdırılması Ermənistan üçün qəbuledilməzdir. Bunları nəzərə alaraq, Ermənistan XİN İsraildəki səfiri məsləhətləşmələr üçün geri çağırıb.

Əslində Ermənistan rəhbərlərinin bu uğursuz siyasi gedişi hansısa ortada fakt kimi mövcud olmayan məsləhətləşmələrlə bağlı deyil. Rəsmi İrəvanın yenicə təyin etdiyi səfirini İsraildən geri çağırması və bunu guya İsrail tərəfindən Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdindən başqa bir şey deyil.

Ermənistan cəmiyyətinin son illərdə sistemli antisemitizm nümayiş etdirdiyinə dair çoxsaylı sübutlar mövcuddur. Ümumiyyətlə işğalçı ölkədə antisemitizm və məhz İsrailə qarşı yönələn nifrətin dərin kökləri var. Ermənilər birinci dünya müharibəsi dövründə guya özlərinə qarşı olan “qeyri-insani” münasibətin beynəlxalq səviyyədə tanıdılması məsələsində ikinci dünya müharibəsi dövründə yəhudi xalqının soyqırımına məruz qalmasını əsas maneə kimi görürlər. Hətta dəfələrlə Ermənistan mətbuatında əsrin soyqırımı faciəsinin yəhudi soyqırımı deyil, məhz “erməni soyqırımı” olması barədə silsilə yazılar dərc olunub. Erməni təbliğat maşınları yalnız daxili auditoriya üçün hesablanmayan bu cür məqalə və “araşdırma” yazıları zaman-zaman xarici KİV-lərə də daşımağa çalışıblar. Bu baxımdan yəhudi xalqının soyqırımına məruz qalmasını özlərinin uydurduğu "soyqırımın" dünyaya çatdırılmasında əsas maneə görən Ermənistanın bu gün İsrailə qarşı çıxması təəccüb doğurmamalıdır.

Artıq antisemitizm Ermənistanın simasına çevrilib. Qafqazın daim müharibə təhlükəsi yaradan bu ölkəsində antisemitizmdən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün də istifadə olunur. Qısa bir xatırlatma edək ki, "WikiLeaks" ABŞ-ın Dövlət Departamentinin 2008-ci ilə aid "Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir" başlığı altında məlumatı ifşa etmişdi. Hətta həyat yoldaşının yəhudi olduğu iddia edilən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilməmişdi.

Ermənistanın antisemit olmasına dair yüzlərlə faktlar göstərmək olar. 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Ermənistana xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da erməni mediasında antisemit tənqidlərə məruz qalmışdılar. Ermənilər erməni-yəhudi qarşıdurmasının tarixi kökləri olduğunu bildirir və bunu semitlərlə arilərin qarşıdurması kimi qələmə verirlər. İqor Muradyanın bu məsələyə dair geniş müzakirələrə və qalmaqala səbəb olmuş “Qolos Armenii” nəşrində çap edilən məqaləsini də göstərmək olar.

Azərbaycanın bütün dünyaya yayaraq sübut etdiyi erməni daşnaklarının, terror təşkilatlarının ərazilərimizdə qırğınlar törətməsinə dair tarixi sənədlərdə bu xalqın yəhudi millətindən olan insanlara da xüsusi cinayətlər törətməsi barədə onlarla fakt mövcuddur. Təsadüfi deyil ki, ötən əsrin əvvəllərində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri məhz yəhudilər olub. Azərbaycan Respublikasının Fövqəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair xeyli sayda faktlar öz əksini tapıb. Xüsusən də Qubada törədilən qırğınlar zamanı bu bölgənin yalnız müsəlman-türk əhalisi deyil, çoxlu sayda yəhudinin də vəhşicəsinə qətlə yetirilməsi danılmaz reallıqdır.

Erməni daşnaklarının ötən əsrin əvvəllərində törətdikləri məlum qırğınlarından başqa bu da bir faktdır ki, ermənilərin qürur mənbəyinə çevirdikləri ASALA kimi terror təşkilatları dəfələrlə yəhudiləri hədəf seçiblər. Onların əsas hədəfi türklərlə yanaşı, həm də yəhudilər olub. Misal üçün, ASALA-nın başçısı olan Akop Akopyan 1972-ci ildə Münxendə Olimpiya oyunlarında iştirak edən İsrail milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak edib.

Yəni bütün bunlar onu deməyə əsas verir ki, bu gün rəsmi İrəvanın İsrailə qarşı atdığı addımların kökündə hazırkı dövrdə siyasi motivlər deyil, tarix nifrət amili dayanır.

Tural Tağıyev
Azvision.az

Teqlər: İsrail   Ermənistan   Antisemitizm