“Sizin komandanlığınızla Qarabağa zəfər bayrağımızı sancacağıq” - Prezidentə yazırlar

  03 Oktyabr 2020    Oxunub : 1567
   “Sizin komandanlığınızla Qarabağa zəfər bayrağımızı sancacağıq” -    Prezidentə yazırlar
Müzəffər Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirməsi Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin və xarici ölkə vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar Sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Goranboy rayonundan Milli Qəhrəmanın həyat yoldaşı İsmayılova Rübabə yazır: “Hörmətli cənab Prezident. Sizin rəhbərliyinizlə Azərbaycanın rəşadətli ordusunun göstərdiyi şücaətlər bizi sevindirir. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirik. Biz Sizin haqq işinizi dəstəkləyirik və Sizinlə birlikdəyik. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, biz Qarabağı azad edəcək və şəhidlərimizin ruhunu şad edəcəyik. Allah Sizi bu xalqdan, xalqı da Sizdən ayırmasın”.

Zaqatala rayonunun Yuxarı Tala kəndindən Kamalov Kamal sevinc hislərini bu sözlərlə ifadə edir: “Cənab Ali Baş Komandan. Mən Qarabağ döyüşləri əlilinin oğlu olaraq, Sizi yeddi kəndin alınması ilə bağlı xəbərinizi ürəkdən təbrik edirəm. Çox az qaldı, cənab Prezident. Düşmənləri bizim torpaqlardan çıxaracağıq. İşğal etdikləri ərazilərimizi tərk etmələri üçün bu zamana qədər düşmənə vaxt verdik, lakin torpaqlarımızdan çıxmadılar. Biz də öz torpaqlarımız uğrunda öz torpağımızda döyüşürük. Vətən məni bu dəqiqə çağırsa, ön cəbhəyə getməyə hazıram. Şəhidlərin qanı yerdə qalmayacaq. Qələbə bizimdir. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!”.

Abşeron rayonundan Bəxtiyar Qurbanov və Mübariz Niyazov yazırlar: “Hörmətli cənab Prezident. Biz mənfur qonşularımız, erməni faşistləri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda apardığınız mübarizəni dəstəkləyirik və ehtiyac yaranarsa, göstərişiniz əsasında bu mübarizəyə hər an qoşulmağa hazır olduğumuzu bildiririk. Allahdan arzumuz budur ki, İnşallah, dediyiniz kimi, Azərbaycanın bayrağını Şuşada qaldıraq və həmin bayrağı Azadlıq Meydanına gətirib xalqımıza nümayiş etdirək. Bu işdə Allah Sizə yar olsun”.

Sumqayıt şəhərindən Aynurə Tağıyeva: “Cənab Ali Baş Komandan. Sizə bu məzmunda təşəkkür məktubu yazmaq mənim çoxdankı arzum idi. Bu arzuma çatdığıma görə Sizinlə fəxr edirəm. Bu gün səngərdə düşmənlə üz-üzə olan əsgərlərimizin şücaəti qarşısında baş əyirik. İgidlərimizin qəhrəmanlığı sayəsində ermənilərin doğma yurdumuzdan qaçmaqdan başqa şansı yoxdur. Sizi çox sevirik. Allah bütün xalqımızı, əsgərlərimizi qorusun.

Ordumuzun uğurlu əməliyyatları münasibətilə dövlətimizin başçısını təbrik edən Xəyalə Əkbərova yazır: Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bütün ailəmiz adından Sizi və xalqımızı ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi münasibətilə təbrik edirəm. İnanırıq ki, Sizin rəhbərliyinizlə nəhayət ki, ata-baba torpaqlarımız mənfur düşməndən azad ediləcək və Qələbə sevincini bütün xalqımızla birlikdə Şuşada Azərbaycanın üçrəngli bayrağı altında qeyd edəcəyik. Şəhidlərimizin ruhu şad olsun. Bu çətin və şərəfli işinizdə Sizə yeni böyük uğurlar arzu edirəm. Tanrı Sizi qorusun”.

Mingəçevir şəhər sakinləri Gülsurə İsmayılova və Ağasən Şükürov: “Hörmətli cənab Prezident.

Ermənistan qoşunları tərəfindən işğal edilmiş torpaqlarımızda Milli Ordumuzun əldə etdiyi uğurlar, cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri daha da ruhlandırır. İnanırıq ki, tezliklə qələbə xəbərləri işğal edilmiş torpaqlarımızda - Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında və digər rayonlarımızda Azərbaycan bayrağının dalğalanmasına qədər davam edəcək. Bütün Azərbaycan xalqı bu günü səbirsizliklə gözləyirdi. Sizin rəhbərliyinizlə çox uzaqda olmayan Qələbə sevincini yaşayacağımıza inanırıq. Qüdrətli Ordumuzun uğurları tezliklə bütün tarixi torpaqlarımızın işğalçılardan azad ediləcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına böyük əminlik yaradır. Azərbaycan Respublikası öz tarixinin mürəkkəb və şərəfli bir dövrünü yaşayır. 30 ilə yaxındır ki, təcavüzkar Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Beynəlxalq hüquqa məhəl qoymayan işğalçı dövlət beynəlxalq təşkilatların, həmsədr dövlətlərin qərar və qətnamələrini yerinə yetirməkdən aşkar şəkildə imtina edir. Azərbaycan dövlətinin sülhpərvər siyasəti Ermənistanın cinayətkar rejimi tərəfindən qəbul edilmir. Təcavüzkar dövlət son dövrlərdə özünün işğalçı niyyətlərini daha da artıraraq Azərbaycanın yeni torpaqlarını ələ keçirmək iddiası ilə çıxış edir”.

Füzuli rayonundan İlahə Cəfərova yazır: “Hörmətli cənab Prezident. Sizin Ali Baş Komandanlığınızla rəşadətli ordumuz tərəfindən düşmənin törətdiyi təxribatın qarşısı qəhrəmanlıqla alınır. Cəbhə bölgəsində yaşayan bir məcburi köçkün kimi bu məni hədsiz dərəcədə qürurlandırır. Cəbhəyə çox yaxın ərazidə yaşamağıma, burada gedən döyüşlərə baxmayaraq heç nədən qorxmuram, Sizə və ordumuza güvənərək həyatıma davam edirəm. Burada yaşayan hər bir şəxsdə böyük ruh yüksəkliyi var, hər birimiz həsrətlə qələbə gününü gözləyirik. Cənab Prezident, hər zaman Sizin arxanızda, ordumuzun yanındayam. Lazım olarsa, Vətənimin ərazi bütövlüyü uğurunda könüllü olaraq döyüşlərə qoşulmağa hazıram. İnanıram ki, Sizin rəhbərliyinizlə müzəffər ordumuz tezliklə xalqımıza qələbə sevincini yaşadacaq, üçrəngli bayrağımızı Qarabağın gözü olan Şuşa şəhərində dalğalandıracaq. Əminəm ki, zəfərə sayılı günlər qalıb. Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Ordumuzun geniş miqyaslı uğuru münasibətilə Sizi bir daha təbrik edirəm”.

Masallı rayonunun Öncəqala kəndindən Xəlil Hüseynov və Rəfael Ağayev yazırlar: “Möhtərəm cənab Prezident. Masallının Öncəqala kənd müəllimləri adından Sizi və ordumuzu döyüşdəki uğurlu qələbələrə görə təbrik edirik. Fəxr edirik ki, Sizin Prezidenti olduğunuz respublikada yaşayırıq. Sizin inamlı və qətiyyətli çıxışlarınız bizi qələbəyə ruhlandırır. Hər an Sizin yanınızdayıq, bir çağırışla hər birimiz silaha sarılmağa hazır müsəlləh əsgərlərik. Qarabağ bizimdir, qələbə bizimlədir!”.

Kəndləri işğaldan azad olunan Ağcabədi rayon sakinləri Şükür Axundov, Nizami Məmmədov və Eldəniz Məmmədov sevinclərini bu sözlərlə ifadə edirlər: “Hörmətli cənab Prezident. Kəndlərimizin işğaldan azad olunması xəbəri hamımızın həsrətinə son qoydu. Tezliklə bu həsrətin Şuşada, Xankəndidə də bitəcəyinə, tezliklə oraların da azad olunması xəbərini eşidəcəyimizə əminik. Biz indi çox qürurluyuq. Biz və bizim kimi minlərlə azərbaycanlı döyüşməyə hazırdır. İnşallah, Qələbə qazanacaq və bayrağımızı Qarabağda, Xankəndidə asacağıq”.

Şəki şəhərindən Samir Hacıyev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Apardığınız uğurlu siyasətə, qətiyyətli mövqeyinizə görə Sizə bir vətəndaş kimi dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Xalqımız çox yaxşı bilir ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi və atəşkəsə nail olması dövlətimizi çox böyük təhlükələrdən xilas etdi. Eyni zamanda, Sizin son iyirmi ilə yaxın vaxt ərzində apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmiz daha da inkişaf etdi, ən əsası isə ordumuz dünyanın ən güclü orduları siyahısında özünə yer aldı. Bu gün qəti əminik ki, erməni terrorçuları güclü ordumuzun qarşısında çox davam gətirə bilməyəcək. Uca Tanrı qələbə xəbərini eşitməyi tezliklə xalqımıza nəsib etsin. Allah Sizi və Ordumuzu qorusun”.

Astara rayonundan Fərid Yusifov : Hörmətli cənab Ali Baş Komandan. Azərbaycan dövlətinin 2003-cü ildən ötən müddət ərzində Sizin tərəfinizdən bütün sahələr üzrə uğurla inkişaf etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda başladığınız haqq-ədalət müharibəsi bütün xalqımız kimi Astara rayon sakinləri tərəfindən sevinclə qarşılanır. Cənab Prezident, biz, Astara rayon ictimaiyyətinin nümayəndələri qəti olaraq əminik ki, Sizin rəhbərliyinizlə başlayan haqq-ədalət müharibəsi erməni faşistlərinin işğalında olan bütün torpaqlarımızın tezliklə azad edilməsi ilə başa çatacaq. Ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin ruhu şad olsun. Ulu Tanrının köməyi ilə üçrəngli bayrağımız Xankəndidə, Azərbaycanın mirvarisi olan Şuşada və bütün Qarabağda dalğalanacaq. Tanrı Sizi və ordumuzu qorusun.

Lənkəran şəhərindən Zaur Məmmədov Ali Baş Komandana dəstəyini bu sözlərlə ifadə edir: “Cənab Ali Baş Komandan. Son zamanlar baş verən hadisələr bizi ürəkdən sevindirir, ordumuzun uğurları, beynəlxalq münasibətlər sistemində Sizin qətiyyətli addımlarınız, xüsusilə bütün forumlarda, debatlarda Ermənistan rəhbərliyini susdurmağınız real həqiqətlərin bütün dünyaya çatdırılmasına xidmət edir. Lənkəran gəncləri olaraq, hər zaman Sizin yanınızda olduğumuzu bildirir, bütün varlığımızla Vətənə, dövlətçiliyə xidmət etməkdən qürur duyuruq”.

Ağcabədi rayonundan Minə Nərimanovabu gün hər birimizin müsəlləh əsgər olduğumuzu bildirərək yazır: “Cənab Ali Baş Komandan. Siz daim Qarabağ məsələsinə həssaslıqla yanaşmış, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışmısınız. Qarabağ məsələsinə ikili standartlarla yanaşan dünya dövlətləri bir tərəfdən Azərbaycanı danışıqlara çağırsa da, digər tərəfdən öz əlaltıları vasitəsilə ölkə daxilindəki sabitliyi pozmağa cəhd etmişlər. Ermənilərin iyul ayında Tovuz bölgəsində, sentyabrın 27-dən isə sərhədboyunda dinc əhalini ağır artilleriya atəşinə tutması düşmənin əsl niyyətini göstərdi. Onlar mülki şəxsləri öz çirkin əməllərinin qurbanına çevirmək istəyirlər. Sizin uğurlu xarici siyasətinizin nəticəsidir ki, qardaş Türkiyə, Pakistan, Ukrayna, İsrail və digər nüfuzlu dövlətlər Azərbaycanın haqq işini dəstəklədiklərini bildirmişlər. Bu gün bizim hər birimiz Vətən qarşısında müsəlləh əsgərik. Sizin komandanlığınız və Ulu Tanrının köməyi ilə biz tezliklə Qarabağa zəfər bayrağımızı sancacağıq”.

Azərbaycan Dövlət Aqrar Universitetinin fizika və riyaziyyat kafedrasının kollektivi adından Qalib Ağayev yazır: “Cənab Ali Baş Komandan.

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün Sizin göstərdiyiniz istiqamətlər və verdiyiniz əmrlər əsasında ordumuz böyük nailiyyətlər əldə edir. İnanırıq ki, Sizin fədakar və inamlı siyasi fəaliyyətiniz əsasında qısa müddətdə işğal olunmuş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır. Biz hər zaman Sizinləyik”.

Bakı şəhərindən Aysel Həsənova: “Hörmətli cənab Prezident. Bir Azərbaycan vətəndaşı və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olaraq, Sizin siyasətinizi, ölkəmizin gələcəyi və vətəndaşlarımızın rifahı üçün qəbul etdiyiniz qərarları tam dəstəkləyirəm və bizə yaşadığımız bu tarixi, qürurverici günlər üçün dərin minnətdarlığımı bildirirəm. Mən əminəm ki, Siz beynəlxalq arenadan gələn təzyiqlərin, zənglərin, siyasi oyunların qarşısında sonunadək dayanacaqsınız və Azərbaycanın işğal olunmuş ərazilərində üçrəngli bayrağımızın dalğalanmasını və qələbə sevincini bizə yaşadacaqsınız. Bu şərəfli günləri, qələbə xəbərlərini bütün xalqım kimi gözləyirəm. Vətənimiz uğrunda gedən müharibədə bir vətəndaş və dövlət qulluqçusu olaraq yanınızdayam və əlimdən gələni etməyə hazıram. Hər bir Azərbaycan övladı kimi, mən də ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə, tarixi torpağımız olan Dağlıq Qarabağ üçün canımdan keçməyə hazıram. Hamımız Sizin haqq mübarizənizdə arxanızdayıq və sona qədər də olacağıq. İnşallah, qələbə xəbərlərini alacağıq. Dualarımız Sizinlə və əsgərlərimizlədir”.

Şəki şəhərindən Svetlana İsmayılova və Qəlbinur Məmmədli yazırlar: “Cənab Ali Baş Komandan. Axır ki, çoxdan gözlədiyimiz bir zamana gəlib çatdıq. İşğalçı Ermənistanın qaça-qaça cənnəti-məkan Azərbaycanımızdan çıxması fəxarət hissi verir. Qoy bütün dünya bir daha bilsin ki, Ermənistan işğalçı biz isə Vətən torpağını qoruyan mərd bir dövlətik. Bu mərd dövlətin ərən oğulları var. Onların da başında cəsur Ali Baş Komandanı var. Biz bununla fəxr edirik. Əzəmətli bayrağımızın tezliklə Dağlıq Qarabağda dalğalanacağına inanırıq. Qarabağ Azərbaycandır!”.

Bakının Nəsimi rayonundan Flora Vəliyeva: “Hörmətli cənab Prezident. Mən həm qarabağlı, həm də şəhid ailəsiyəm. Mənim həyat yoldaşım Vəliyev Əyyub Əli oğlu 1993-cü ildə şəhid olub. Biz hamımız bir nəfər kimi torpaqlarımız uğrunda şəhid olmağa hazırıq. Mən inaniram ki, Sizin rəhbərliyinizlə şanlı və qüdrətli ordumuz 30 illik həsrətə son qoyacaq. Biz məcburi köçkünlər öz ata-baba yurdumuza geri qayıdacağıq. Azərbaycanın üçrəngli şanlı bayrağını igid əsgərlərimiz Qarabağ torpağında dalğalandıracaqlar. Ali Baş Komandan kimi biz Sizə inanırıq və Sizin siyasətinizi dəstəkləyirik. Bu haqq yolunda Sizə və ön cəbhədə olan əsgərlərimizə Uca Tanrıdan güc-qüvvət arzulayırıq. Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan!”.

Hacıqabul rayonundan Mirəhəd İsmayılovun məktubunda deyilir: “Hörmətli cənab Prezident. Torpaqlarımızın azadlığı uğrunda atdığınız qətiyyətli addımlar hər bir vətəndaş kimi, məni də çox qürurlandırır. Sizin əmrinizlə aparılan əks-hücum əməliyyatının uğurlu nəticələri bizi hədsiz dərəcədə sevindirir. Azərbaycan xoşbəxt ölkədir ki, qüdrətli ordusu və onun başında duran uzaqgörən Ali Baş Komandanı var. Bu günlərdə yaşadığımız qüruru və sevinci sözlə ifadə edə bilmirəm. Xalqımıza yaşatdığınız parlaq qələbə sevinci üçün Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan xalqı daim Sizin yanınızdadır və Sizə dəstəkdir. Allah Azərbaycan Ordusuna yeni parlaq qələbələr qazanmağı qismət etsin. Qürur hissi ilə Allahdan Sizə və xalqımıza yardımçı olmasını diləyirəm. İnanırıq ki, Sizin və qüdrətli Azərbaycan Ordusunun sayəsində torpaqlarımızın işğaldan azad olunması xəbərini tezliklə alacağıq. Allah bu şərəfli yolda Sizə və xalqımıza yar olsun. Cənab Ali Baş Komandan, bizə bu xoş günləri yaşatdığınıza görə Sizə Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin mühəndis heyəti adından təşəkkür edirəm. Sizin hər bir əmrinizi layiqincə yerinə yetirməyə, Böyük Qələbəyə nail olunması naminə dövlətimizə və ordumuza hər cür dəstək verməyə hər an hazırıq”.

Qəbələ rayonunun Soltannuxa kəndindən Qurbanəli Daşdəmirov: “Hörmətli cənab Prezident. Qəbələ Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi adından Sizə torpaqlarımızın erməni işğalından azad edilməsi yolunda tutduğunuz qətiyyətli mövqeyə görə dərin minnətdarlığımı bildirirəm. İstəyirəm biləsiniz ki, daim Sizin arxanızdayıq. Gün o gün olsun ki, işğal olunmuş bütün torpaqlarımız Sizin rəhbərliyinizlə geri qaytarılsın. Allah Sizi və ordumuzu qorusun”.

Xaçmaz rayonunun Arzu kəndindən Pünhan İsmayılov yazır: “Möhtərəm cənab Prezident. Sizin komandanlığınızla Azərbaycan Ordusu çox güclü, qüdrətli və yenilməz orduya çevrilmişdir. Budur haqqın, ədalətin və qələbələrimizin təntənəsi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başladığınız bu məsuliyyətli və şərəfli mübarizədə Mərhəmətli və Rəhimli Allah Sizə yardımçı olsun. Müdrik rəhbərliyinizlə düşmənlə amansız döyüşlərdə zəfər sona kimi bizimlədir, çünki Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Çox yüksək amal uğrunda döyüş bölgələrində əldə edilmiş nailiyyətlərə görə şəxsən Sizi təbrik edir və Sizə səmimi təşəkkürümü bildirirəm. Əgər lazım gələrsə, döyüş əməliyyatlarında iştirak etməyə hər an hazıram. Amansız düşmənə qarşı Uca Tanrı Sizi və bütün Azərbaycan xalqını qorusun”.

Gəncə şəhərindən məktəbli Rəşidə Hüseynovanın müraciətində deyilir: “Çox hörmətli cənab Prezident. Mənim 14 yaşım var. Təəssüf ki, orduda xidmət edə bilmirəm. İşğala məruz qalan bölgələrimizdə məktəblərin dağıdıldığını görəndə çox sarsıldım. Mənim həyəcanlandığımı görən nənəm mənə təsəlli verərək dedi: Qızım, narahat olma, Allah qoysa, möhtərəm Prezidentimiz daha yaxşı məktəblər tikəcək. Nənəmin dualarına qoşularaq mən də Sizə cansağlığı arzulayıram. Qarabağ Azərbaycanındır”.

Cəlilabad rayonunun Sərhədabad kəndindən İlham Əmirov: “Möhtərəm cənab Prezident. Siz həmişə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış, ermənilərin işğal etdiyi torpaqlarımızın geri qaytarılması üçün bütün imkanlardan maksimum istifadə etmisiniz. Danışıqların heç bir fayda vermədiyi indiki şəraitdə erməni işğalçılarının hədəfini və niyyətlərini dünya ictimaiyyətinə çatdırmısınız. Güclü nizamlı ordumuz Sizin kimi uzaqgörən rəhbərin liderliyi ilə ermənilərin mənfur niyyətlərini puça çıxardı. Xalq ordu və Ali Baş Komandanımızın ətrafında sıx birləşərək torpaqlarımızın azad olunması uğrunda mübarizəyə başladı. Artıq düşmən qəhrəman əsgər və zabitlərimiz tərəfindən layiqli cavabını alır. Vətənimizin hər qarış torpağı uğrunda gedən şiddətli döyüşlərdə qazandığımız qələbələr tezliklə Dağlıq Qarabağın və ətraf rayonların yenidən özümüzə qaytarılacağı ümidini qat-qat artırmışdır. Allah Sizi, xalqımızı və ordumuzu qorusun”.

Tərtərin Qaradağlı kəndindən Leyla Abdullazadə yazır: “Möhtərəm cənab Prezident. Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını düşmənlə döyüşlərdə qazandığımız qələbə münasibətilə təbrik edirik. Tezliklə tam qələbə sevincini yaşamağı, öz dədə-baba torpaqlarımıza qayıtmağı Uca Tanrıdan diləyirik. 30 ildir ki gözlədiyimiz günü bizə yaşatdığınız üçün Sizə - Ali Baş Komandana minnətdarıq. Düşmənin yaşayış məntəqələrimizi atəşə tutması bizi əsla qorxutmur. Torpaqlarımızı geri alandan sonra əvvəlkindən də yaxşı ev-eşik quracağıq. Bu gün bütün Azərbaycan xalqının bir arzusu var - əzəli, əbədi Qarabağımızı düşmən işğalından azad edək, çoxdan bəri həsrət qaldığımız doğma torpaqlarımıza qovuşaq, üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalansın. İnanırıq ki, tezliklə Sizin rəhbərliyinizlə qələbə qazanacaq, Qarabağ torpaqlarımızda möhtəşəm qələbəni qeyd edəcəyik. Tərtərlilər həmişə Sizinlədirlər”.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon filialının sədri Orxan Əliyev qürur hislərini bu sözlərlə ifadə edir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan. Hazırda ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız uğrunda döyüşlər gedir. Cəbhədə qazandığımız nailiyyətlər bizi - Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrini qürurlandırır. Biz əminik ki, Ordumuz tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəkdir. Allah Siz başda olmaqla xalqımızı və Ordumuzu qorusun. Biz – “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi hər zaman Sizin yanınızdayıq, bütün qərarlarınızı dəstəkləyirik”.

Türkiyənin Mersin şəhərindən Muhammet Ali Aktaş: “Hörmətli cənab Prezident. Türkiyədə yaşayan qardaşınız olaraq bu həyəcanlı günlərdə Azərbaycan xalqının yanındayam. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın azad olunması, azərbaycanlıların evlərinə qayıtması Sizin uğurlu siyasətinizin və əsgərlərinizin hünəridir. Zəfər çalacağınıza əminəm və bu yolda bütün qərarlarınızı dəstəkləyirəm. Məni də əmrinizə hazır olan əsgəriniz hesab edə bilərsiniz. Bir daha Azərbaycan xalqına ehtiramımı bildirir, uğurlarınızın davamlı olmasını arzulayıram”.

Türkiyə Respublikasının Ərzurum şəhərindən Aydın Polat yazır: “Hörmətli cənab Prezident. Mən “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş”nin Azərbaycan Respublikasındakı filialının müdiri olaraq bu məktubu yazmaqla Sizə dərin hörmətimi və dəstəyimi bildirmək istəyirəm. Biz Türkiyə şirkəti olaraq artıq 13 ildir Azərbaycan Respublikasında yol tikintisi və yenidən qurulması layihələrini həyata keçiririk. Biz bu müddət ərzində heç bir zaman özümüzü xarici ölkədə hiss etməmişik və hər zaman doğma ölkəmizdəki kimi münasibət görmüşük. Azərbaycan və Türkiyə hər zaman bir bədəndə iki can olmuş və hər mövqedə bir-birinə dəstək nümayiş etdirmişdir. Bu günlərdə can Azərbaycan öz haqqı olan torpaqlarını erməni işğalından təmizləmək və ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır. Mən öz şəxsimdə və eyni zamanda, rəhbəri olduğum şirkətin imkanları üzrə hər zaman Azərbaycan dövlətinin yanında olduğumuzu bildirmişik. Allah bu yolda bizə, əsgərlərimizə dözüm və güc versin. Tezliklə Qələbə xəbərini şəxsən Sizdən almağın intizarındayıq. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, yaşasın bütöv Azərbaycan. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov : “Hörmətli cənab Prezident. Qardaş Azərbaycana edilən hücumlara görə dərin kədərimi bildirirəm və ümid edirəm ki, problem ən qısa müddətdə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Azərbaycanın tanınmış sənət və mədəniyyət adamlarının bu çətin dövrlərdə dövlətlərinə, Vətənlərinə sonsuz məhəbbət göstərdiyini, ölkələrinin, gələcək nəsillərin qayğısına qalmaqla xalqa dəstək olduğunu səmimi hisslərlə izləyirəm. İllərlə çalışdığım və bir çoxu ilə dost olduğum bu ziyalıların göstərdiyi həssaslığa, söylədikləri fikirlərə ürəkdən həmrəyəm. Bir mədəniyyət xadimi kimi, mən də Azərbaycan xalqının dərdini və kədərini dərindən hiss edir, qədim Azərbaycan ölkəsinin ən qısa zamanda sülh, əmin-amanlıq və firavanlığa qovuşmasını arzulayıram.

Tarixi ədalət və qanun Azərbaycan tərəfindədir. Rəhbərliyinizlə Azərbaycan xalqı hər bir azərbaycanlı üçün müqəddəs olan bu tarixi torpaqda bu çətinlikləri və sənəti dəf edəcəkdir. Bütün Türk Dünyası ilə birlikdə mədəniyyətin və insanlığın yenidən dirçəldiyini nümayiş etdirəcəyik.

Qarşıdurmalarda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

Türkiyənin İstanbul şəhərindən Ufuk Haytaoğlu Ali Baş Komandana və Ordumuzu dəstəyini belə ifadə edir: “Hörmətli cənab Prezident. Sizə və xalqınıza Vətən uğrunda savaşınızda yeni uğurlar arzulayır, ilk qələbələrinizi təbrik edirəm. Mən azərbaycanlı xanımla ailə qurmuşam. Xoşbəxt bir evim, Sencer və Atabey adlı 2 oğlum var. Bir millətimiz, iki dövlətimiz var. Oğullarım və həyat yoldaşım hazırda Bakıda Sizə əmanətdir. Mən onlara görə bir saniyə belə narahatlıq keçirmirəm. Çünki Azərbaycanın əmin əllərdə olduğunu bilirəm. Onu da bilirəm ki, güclü Azərbaycan Ordusunun heç bir köməyə ehtiyacı yoxdur. Düşmənə qarşı gücünüz yetərlidir. Amma hər zaman Sizə və ölkənizə xidmət etməyə hazıram”.

İtaliyanın Neapol şəhərindən Neapol-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia: “Hörmətli cənab Prezident. Ölkəniz üçün ciddi, eyni zamanda, qürurlu məqamda “Neapol-Bakı” Assosiasiyasının Azərbaycanın və xalqınızın yanında olduğunu ifadə edirik. Münaqişənin tez bir zamanda həll olunması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq davasında İtaliyanın və neapolluların Sizi tam dəstəklədiyini bildiririk. Bir daha Neapol-Bakı Assosiasiyası və Azərbaycanın bütün italyan dostlarının lazım ola biləcək istənilən dəstəyə hazır olduqlarını bildirirəm. Azərbaycanın yanındayıq”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev