Fransaya təklif: Gəlin, muzdlularla bağlı məlumatları birgə yoxlayaq - MÜSAHİBƏ

  Fransaya təklif:  Gəlin, muzdlularla bağlı məlumatları birgə yoxlayaq -  MÜSAHİBƏ
  03 Oktyabr 2020    Oxunub:4382
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin RFI radiosuna müsahibə verib.
Azvision.az-ın məlumatına görə, Dağlıq Qarabağda döyüşlərin davam etdiyi bir vaxtda səfir müsahibəsində bildirib ki, yalnız erməni qoşunlarının separatçı anklavdan çıxarılması atəşkəsə imkan verəcəkdir.

- Döyüşlər Dağlıq Qarabağda böyük bir gərginliklə davam edir. Çoxları münaqişənin bütün bölgəni əhatə edəcəyindən qorxur. 1 oktyabr cümə axşamı, Minsk qrupu ölkələrinin (Rusiya, Fransa, ABŞ) liderləri iki tərəfi də - Ermənistan və Azərbaycanı dərhal atəşkəsi bərpa etməyə çağırdılar. BMT-nin Baş katibi Antonio Quterreş cümə günü yenidən iki ölkəni hərbi əməliyyatları dərhal dayandırmağa səslədi. İrəvan, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında atəşkəsin yenidən qurulmasının mümkünlüyünə dair öhdəlik götürdüyünə eyham vurdu. Azərbaycan da öz növbəsində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Fransa vasitəçiliyini təklif edib.

- Bazar günündən bəri Dağlıq Qarabağdakı toqquşmalar daha da şiddətlənib. Minsk qrupunun atəşkəsin dərhal bərpa olunması çağırışına Azərbaycanın cavabı nədir?


- Bu əsl müharibədir. İyul ayından etibarən Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində və eyni zamanda bütün dövlət sərhədi boyunca davamlı təxribatlar törədir. İyul ayından bəri beynəlxalq ictimaiyyət hadisələrə heç bir reaksiya vermir. Beləliklə, Ermənistan bu barədə özünü sərbəst hiss edib.

Bu gün, 1993-cü ildən bəri işğal altında olan Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonda döyüşlər gedir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsi möcuddur. Fransa, Təhlükəsizlik Şurasının və ATƏT-in üzvü olaraq dörd dəfə bu qətnamələrin lehinə səs verib. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayondan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Beynəlxalq ictimaiyyətin və əlbəttə ki, Minsk qrupunun həmsədrləri olan üç ölkənin - ABŞ, Rusiya və Fransanın bu münaqişənin həllinə verdiyi töhfələri, çağırışları və xoş niyyətlərini yüksək qiymətləndiririk. Eyni zamanda, Azərbaycanın da mövqeyini başa düşmək lazımdır. Bu münaqişə 30 ildən çoxdur ki, davam edir və biz danışıqların heç bir müsbət nəticəsini görmürük.

- Yəni bu dondurulmuş münaqişədir. Bəs Azərbaycan atəşkəsin dərhal bərpa olunması üçün nə tələb edir?

- Əslində dondurulmuş münaqişə deyil. Çünki hər ay, hər həftə, hər gün Azərbaycan mülki vətəndaşları arasında itkilər olur. Dağılmış evlər və kəndlər var, həmçinin bu müharibədən əziyyət çəkən uşaqlar var. İşğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlı qaçqın və köçkünlər, 700 mindən çox azərbaycanlı var.

Buna görə danışıqlar masası ətrafında oturmaq, həll yollarını axtarmağa başlamaq üçün əvvəlcə Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarını tətbiq etmək lazımdır. İlk olaraq Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonu işğal edən silahlı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

- Münaqişə son dərəcə şiddətlidir. Cümə axşamı xüsusilə hava hücumları, raketlərlə zərbələr endirilib. Başqa yerlərdə olan fransız jurnalistlər, biri ağır olmaqla yaralanıb. Bu döyüşlərin intensivliyi barədə nə deyə bilərsiniz? Bu, 30 il əvvələ nisbətən daha çox itki verən çox müasir bir müharibədir?

- Mən sizinlə razıyam, bugünkü gündə həqiqətən bu müasir müharibədir. Münaqişənin hər iki tərəfi - Azərbaycan və Ermənistan ağır silahlardan istifadə edir: artilleriya qurğuları, təyyarələr və s. Ancaq müharibəni dayandıra bilərik, beynəlxalq hüququn müddəalarına etibar edə bilərik. Tələbimiz budur.

- Həmçinin, Suriyanın şimalından, Türkiyədən Azərbaycana muzdlu köməkçi qüvvələrin gətirilməsi barədə söhbətlər gəzir. Moskva bu məsələdən çox narahat olduğunu bildirir. Fransa isə köçürülmə barədə sübutlara sahib olduğunu iddi edir. Bəs Azərbaycan bu məsələyə necə cavab verir?

- İlk olaraq qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı bu ittiham və iddiaları qətiyyətlə rədd edirik. Unutmaq lazım deyil ki, bu müharibədir, və hər müharibənin öz qanun və qaydaları var. Döyüş meydanlarında hərbi döyüşlər gedir, eyni zamanda mediada da ideoloji və psixoloji cəhətdən informasiya müharibələri mövcuddur. Düşünürəm ki, Ermənistan ərazi və kəndləri itirdiyini bilir. Ermənistan çox ağır itkilərə məruz qalır. Burada söhbət döyüşlərdə ölən yüzlərlə, minlərlə əsgərdən gedir. Ermənistan bu gün bizi tənqid etməyə, ideoloji və informasiya resurslarından istifadə etməyə çalışır. Biz Fransaya, Fransa kəşfiyyat xidmətlərinə bizimlə əməkdaşlıq etməyi, muzdlularla bağlı izləri aşkar etmək üçün məlumatları Azərbaycanla birgə yoxlamağı təklif edirik. Təklifimiz açıqdır.

- Azərbaycan həmçinin Türkiyənin dəstəyindən də istifadə edir, Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə Azərbaycanı dəstəkləyir. Türkiyə və Rusiya olmadan münaqişənin həlli mümkündürmü?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn hüdudlarından kənara çıxan bir iş görmür. O, Azərbaycanın lehinə danışdı, bu, bizim üçün vacib mənəvi dəstəkdir. 2010-cu ildən bəri Türkiyə ilə strateji tərəfdaşlıq müqaviləmiz var. Bu müqavilənin 2-ci maddəsində deyilir ki, Azərbaycan xarici təcavüz obyektinə çevrilərsə, Türkiyə bizə dəstək olacaq. İndiyə qədər bu dəstəyə ehtiyacımız yox idi, çünki Azərbaycan Ordusu bacarıqlı və effektivdir.

- Azərbaycan Türkiyədən hərbi dəstək alırmı?

- Hazırda Rusiya, Belarusiya, İsrail və əlbəttə ki, Türkiyə ilə hərbi sahədə əməkdaşlıq edirik. Biz bunu gizlətmirik. Lakin bütün bunlar beynəlxalq hüquq çərçivəsində həyata keçirilir.

- Bəs gələcəkdə münaqişənin mümkün həll yolu nəzərdən keçirilmədən əvvəl atəşkəs mümkündürmü?

Dünyada sülhü təmin etməkdə Azərbaycan qədər maraqlı ölkə yoxdur. Biz dinc birgə yaşayışın tərəfdarıyıq. Azərbaycan bir çox dini və etnik azlığın yaşadığı dünyəvi, tolerant bir ölkədir. Təklif etdiyimiz tək şey beynəlxalq hüququn müddəalarının tətbiq olunmasıdır. Bu gün Fransa liderlərinə səslənirəm: bu müharibəni dayandıra bilərsiniz. Artıq dörd qətnamə qəbul etmisiniz (Təhlükəsizlik Şurasında), buna görə də Ermənistan liderlərini bu müharibəni dayandırmaq üçün yeganə həll yolunun həqiqətən beynəlxalq hüquqa hörmət etmək olduğunu başa düşmələri üçün çalışmalısınız. Başqa həll yolu yoxdur.

- "Le Monde" qəzetindən olan həmkarlarımız xəsarət alıblar. Onlar şəhərə dəymiş ziyanla bağlı reportaj hazırlamaq üçün Martunidə (Dağlıq Qarabağın cənub-şərqində) idilər. Və qəfildən onların olduqları ərazi atəşə tutuldu. Bu haqda hansı məlumatlara sahibsiniz?

- Təəssüf hissi ilə bu məsələ barəsində məlumatları dinlədim və oxudum. Çünki bizim üçün jurnalistlərin həyatı çox vacibdir. Əvvəla, jurnalistlərin səfəri ilə bağlı heç bir məlumatımız yox idi. Qaydalara və prosedurlara riayət etmək lazımdır. Belə ki, döyüşlərin getdiyi müharibə bölgəsinə səfər edirsinizsə, anlamalısınız ki, separatçı rejim jurnaslitlərin təhlükəsizliyinə zəmanət verə bilməz. Səfəri təşkil etməli olan Azərbaycanın müvafiq qurumlarına rəsmi olaraq zəng etmək lazımdır. Yalnız bu şəkildə jurnalistlərin həyatını və təhlükəsizliyini təmin edə biləcəyik.

Azvision.az


Teqlər:





Xəbər lenti