Pakistandakı hərbi attaşelərə erməni təxribatları barədə məlumat verildi

   Pakistandakı hərbi attaşelərə erməni təxribatları barədə məlumat verildi
  03 Oktyabr 2020    Oxunub:3998
Azərbaycanın Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov bu ölkədə akkreditə olunmuş hərbi attaşelər və xarici ölkələrin təhlükəsizlik xidmətlərinin əməkdaşları üçün brifinq keçirib.
Azvision.az xəbər verir ki, brifinqdə çıxış edən Mehman Novruzov sentyabrın 27-dən başlanan Ermənistanın növbəti təxribatlarına və hücumuna cavab olaraq, eləcə də Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirdiyini bildirib.



Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi haqqında məlumat verən hərbi attaşe Ordumuzun əks-hücum əməliyyatlarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində keçirildiyini qeyd edib. Ermənistanın başlatdığı təxribatların yerlərini göstərən xəritələr və Ordumuzun uğurlu hərbi əməliyyatlarının yer aldığı foto və videomateriallar əsasında keçirilən təqdimatda Azərbaycanın azad edilən kəndləri, yüksəkliklər, nəzarətə götürülən təminat yolu haqqında məlumat verən hərbi attaşe Ermənistanın münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədilə qoşunların Dağlıq Qarabağda yerləşən təmas xətti ilə yanaşı, Azərbaycanın digər sərhədyanı ərazilərini də atəşə tutduğunu bildirib. Ermənistanın iddia etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatında guya Türkiyə hərbçilərinin də iştirak etməsinin tamamilə yalan olduğunu bildirən M.Novruzov bütün bunların münaqişəyə digər ölkələrin və silahlı ünsürlərin cəlb olunması məqsədi daşıdığını vurğulayıb. Bunun əksinə olaraq, Ermənistanın Orta Şərq ölkələrindən muzdlu döyüşçü və terrorçuları Azərbaycanın işğal olunmuş ərazilərinə köçürərək, onlardan ölkəmizə qarşı hazırkı hərbi əməliyyatlarda da istifadə etdiyini diqqətə çatdırıb.



Mehman Novruzov Azərbaycan Ordusunun Ermənistanın yaşayış məntəqələrinə və mülki insanlarına qarşı qəti atəş açmamaq haqqında əmr aldığını, Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu əks hücum əməliyyatının yalnız hərbi texnika və obyektlərə hədəfləndiyini, bunun isə Ermənistanı təşvişə saldığını və işğalçı ölkənin dərhal Azərbaycan torpaqlarını azad etməsinin zəruriliyini vurğulayıb.



Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə brifinqdə çıxış edərək cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyətin birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın Ermənistanda hərbi hədəfinin olmadığını, işğalçı ölkənin hazırkı təxribatları ilə başlayan müharibənin ölkəmizin tarixi ərazilərində aparıldığını, Azərbaycanın əks-hücumunun torpaqlarımızı işğaldan azad etmək və Ermənistanın sülhə məcbur etmək məqsədi daşıdığını diqqətə çatdırıb.



Səfir Paşinyan hökumətinin müharibəyə gətirib çıxaran siyasəti, səsləndirdiyi bəyanatlar haqqında iştirakçılara xronoloji ardıcıllıqla məlumat verərək, Ermənistan əhalisinin diqqətini bu ölkədəki siyasi-iqtisadi tənəzzüldən yayındırmaq üçün hakimiyyətə gəldikdən bəri çıxış yolu kimi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini seçdiyini, vəziyyəti müharibəyədək gətirib çıxardığını vurğulayıb. Ə.Əlizadə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən, cəbhə bölgəsində mütəmadi olaraq daha çox mülki əhalini və obyektləri hədəfə alan təcavüzkar Ermənistanın hərəkətlərinin qəti şəkildə pislənməli olduğunu vurğulayıb, dünya ölkələrini prinsipial mövqe nümayiş etdirməyə çağırıb. Diplomat Azərbaycanı birmənalı olaraq dəstəklədikləri üçün Pakistan, Türkiyə və digər dost ölkələrə təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: Pakistan   Azərbaycan  





Xəbər lenti