Polkovnik: “Ağdərəyə gedən yol nəzarətə götürülüb”

  Polkovnik:  “Ağdərəyə gedən yol nəzarətə götürülüb”
  04 Oktyabr 2020    Oxunub:3934
“Madagiz çox əhəmiyyətli yaşayış məntəqəsidir. Orada olan müşahidə məntəqələri, ətraf ərazilərə nəzarət imkanı verən mühüm postların ordumuzun nəzarətinə keçməsi ilə geniş əraziləri müşahidə altında saxlaya biləcəyik”.
Bu barədə Azvision.az -a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Madagizin azad edilməsinin hərbi əməliyyatların bundan sonra daha da genişləndirilməsində böyük rolu olacaq:

“Azərbaycan ordusu hazırda əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Yüksək hazırlığı ilə seçilən ordumuz döyüş planı üzrə müəyyən istiqamətlərdə irəliləyir ki, bunlardan biri də Madagiz istiqaməti idi. Artıq Madagiz yaşayış məntəqəsi azad olundu. Burada düşmənin idarəetmə məntəqələri və şəxsi heyətin toplanış yeri mövcud idi. Bundan başqa düşmən ordusunun nəzarəti altından çıxarılan Madagizdə çoxlu sayda hərbi texnika da yerləşdirilmişdi. Bunlar hamısı Azərbaycan ordusunun sərrast artilleriya atəşi, pilotsuz uçuş aparatları ilə darmadağın olunub. Uğurlu atəş hücumlarının nəticəsində şəxsi heyətin irəliləməsinə imkan yaradıldı və hazırda Madagiz kimi mühüm bir ərazinin bizim nəzarətimizdə olması böyük uğurdur”.

Madagizin strateji baxımdan əlverişli olduğunu deyən Şair Ramaldanov oradakı müşahidə məntəqələri, ətraf ərazilərə nəzarət imkanı verən mühüm postların ordumuzun əlinə keçməsini hərbçilərimizin döyüş hazırlığının hansı səviyyədə olmasından xəbər verdiyini söyləyib: “İndi daha geniş əraziləri müşahidə altında saxlaya biləcəyik. Ətraf ərazilərdən, Kəlbəcər istiqamətindən gələn Ağdərə yolu nəzarət altındadır. Artıq Ağdərəyə demək olar ki, heç bir nəqliyyat vasitəsi gedə bilməyəcək. Digər tərəfdən Sərsəng su anbarı demək olar ki, nəzarət altına alınıb. Yəni həm yollarla bağlı şəbəkələr nəzarət altına düşüb, həm də ki, ən əsası Ağdərəyə gedən yol nəzarətə götürülüb. Bu isə Azərbaycan ordusuna bundan sonra əks-hücum əməliyyatlarını daha da genişləndirmək imkanı yaradır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: DağlıqQarabağ   Ağdərə   Madagiz   AzərbaycanOrdusu  





Xəbər lenti