XİN rəhbəri amerikalı həmsədrlə telefonla danışdı

   XİN rəhbəri amerikalı həmsədrlə telefonla danışdı
  05 Oktyabr 2020    Oxunub:2261
Azərbaycan Respublikası Xarici İşlər nazirinin təşəbbüsü ilə naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer arasında telefon danışığı baş tutub.
Azvision.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov, Amerikalı həmsədrə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin raket atəşinə tutulmasının mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Endryu Şoferə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. Vurğulanıb ki, Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür. Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasını açıq şəkildə nümayiş etdirdiyini qeyd edib.

Bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edən Endryu Şofer, atəşkəsə riayət edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasnını bölgədə sülhün təmin olunması baxımından zəruri olduğunu bildirib.

Azvision.az



Teqlər: XİN   CeyhunBayramov   EndryuŞofer  





Xəbər lenti