Ermənistanın hərbi təcavüzü Meksika mediasında

Ermənistanın hərbi təcavüzü Meksika mediasında
  05 Oktyabr 2020    Oxunub:1761
Meksikanın çoxmilyonlu izləyici kütləsinə malik “Canal Once” dövlət telekanalında və nüfuzlu “ABC” radiosunda səfir Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz aktı ilə bağlı xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçi Federiko Lamonta verdiyi müsahibələr efirə gedib.
Azərbaycanın Meksikadakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, müsahibələrdə ilk olaraq, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan M.Talıbov, 30 ilə yaxındır Dağlıq Qarabağ ərazisi və 7 ətraf rayonu işğal altında saxlayan, bu ərazilərdə etnik təmizləmə apararaq orada yaşayan 1 milyona yaxın insanı öz doğma torpaqlarından qovmuş Ermənistanın növbəti dəfə Azərbaycana qarşı hərbi təcavüzə əl atdığını, bu xüsusda 27 sentyabr tarixindən başlayaraq atəşkəs rejimini kobud şəkildə pozaraq iri ölçülü artilleriya qurğularından bütün təmas xətti boyu ordumuzun mövqelərini atəşə tutduğu, habelə beynəlxalq hüquq və beynəlxalq humanitar hüququ kəskin şəkildə pozaraq dinc əhalini və mülkü infrastrukturu hədəfə aldığını, nəticədə əhali arasında iki nəfər azyaşlı uşaq da daxil olmaqla onlarla ölü və yaralıların olduğu bildirib.

Azərbaycanın BMT Nizamnaməsi çərçivəsində öz ərazilərini azad etmək və əhalisinin təhlükəsizliyini təmin etmək hüququ olduğunu deyən M.Talıbov, hazırda silahlı qüvvələrimizin bu məqsədlə əks hücum əməliyyatları həyata keçirdiyini qeyd edib.

Şərhçinin suallarına cavab olaraq, BMT Təhlükəsizlik Şurasının 26 ildən sonra ilk dəfə bu münaqişəni müzakirə etmək üçün bağlı qapılar arxasında toplantı keçirdiyini deyən səfir, qurumun münaqişə ilə bağlı 1993-cü ildə qəbul edilmiş dörd məlum qətnaməsini qeyd edərək, bu sənədlərin Ermənistanın işğalçı qüvvələrinin bütün Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və məcburi köçkünlərin öz evlərinə qaytarılmasını tələb etdiyini və hazırda Şuranın bu qətnamələrin tətbiq edilməsi üçün tədbirlər görməli olduğunu söyləyib.

Sonra M.Talıbov Ermənistanın hərbi-siyasi rəhbərliyinin son 2 il ərzində aqqresivliyinin daha da artdığını, bu ölkənin Baş nazirinin anneksionist çıxışları və “yeni müharibələr, yeni ərazilər” siyasəti, Ermənistanın iyul ayında Tovuz rayonu istiqamətindəki hərbi təxribatı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti, Baş nazirin öz ailə üzvlərini işğal olunmuş ərazilərdə hərbi təlimlərə göndərərək bunu ictimailəşdirməsi ilə, habelə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların format və mahiyyətini dəyişməyə cəhd etməklə onu iflic vəziyyətə saldığını bildirib. Bütün qeyd olunanların Ermənistanın yeni müharibəyə kökləndiyinin sübutu olduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzə hazırlaşdığına dair dünya ictimaiyyətini öncədən xəbərdarlıq etdiyini deyib.

Sonda M.Talıbov beynəlxalq ictimaiyyətin Ermənistandan təcavüzkar siyasətinə son qoymağı, Azərbaycan ərazilərini azad etməyi və regionda sülh və təhlükəsizliyin bərqərar olmasına mane olmaqdan əl çəkməyi tələb etməsinin vaxtı çatdığını vurğulayıb.

Azvision.az


Teqlər: Meksika  





Xəbər lenti