“Qələbəni küçələrdə deyil, hələlik evdə qeyd edək”

 “Qələbəni küçələrdə deyil, hələlik evdə qeyd edək”
  05 Oktyabr 2020    Oxunub:2279
Son günlər Azərbaycan Ordusunun bəzi ərazilərimizi işğaldan azad etməsi və Qarabağdan gələn zəfər xəbərləri xalqımız tərəfindən böyük sevinclə qarşılanıb. Ali Baş Komandanın rəhbərliyi ilə əldə etdiyimiz qələbələrimiz Azərbaycan xalqına bayram ab-havası bəxş edib. İnsanlar sevinclərini ifadə etmək üçün əllərində bayraqlarla küçələrə çıxıb, ordumuza dəstək nümayiş etdiriblər.
Hazırda ölkədə komendant saatının tətbiq olunduğunu nəzərə alsaq, axşam saatlarında insanların küçələrə çıxması arzuolunmaz hesab edilir. Doğrudur, həsrətlə gözlədiyimiz şad xəbərlərə sevinməmək mümkün deyil. Amma Qarabağda gərgin döyüşlərin getdiyi məqamda hərbi vəziyyətlə bağlı qaydaların pozulmaması vətəndaşların təhlükəsizliyi üçün vacibdir.

Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Azvision.az -a verdiyi açıqlamada insanların qələbə sevinclərini evlərində qeyd etmələrini məqsədəuyğun sayıb. Onun sözlərinə görə, hazırda müharibə davam etdiyi üçün vətəndaşlarımız ehtiyatlı olmalıdır:

“Döyüşlər düşməndən fərqli olaraq bizə görə Vətən müharibəsi xarakteri daşıyır. Bu mənada insanların emosiyalara qapılaraq zəfərləri geniş şəkildə meydanlarda qeyd etmələri başa düşüləndir. Amma bəzi detallar var ki, onlar çox həssas məqamlardır. Ümumiyyətlə, Ermənistanın son zamanlar aqressivləşməsi, yaşayış məntəqələrimizə ardı-arası kəsilməyən artilleriya atəşləri, raket zərbələri endirməsi ciddi dağıntılara səbəb olur. Hətta bu cür müharibə cinayətlərinin miqyası və coğrafiyası hər ötən gün genişlənir. Artıq ermənilər birbaşa cəbhə bölgəsinə yaxın olan rayonlarımızı, yaşayış məntəqələrimizi deyil, cəbhədən xeyli uzaqda olan Gəncəni, Mingəçeviri, hətta Xızını belə raket zərbələri ilə vururlar. Görünən budur ki, düşmən məğlubiyyətlərlə barışmayaraq, bu müharibənin miqyasını, coğrafiyasını genişləndirməyə çalışır. Belə bir zamanda Azərbaycanın rəşadətli ordusu lazımi tədbirləri görəcək. Buna qətiyyən şübhə etmirəm”.



Deputat qeyd edib ki, yalnız hərbçilərimizin uğurları deyil, ölkə başçısının da qətiyyəti insanlarımızı ruhlandırır, sevincə qərq edir.

"Ali Baş Komandan torpaqlarımızın azad olunmasının vacibliyini və bu baxımdan dövlətin qətiyyətli mövqeyini tez-tez nümayiş etdirir. Bax belə bir zamanda vətəndaşlarımızın sevinc hisslərini küçələrdə, meydanlarda deyil, evlərində oturaraq ailələri ilə bərabər yaşamaları daha məqsədəuyğundur. Qadağan edilmiş saatlarda küçələrə çıxmaq, komendant saatlarında qaydaları pozmaq yolverilməzdir. Düşünürəm ki, belə addımlar artdıqca, hərbi vəziyyətin qaydalarına uyğun olaraq həmin vətəndaşlarımız cəzalana bilərlər. Biz sevincimizi qanuni cəzalarla əvəz etməli deyilik”.

Bundan əlavə, deputat deyib ki, insanlar gələn xəbərlərə səbr və təmkinlə davranmalı, sevinc hisslərini, qələbələrdən doğan xoş duyğuları komendant saatı dövründə deyil, evlərində keçirməlidir: “Eyni zamanda adi günlərdə də meydanlara toplaşmalı deyil, sakit şəkildə qələbələrimizi ifadə edərək sevinc duyğularımızı avtomobillərimizə, eyvanlarımıza Azərbaycan və Türkiyə bayraqlarını asmaqla nümayiş etdirə, ordumuza dəstəyi göstərə bilərik. Bu, həm də Ali Baş Komandanla həmrəy olduğumuzun əsas göstəricisidir. Biz öz sevincli anlarımızı evlərdən asılan bayraq aksiyaları ilə nümayiş etdirə bilərik. Ancaq heç bir halda qələbə sevinclərimiz aksiya, küçə toplantıları ilə qeyd edilməməlidir. Biz hələ ki, müharibənin içindəyik, ağır döyüşlər bitməyib. Komendant saatı dövründə qaydalara riayət olunmalıdır. Hər birimiz qaydalara hörmətlə yanaşmaqla daha çox uğurlar qazana bilərik. Yaxın günlərdə tam şəkildə yağı düşməni əzəcəyik, Prezidentin də dediyi kimi onları iti qovan kimi öz torpaqlarımızdan qovacağıq.

O zaman artıq istənilən qədər küçələrdə, meydanlarda böyük təntənə ilə qələbə sevinci yaşaya biləcəyik. Ona görə də dəyərli vətəndaşlarımızdan, böyük vətənpərvərlik hissi ilə aşıb-coşan gənclərimizdən xahişim odur ki, hərbi vəziyyətin, komendant saatının qaydalarına əməl etsinlər. Bir daha deyirəm ki, heç kim istəməz ki, sevincli günlərimizi qaydaları pozduğumuz üçün cərimə ilə, xoşagəlməz vəziyyətlə əvəz edək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ   Komendantsaatı  





Xəbər lenti