Ermənilər Gəncə və Beyləqana yenə raket atdı - Yaralılar var

 Ermənilər Gəncə və Beyləqana yenə raket atdı -  Yaralılar var
  05 Oktyabr 2020    Oxunub:3493
Xəbər verildiyi kimi, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən Ermənistanın silahlı qüvvələri Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Azvision.az



Teqlər: Gəncə   Beyləqan  





Xəbər lenti