"Ermənistan rəhbərliyi mütləq mühakimə olunacaq" - Hulusi Akar

 "Ermənistan rəhbərliyi mütləq mühakimə olunacaq" -  Hulusi Akar
  05 Oktyabr 2020    Oxunub:2687
Ermənistan günahsız mülki şəxslərin yaşadığı bölgələri hədəfə alır.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akar işğal olunmuş əraziləri azad etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əməliyyata da toxunub və haqlı işdə Azərbaycanın yanında olduqlarını bildirib.

"Biz sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq, onlarla birlikdə olmağa davam edəcəyik. Terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan cəbhədəki qəhrəman Azərbaycan Ordusu qarşısında çox məyus duruma düşərək əvvəlcə yalanlarla qara piara əl atdı. Çox qısa müddətdə hamısının yalan olduğu üzə çıxdı. Ermənistan mülki insanları hədəf aldı və bu şəkildə özlərini müdafiə etdi və mülki yaşayış yerlərində bir çox günahsız insanın ölümünə səbəb oldu.

Uşaq, qadın, qoca demədən açıq şəkildə günahsız mülki insanları hədəf alan Ermənistan rəhbərliyi önümüzdəki dövrdə mütləq insanlıq qarşısında mühakimə olunacaq, xüsusən də öz insanları tərəfindən. Heç kim buna şübhə etməməlidir”.

Nazir əlavə edib ki, Ermənistan daha çox insanlığa qarşı cinayətlər törətmədən dərhal işğal etdiyi əraziləri boşaltmalı, terror təşkilatları ilə əməkdaşlığı dayandırmalı və bölgəyə gətirdiyi muzdluları, terrorçuları ən qısa müddətdə kənarlaşdırmalıdır. Bundan əlavə, 30 ildir işğala səssiz qalanlar Ermənistanın bu üzünü görməli və işğal altındakı torpaqları həqiqi sahiblərinə vermək üçün səy göstərməlidirlər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AzərbaycanOrdusu  





Xəbər lenti