“Düşmənin hava hücumundan müdafiə sistemi pis vəziyyətdədir” - Hərbi ekspert

“Düşmənin hava hücumundan müdafiə sistemi pis vəziyyətdədir” -  Hərbi ekspert
  06 Oktyabr 2020    Oxunub:3670
Azərbaycanın hava hücumundan müdafiə sistemi Ermənistanın hava hücumundan müdafiəsi ilə müqayisədə daha müasir texniki vasitələrə və zenit-raket kompleksinə malikdir.

Bunu Azvision.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. Onun sözlərinə görə, Azərbaycan hava hücumundan müdafiə vasitələrinin modernizasiyası son 15 ildə həyata keçirilib:
"Ermənistanda hava hücumundan müdafiə sistemləri keçmiş sovet istehsalı olan köhnəlmiş "OSA", “Kruq”, “Kub” "S-125M", "S-300" zenit-raket kompleksləridir. Həmçinin, radiolokasiya sistemləri hamısı keçmiş sovet istehsalı olanlardır. Azərbaycan pilotsuz uçuş aparatlarının ötən dövrdə göstərdiyi performans onu deməyə əsas verir ki, Qarabağın hava səmasında düşmənin hava hücumundan müdafiə sistemi ya tamamilə məhv edilib, ya da pis vəziyyətdədir. Azərbaycan hava hücumundan müdafiə sistemləri ən aşağı səviyyədən ən yuxarıya doğru eşalonlaşdırılmış müdafiə sistemlərinə malikdir. Bu sistemdə nəinki Rusiya və keçmiş sovet istehsalı olan texnikalar, eləcə də İsraildən və digər Avropa ölkələrindən alınmış zenit-raket kompleksləri, radiolokasiya stansiyaları və s. yer alır. Azərbaycan son 15 ildə hava hücumundan müdafiə sistemini yeni avadanlqlar hesabına gücləndirib. Hazırda Azərbaycan postsovet məkanında birinci ölkədir ki, hava hücumundan müdafiə sistemini qərb və müasir texnologiyalar hesabına yeniləyib".

Ekspertin sözlərinə görə, düşmən Ermənistan ərazisindəki buraxılış nöqtələrindən Azərbaycan ərazisinə “Toçka-U”, operativ-taktiki raket kompleksləri və 300 km məsafəyə malik “Skad-B” qısa mənzilli ballistik raketindən istifadə edib.

"Skad-B" digər adı “Elbrus” olan ballistik raket sovetlər birliyinin 50-60-cı illərində yaratdığı raketlərdəndir. Köhnəlmiş və kerosinlə işləyən raketdir. Onların hədəfi vurmaq dəqiqliyi çox azdır. Ermənistan bu raketləri 1995-1996-cı illərdə əldə edib. Məndə olan məlumata görə, 27 ədəd "Skad" raketi əldə olunub. İndi onun 5-6 sistemi mövcuddur. Yerdə qalanları baxımsızlıqdan sıradan çıxıb. Ermənistanın bütün addımları, Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı videolarda da var. Bunlar Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən nəzarətdədir. Bütün ölkə ərazisində olan həm uçuşlar, həm də raket buraxılışları izlənilir, onların koordinatları təyin edilir və əgər bu raket sistemləri bəlli bir hədəfə tuşlanıbsa, onlar məhv edilir. Bildiyimiz qədər bizim hava hücumundan müdafiə sistemimiz Mingəçevir istiqamətdə atılan raketlərdən bir neçəsini məhv edib".

R.Süleymanov onu da qeyd edib ki, siyasi və diplomatik tərəfinə baxsaq, düşmən raket buraxılışları həyata keçirməklə Azərbaycanı Ermənistan ərazisindəki hədəfləri vurmağa məcbur edir: "Daha sonra bunu əlində bayraq etməklə Azərbaycana qarşı beynəlxalq səviyyədə istifadə etmək niyyətindədir. Dağlıq Qarabağda bu sistemlərin yerləşdirilməsi və yaxud sistemlərin buraxılış nöqtəsində olması barədə bu günədək məlumat eşitməmişəm. Lakin, separatçı rejim Dağlıq Qarabağda əlində olan bir neçə kompleksi paradda göstərib. Onlarda Çin istehsalı olan 270 mm-lik “WM-80” reaktiv yaylım atəş sistemi (“Smerç”in Çin versiyası olan raketlər) var. Bu raket sistemlərinin məhv edilib-edilmədiyini dəqiq bilmirəm. Bütün hallarda görünən odur ki, Ermənistan ordusu həm “Smerç” yaylım atəş sistemlərini, həm də operativ-taktiki raket kompleklərini Ermənistan ərazisindən tətbiq etməyə başlayıb. "Skad-B" raketləri əsasən Gorus və Noyanberyan istiqamətində yerləşir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Rəşad   Ekspet   HHM  





Xəbər lenti