Xaricdə yaşayan azərbaycanlılar erməni təxribatlarını pislədi

Xaricdə yaşayan azərbaycanlılar erməni təxribatlarını pislədi
  06 Oktyabr 2020    Oxunub:2299
İordaniya Haşimilər Krallığı, Oman Sultanlığı və Əlcəzair Xalq Demokratik Respublikasındakı Azərbaycan diasporu bu ölkədə yaşayan azərbaycanlıların adından Ermənistanın təxribatlarını pisləyən bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, bəyanatda qeyd olunub ki, 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır: "Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları bir daha Ermənistanın işğalçı dövlət olması təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən işğalçı dövlətin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı əksinə yeni ərazi iddiasında olduğu da vurğulanır. Dünya ictimaiyyətini Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olan Ermənistanın bu işğalçı siyasətinə son qoymağa çağırırıq".

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikasında yaşayan azərbaycanlılar da Azərbaycan dövlətinin və Ordusunun yanında olduqlarını bəyan edərək yaşadıqları ölkələrin yerli ictimaiyyətini haqlı davasında Azərbaycanın mövqeyini dəstəkləməyə və işğalçı Ermənistanı təcavüzkarlıq siyasətini pisləməyə çağırıblar.

Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqaçı-alim Seymur Nəsirovun bu ölkənin aparıcı qəzetlərdən biri olan "Almasryalyoum" qəzetinin saytında Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistana qarşı apardığı haqlı mübaribənin səbəbləri haqqında yazısı dərc olunub.

Türkiyənin Bilkent Universitetinin Nanotexnologiya Araşdırmaları Mərkəzinin fəxri professoru Əmirullah Məmmədov facebook sosial şəbəkə hesabındakı paylaşımında Azərbaycana dəstəyini nümayiş etdirib: “Bu Azərbaycanın Vətən müharibəsidir. Mücadiləmizdə haqlıyıq və qalib gələcəyik”.

Latviya Seyminin üzvü, ölkənin ATƏT Parlament Assambleyasındakı nümayəndələrindən biri, deputat Romans Naudins facebook sosial şəbəkə hesabındakı paylaşımında ermənilərin Azərbaycanın işğal altında olan ərazilərindəki məscidlərimizi təhqir etmələrini əks etdirən şəkil paylaşıb: “Erməni “siyasətçiləri” Azərbaycanın hazırda mübarizə apardığı işğal altında olan torpaqlarındakı məscidlərinə belə münasibət göstərirlər. “Erməni siyastçiləri” ifadələsini xüsusi vurğulayıram, çünki çünki yalnız siyasətçilərin mövqeyi sayəsində mədəni və tarixi abidələrə bu cür münasibət göstərilə bilər...”.

Dünya Azərbaycanlıları Konqresi ATƏT, BMT, Avropa Şurası, Avropa Komissiyasına, Almaniya Kansleri və ABŞ prezidentinə müraciət ünvanlayıb.

Müraciətdə işğalçı Ermənistan ordusu tərəfindən 27 sentyabr 2020-ci il tarixindan başlayan genişmiqyaslı hərbi təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmayaraq son 8 gündə Azərbaycanın Dağlıq Qarabağ regionundan kənar ərazilərinin də atəşə tutulduğu qeyd edilib. Paytaxt Bakının yerləşdiyi Abşeronun, ikinci böyük şəhər olan Gəncənin, Mingəçevir şəhərinin və digər ərazilərin ağır artilleriya zərbələrinə məruz qaldığı, yaşayış məskənlərinin və dinc mülki əhalinin hədəfə alındığı bildirilib.

Sonda regionda sülh və sabitliyin bərpa edilməsi, hərbi əməliyyatları dayandırması və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması üçün Ermənistana təsir göstərilməsi tələb edilib.

Azvision.az



Teqlər: Diaspora   Ermənistan-Təxribatı  





Xəbər lenti