“Erməni yalanlarının kökündə cəbhədəki uğursuzluqları dayanır”

“Erməni yalanlarının kökündə cəbhədəki uğursuzluqları dayanır”
  06 Oktyabr 2020    Oxunub:2270
“Hazırda döyüşlər təkcə səngərlərdə getmir. Biz çox ciddi informasiya savaşını da müşahidə edirik. Hətta deyərdim ki, informasiya savaşı səngər savaşlarını belə üstələyib”.
Bu barədə Azvision.az -a “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib. Onun sözlərinə görə qarşı tərəfin informasiya savaşında fake xəbərlərə daha çox üstünlük verməsi normal hal kimi qəbul edilməlidir. Çünki müharibənin gedişində məğlub duruma düşən, ordumuz qarşısında tab gətirə bilməyən Ermənistan dezinformasiyalar yaymaqdan başqa yol tapa bilmir:

“Müəyyən qərarların qəbulunda, beynəlxalq aləmdə ictimai rəyin yaranmasında təbii ki, medianın, informasiya siyasətinin çox böyük rolu olur. Hazırda Ermənistanın kütləvi şəkildə dezinformasiyalar yaymasında və bu sahədə göstərdikləri fəallığın kökündə cəbhədəki uğursuzluqları dayanır. Bu hərbi uğursuzluqları ört-basdır etmək, parçalanmış Ermənistan cəmiyyətini vahid bir mövqeyə gətirmək, hətta onların Azərbaycanın işğal olunmuş ərazilərindən köçünün qarşısının alınmasını təmin etmək üçün müəyyən mənada daha çox dezinformasiyalardan istifadə etməyi qarşılarına məqsəd qoyublar”.

Akif Aşırlının sözlərinə görə dezinformasiyalar, fake xəbərlər həmişə olub və olacaq da. Amma indi müharibə şəraitində, uğursuzluqların fonunda erməni dezinformasiyasının özünü daha çox qabarıq şəkildə göstərməsi diqqət çəkir. Azərbaycan cəmiyyətinin dezolara inanmadığı isə göz önündədir: “İndi onların fake xəbərləri daha çox görünə bilər. Sadəcə olaraq bizim də əsas işimiz bundan ibarət olmalıdır ki, sosial media resurslarında daha fəal olaq. Yəni bu kimi fake xəbərlərə cavab vermək imkanlarımız olsun.

Əslində müşahidələrimə əsasslansam, deyə bilərəm ki, bizdə bu sahədə kifayət qədər fəallıq görünür. Əvvəlki illərdən fərqli olaraq həm sosial mediada çalışmaq imkanlarımız artıb, düşmənə layiqincə cavab vermək imkanlarımız genişlənib, həm də mediamızda peşəkarlıq artıb. Aktivliyimiz həm də onunla bağlıdır ki, Azərbaycan bu mübarizədə haqlı tərəfdir. Artıq cəmiyyətimiz qələbəyə, zəfərə köklənib. Bu baxımdan bizim cəmiyyətə ermənilərin dezinformasiyaları təsir etmir. Ölkəmizdə qarşı tərəfin yaydığı fake xəbərlərə inanan tək-tük adam tapa bilərsiniz. Ümumiyyətlə fake xəbərlərin ömrü uzun olmur. Bu mənada düşünürəm ki, Ermənistanın uğursuzluqlarının fonunda dezolarla öz cəmiyyətinin başını qatması çox çəkməyəcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Düşmən   İnformasiya  





Xəbər lenti