“İqtidarın Qarabağla bağlı addımlarını ciddi şəkildə dəstəkləyirik” - Natiq Cəfərli

“İqtidarın Qarabağla bağlı addımlarını ciddi şəkildə dəstəkləyirik” -  Natiq Cəfərli
  06 Oktyabr 2020    Oxunub:2714
“Azərbaycanın Ermənistanın təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirməsi hamımızın sevincinə səbəb olub. Çünki əzəli və tarixi torpaqlarımızın bir qisminin qısa müddət ərzində düşmən tapdağından azad olunması, ordumuzun şücaət göstərməsi uzun illərdir ki, bizim məğlubiyyət sindromumuzun sındırılmasına xidmət etdi”.
Bunu Azvision.az -a açıqlamasında REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib.O, müharibənin davam etdiyi müddətdə Azərbaycan ordusuna, hazırda orduya rəhbərlik edən Ali Baş Komandana hər vəchlə dəstək olacaqlarını deyib: “30 il idi ki, bu proses uzanırdı. İndi hərbi üstünlük deyil, həm də psixoloji üstünlük Azərbaycan tərəfinə keçdi. Düzgün seçilmiş zamanda, düzgün seçilmiş taktiki gedişlər və düzgün seçilmiş diplomatik addımlar ordunun cəbhədə rahat və şücaətlə vuruşmasına şərait yaradır. Bugünkü uğurlu əməliyyatlar üçün ciddi hazırlıqlar görülməli idi. Uzun illər Azərbaycanda bununla bağlı alt yapıda ciddi hazırlıqlar görüldü. Təqdir olunmalıdır ki, hakimiyyət ordunun maddi-texniki bazasını xeyli gücləndirdi. Bütün bunlar, böyük hərbi xərclər indi özünü tamamilə doğruldur”.

REAL funksioneri cəbhəyə, ordumuza, hazırda uğurlu hərbi əməliyyatların memarı olan Ali Baş Komandana dəstək üçün müxtəlif istiqamətlərdə işlər gördüklərini açıqlayıb: “Biz ictimai çıxışlarımızda da dəfələrlə qeyd edirdik ki, Azərbaycanın indiki hərbi üstünlüyünü diplomatik üstünlüyə çevirməyə və beynəlxalq səviyədə bu üstünlüyün tanınmasına, əzəli torpaqlarımızda bütün hüquq qaydalar çərçivəsinə uyğun olaraq əməliyyatlar aparılmasına başlamaq lazımdır. Bunu dünya ictimaiyyətinə açıq səslə bildirməliyik.

Bizim dəstək məqsədilə görə biləcəyimiz işlərə gəldikdə isə beynəlxalq əlaqələrimizdən, xarici mətbuata çıxış imkanlarımızdan istifadə edərək Azərbaycanın apardığı hərbi əməliyyatların beynəlxalq hüquq çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olduğunu bəyan edirik. Bu müharibənin günahının Ermənistan - işğalçı tərəfdə olduğunu göstəririk. Çox təəssüf ki, hələ də bəzi ölkələrdə və mediada belə bir təsəvvür var ki, sanki Azərbacan öz torpaqlarında deyil, Ermənistan ərazisində əməliyyatlar aparır. Hərbi üstünlüyü diplomatik üstünlüyə çevirmək üçün bu cür təbliğatlar çox vacib istiqamətdir. Bundan başqa orduya da dəstəyimizi əsirgəmirik. Əsgərlərimizə mənəvi dəstək üçün bir neçə aksiya keçirərək hərbçilərimizə müəyyən yardımların göndərilməsini təşkil etmişik. Düzdür, ordumuzun maddi-texniki təchizatı çox yüksək səviyyədədir. Bəlkə bizim yardımlara ehtiyac yoxdur. Amma bu bir mənəvi dəstəkdir. Ona görə də partiyalar arxa cəbhədə bu kimi müəyyən fəaliyyətlərdə olmalıdırlar”.

Natiq Cəfərli onu da deyib ki, hazırda Azərbaycanda Qarabağ kimi ümummilli məsələdə iqtidar-müxalifət ayırımı olmamalıdır: “Torpaqlarımızın işğaldan azad olunmasında hansı ayrı mövqe ola bilər axı? Ona görə də iqtidarın atdığı hazırkı addımlar bizim tərəfdən ciddi şəkildə dəstəklənir. Hakimiyyətin təkcə bəyanatları deyil, əməli işləri də tərəfimizdən dəstəklənir. Çünki artıq Qarabağ məsələsində əməli işlər görülür və torpaqların addım-addım düşməndən azad olunması ilə bağlı ciddi əməliyyatların şahidi oluruq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: REALPartiyası   DağlıqQarabağ   Natiq-Cəfərli  





Xəbər lenti