TƏBİB: Bakıda seroloji testlərin götürülməsi yekunlaşıb

  TƏBİB:  Bakıda seroloji testlərin götürülməsi yekunlaşıb
  07 Oktyabr 2020    Oxunub:2474
Bakı şəhəri üzrə əhalidən seroloji test nümunələrinin götürülməsi yekunlaşıb.
Bu barədə Azvision.az -a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

Onun sözlərinə görə, təsadüfi seçilmiş 1530 könüllü test edilib və onların qan zərdabında virus əleyhinə anticisimlərin yaranıb-yaranmadığı aşkar ediləcək.

“Bu həftə ərzində nümunələr təqdim olunacaq və yaxın 2 həftədə ilkin nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

Q.Ələkbərova qeyd edib ki, Gəncə və Sumqayıt şəhərləri üzrə təsadüfi seçilmiş insanlardan seroloji test nümunələrin götürülməsi davam edir.

“Ölkəmizdə olan hərbi vəziyyət və Gəncədə baş verənlərlə əlaqədar orada nümunələrin götürülməsi bir müddətlik dayandırılıb. Amma Sumqayıtda proses davam edir. Bu günə qədər Gəncə və Sumqayıt şəhərlərində 500-ə yaxın seroloji test nümunələri götürülüb".

Qeyd edək ki, avqust ayının sonundan Bakı şəhərində seroloji testlərin aparılmasına başlanılıb. Testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirən və immunitet qazananların statistikasını müəyyən etmək mümkün olacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı   Serolojitest  





Xəbər lenti