“Kasetli bombalardan istifadə hərbi cinayətdir” - ANAMA-nın qərargah rəisi

 “Kasetli bombalardan istifadə hərbi cinayətdir” -  ANAMA-nın qərargah rəisi
  07 Oktyabr 2020    Oxunub:4855
Xəbər verdiyimiz kimi, oktyabrın 4-5-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılıb.
Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub. Həmin ərazidə agentliyin mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış “9N235” bombacıqları, həmçinin 300 ədəd partlamamış “M85” bombacıqları aşkar olunub.

Qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) operativ qərargah rəisi İdris İsmayılov Azvision.az -a açıqlamasında bildirib ki, son iki gündə düşmən tərəfindən Goranboy və Yevlax istiqamətində kasetli bombaların atılmasını müəyyən ediblər.



Onun sözlərinə görə, həmin bombacıqlar ANAMA əməkdaşları tərəfindən götürülüb. Operativ qərargah rəisi deyib ki, 600-ə yaxın kiçik bombacıq aşkar olunub: "Bir hissəsi yerində məhv edilib, digər hissəsi isə daşınaraq agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb. 2008-ci ildə kasetli sursatların qadağan olunması üzrə konvensiyaya uyğun olaraq bunların yaşayış məntəqələrinə, dinc əhaliyə atışı qadağan olunub. Lakin, son günlər düşmən tərəfindən belə kasetli bombaların atışının şahidi oluruq. Həmin bombacıqları bir sursat gətirir və göydə partlayandan sonra ətrafa səpələnir. Onlara hər hansı bir toxunuş partlayışa səbəb ola bilər. Ona görə vətəndaşlara çağırış edirik ki, belə hadisə ilə rastlaşdıqları halda dərhal 102, 112 və ANAMA-nın regionda olan növbətçi qruplarına məlumat versinlər. Həmçinin, onun fotolarını həmin ərazilərdə vətəndaşlara paylamışıq ki, bununla bağlı maariflənsinlər. Baş verə biləcək təhlükələrin qarşısını qabaqcadan almağa çalışırıq"

İ.İsmayılov əlavə edib ki, düşmənin Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması hərbi cinayətdir.

Xatırladaq ki, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti