Paşinyanın acizliyi və Ermənistanı gözləyən böyük faciə

Paşinyanın acizliyi və Ermənistanı gözləyən böyük faciə
  07 Oktyabr 2020    Oxunub:2477
Bir il öncə “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini pozan Nikol Paşinyan bu gün Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları qarşısında tamamilə aciz duruma düşüb və nəticədə güzəştlərdən söz açmağa başlayıb.
Maraqlıdır, indiyə kimi təxribatçı mövqe sərgiləyən erməni baş nazirin hansısa güzəşt məsələsini gündəmə gətirməsində məqsədi nədir? Güzəştlərdən danışan Paşinyanın BBC müxbiri ilə söhbətində təxribatçı bəyanat verməsi də diqqətdən yayınmayıb. O, həmçinin jurnalistin haqlı sualları qarşısında çıxılmaz durumda qalaraq müsahibənin istiqamətini başqa yönə çəkməyə çalışıb.

Jurnalist BMT TŞ-nin məlum qətnamələrindən danışarkən Qarabağın Azərbaycana məxsus olmasını qeyd edib. Paşinyan bu suala cavab verməyib və "bu gün Qarabağda ermənilərin təhlükə ilə üz- üzə olmasından" danışıb.

Məsələni Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyib ki, erməni rəhbərlərin həqiqət qarşısında pərt durumda qalması halı ilk dəfə baş vermir. Sadəcə olaraq indi Qarabağ məsələsinə radikal yanaşan Paşinyanın müharibə gedən vaxtda haqlı suallardan yayınması, BBC kimi böyük auditoriyası olan telekanalda çətin duruma düşməsi daha çox diqqət çəkir:

“Ümumiyyətlə, hazırda kuliminasiya nöqtəsinə çatan Qarabağ məsələsinə bir qədər dərindən yanaşmaq lazımdır. Bu gün Ermənistanın yaşadığı faciə, sosial durumun ağırlaşması, iqtisadi tənəzzül, cəmiyyətdə olan çaşqın vəziyyət tək Paşinyanın günahı ucbatından yaranmayıb. Bu cür situasiya Azərbaycana qarşı məkrli siyasət yürüdən erməni millətçiliyinin, Qarabağda separatizm ideyasını hazırlayıb ortaya atan qara qüvvələrin günahıdır. Əslində ard-arda məsuliyyətsiz bəyanat və çağırışlar edən Paşinyan ciddi siyasi fiqur olmayıb. Sadəcə olaraq bu gün bölgəni qan çanağına çevirən bu səbatsız siyasətçi ölkədə yaranmış ağır vəziyyətdən istifadə edərək Qərbdəki bəzi dairələrin, SOROS-un yardımları ilə hakimiyətə yiyələnə bildi.

Biz onun inqilabla hakimiyyətə gələndən sonra ilk dövrlərdəki fəaliyyəti ilə indiki fəaliyyətini müqayisə etsək görərik ki, Paşinyan sırf erməni millətçilərinə xas şəkildə radikal davranışlara daha çox meyllənib. Əvvəlcə deyirdi ki, Qarabağ probleminin həlli üçün yeni əlverişli ideyalarla gəlir, danışıqlar prosesinin dalandan çıxmasında maraqlıdır. Sonra gördük ki, müəyyən siyasi proseslərdə Qarabağ klanına hakim kəsilə bilməyən Paşinyan onların oxuduğu mahnılar ətrafında rəqs etməyə başladı”.



Politoloq qeyd edib ki, erməni baş nazir son bəyanatları ilə faktiki olaraq böhranı daha da ağırlaşdırır: “Bu gün aşkar görünür ki, Ermənistanın siyasi elitası sıralarında sağlam qüvvələr qalmayıb. Ermənistanda “biz Azərbaycandan yeni torpaqlar alacağıq, Qarabağ torpaqları ilə bağlı heç bir güzəştdən söhbət gedə bilməz, Qarabağ Ermənistandır” və s. bu tipli şüar və fikirləri səsləndirənlər artıq uçurumun bir addımlığındadırlar. Hazırki situasiyanın erməni cəmiyyətini daha ağır günlərə daşımasına baxmayaraq, erməni rəhbərlərdə geri addım atmaq əvəzinə bu uçuruma meyllənmələr çoxalır. Ona görə də Paşinyanın, Tonoyanın və digərlərinin xarici diplomatlarla görüşü və digər beynəlxalq təmasların artması indiki səbatsız komandanın son çabaları sayılmalıdır. Çıxılmaz vəziyyətə düşən Paşinyan hakimiyyəti yardım işığı tapmaq üçün gözləyir ki, kimsə onlara kömək əlini uzatsın. Onu da gözəl anlayırlar ki, kimsə haraylarına səs verməsə, daha da biabırçı duruma düşəcəklər. İndi kəndləri qoyub qaçan orduları işğal altında olan rayonları belə tələsik tərk edəcək, məğlubiyyətləri isə qaçılmaz olacaq. Bu baxımdan Paşinyan hələlik daxili auditoriyaya hesablanmış, yalan bəyanat və populist çıxışlarla kütləni, xalqı sakitləşdirməyə çalışırlar”.

Tofiq Abbasov deyir ki, Paşinyan nəinki BBC müxbirinin haqlı sualları qarşısında sıxışdırılmış duruma düşüb, bütün dünya onun çağırışına səs verməməklə aciz vəziyyətdə qaldı: “O, yalan və çaşdırıcı, hiyləgər çağırışlarla çalışdı ki, döyüşlər dayandırılsın. Ermənistan özü sülh prosesini, danışıqların raundlarını iflic vəziyyətinə saldı. Bu gün ingilis jurnalistin acı həqiqtələri özündə əks etdiran sualları qarşısında Paşinyanın pərt durumda olması adi qarşılanmalıdır. Bu adam hələ bir il əvvəl “Qarabağ Ermənistandır” deməklə ona qədərki siyastçilərin, yəni sələflərinin səhvlərini bağışlanmaz formada təkrarladı. Ona görə də hazırda Paşinyan gözəl anlayır ki, çıxılmaz vəziyətdə qalıb və ən böyük ümid yeri olan Rusiya neytral mövqe sərgiləyir. Bu isə çox sağlam bir yanaşmadır.
Rusiya sülhməramlıları Azərbaycandan çıxırlar - YENİLƏNİB

Digər tərəfdən, artıq az da olsa Qərb nümayəndələri radikal erməni rəhbərlərə bildirirlər ki, qaydaları kobud şəkildə pozan sizsiniz.Çünki Azərbacanın ərazi bütövlüyü heç kəsdə şübhə doğurmur axı. Biz beynəlxalq təşkilatlarda tam ərazilərimizlə təsvir olunuruq. Hesab edirəm ki, “Qarabağ Ermənistandır” kimi cəfəng və dünyada belə qəbul olunmayan anormal patriotizmə hesablanmış siyasətin axırı yoxdur. Azərbaycan iki həftəyə sübut etdi ki, belə radikal siyasət sərgiləyən ölkəni güc yolu ilə asan şəkildə diz çökdürməyə qadirdir. Biz indi Paşinyan hakimiyyətinin sonunun əvvəlini müşahidə edirik. Erməni baş nazirin son müsahibəsindəki anormal yanaşması isə onu göstərdi ki, hakimiyyəti finişə doğru gedir”.



Politoloq onu da vurğulayıb ki, torpaqların işğaldan azad olunması yalnız indiki iqtidarın deyil, Ermənistandakı millətçilərin, türklərə, Azərbaycana qarşı nifrət siyasəti yürüdən, bizi əbədi düşmən sayan qüvvələrin hamısının məğlubiyyəti olacaq. Onun sözlərinə görə hazırda Azərbaycan bölgədə yeni bir geosiyasi atmosferin formalaşmasında böyük rol onayır: “Təsadüfi deyil ki, artıq sağlam qüvvələr də Azərbaycanın yanında görünürlər. Bu siyahıda Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna, Gürcüstan və digər postsovet dövlətlərini də görə bilərik. Bəli, artıq Paşinyanın bu şoularına, oyunbazlığına birdəfəlik son qoymağın vaxtı çatdığını hər kəs anlamağa başlayır. Ermənilərin cəmiyyət olaraq torpaq iddialarına, millətçi yanaşmalarını birdəfəlik həll etmək lazımdır ki, gələcəkdə bir daha belə ciddi problemlər yaşanmasın. Loru dildə desək, onlar özləri yaşamırlar deyə, başqalarını da yaşamağa qoymurlar. Əgər onlar dostluq, sülh, əmin-amanlıq siyasətinə pənah gətirməsələr, ərazi iddialarından əl çəkməsələr, nəinki indi adi jurnalistin qarşısında aciz qalan Paşinyanın, bütövlükdə Ermənistanın aqibəti çox faciəli olacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Paşinyan  





Xəbər lenti