“Ermənilərin Yevlaxı hədəf seçməsinin səbəbi var” - İlham Şaban

“Ermənilərin Yevlaxı hədəf seçməsinin səbəbi var” -  İlham Şaban
  07 Oktyabr 2020    Oxunub:3956
Xəbər verdiyimiz kimi, dünən işğalçı ölkənin silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə alıb. Ermənilər kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban Azvision.az -a açıqlamasında bildirib ki, neft kəmərinə raket hücumu ermənilər tərəfindən atılan növbəti həyassız addımdır. Onun sözlərinə görə, hərb müstəvisində Azərbaycana açıq-aşkar uduzan ermənilər mülki əhaliyə, strateji obyektlərə zərbələr endirməklə özlərini ovundurmağa çalışırlar:

“Onların bu əməli suda batan adamın saman çöpündən yapışması kimidir. Gecə radələrində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Azərbaycanın əsas ixrac magistralını hədəf kimi seçmələri göstərir ki, Ermənistan Azərbaycan qarşısında sadəcə diz çökməkdənsə, sonuncu nəyə əli çatırsa, onu etməyə hazırdır. Bu, insanlığa yaraşmayan hərəkətdir. Uduzmağı da bacarmaq lazımdır”.



İ.Şaban qeyd edib ki, ermənilərin Yevlax rayonunu hədəf seçməsinin səbəbi var: “1768 km uzunluqda olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Azərbaycandan keçən hissəsi əsasən yerin altındadır. Boru kəmərləri 1,5 km yerin altına birləşdirilib. Bəzi nöqtələrdə yerin üzərinə çıxır. Azərbaycanda isə bu bir yerdədir - Kəmər Kürün altından keçəndən sonra Yevlax rayonunda yerin üstünə çıxır. Burada ikinci nasos stansiyası var. Ermənilər buranı vurmaq istəyirdilər, çünki pərakəndə olaraq yerin altındakı hər hansı obyekti onlar müəyyən edə bilmirlər”.

Ekspert qeyd edib ki, həmin ərazidən təkcə Bakı-Tbilisi-Ceyhanı deyil, Bakı-Supsa, bundan əlavə Azərbaycanın 2 qaz ixrac boru kəmərini də keçir.

“Onlar Tovuz hadisələrində and-aman etdilər, istər Ermənistan Müdafiə Nazirliyi xətti ilə, istər politoloqlar səviyyəsində bildirdilər ki, regionun enerji təhlükəsizliyini risk altında qoymaq istəmirlər, belə niyyət güdmürlər. Hətta buna görə xarici şirkətlərə də müraciət etmişdilər. İndi boru kəmərinə atılan raket zərbəsinin qarşısı milli ordumuzun sayıqlığı nəticəsində alındı. Əks təqdirdə dağıdıcı təsirlərə səbəb olardı. Ermənistan qurucu, barışdırıcı mövqedə deyil. Ermənistan məhz Cənubi Qafqazda, regionda dağıdıcı olduğunu bir daha açıq göstərdi”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı-Tbilisi-Ceyhan  





Xəbər lenti