TƏBİB-dən koronavirusla bağlı vətəndaşlara çağırış

TƏBİB-dən koronavirusla bağlı vətəndaşlara çağırış
  08 Oktyabr 2020    Oxunub:2606
Karantin rejiminin yumşaldılmasından sonra stabil vəziyyət əldə olunsa da, son günlər koronavirusa yoluxma hallarında artım müşahidə edilir.

Bunu Azvision.az -a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir düşmənlə savaşarkən digər “düşməni” unutmamalıyıq.
“Xəstəliyin yayılmasında dalğavari gediş ola bilər. Bu gün hərbi vəziyyətlə əlaqədar əsgərlərə xalqımız, dövlətimiz tərəfindən ciddi diqqət göstərilir, könüllülər daha çox orduya can atır. Bu baxımdan səfərbərlik idarələrinin qarşısında insanlar həddindən çox toplaşır, orduya gedənlər, onları yola salanlar olur, qulluq edənlərə yardım aparanlar da var. Bu anlarda insan təması daha sıx olur və biz onların qaydalardan istifadə etdiyini görmürük. Maska taxılmır, sosial məsafəyə riayət edilmir”.

V.Əliyev qeyd edib ki, Azərbaycan Ordusu şanlı tarix yazdığı müddətdə biz digər “düşməni” unutmuş kimi görünürük.

“Hamı koronavirusu unudub, cəbhə bölgəsinə köklənib. Bu, düzgündür, lakin unutmamalıyıq ki, qonşu ölkələrdə yoluxma sayı 600-dən yuxarıdır. Buna insanlar ikinci dalğa deyirlər. Lakin mən bunu yumşalmalardan sonra koronavirusun artması kimi izah edərdim. Bunun qarşısını almağın yeganə yolu isə yoluxmanı minimuma endirməkdir. Bu da ancaq qaydalara əməl etməklə ola bilər. Dövlətin qəbul etdiyi qayda-qanunlarla yanaşı, vətəndaşların məsuliyyətli davranışları da buna adekvat olmalıdır.

Hətta cəbhədən gələn sevinc xəbərlərindən sonra insanların küçəyə axışdığını görürük. İnsanlar nəinki karantin, komendant saatına da riayət etmir. Hamı sevincli anları yaxınları ilə paylaşmaq istəyir, lakin unutmasınlar ki, həm karantin rejimi, eyni zamanda komendant saatı davam edir. Biz cəbhədəki insanlara yardım etmək istəyiriksə, ən azından onların gözünü arxada qoymamalıyıq. Koronavirus dönəmində özümüzün, yaxınlarımızın sağlamlığını düşünməklə, virusun ölkə daxilində yayılmasının qarşısını almaqla bir növ yardım göstərmiş oluruq. Biz arxa cəbhə olaraq, bunu unutmamalıyıq”, - deyə TƏBİB rəsmisi vətəndaşlara müraciət edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti