Terrorçulara dəstək verənlər məsuliyyətə cəlb oluna bilər? - Hüquqi şərh

Terrorçulara dəstək verənlər məsuliyyətə cəlb oluna bilər? -  Hüquqi şərh
  09 Oktyabr 2020    Oxunub:4951
Qarabağda məğlub duruma düşən Ermənistan ordusuna xaricdən muzdlu döyüşçülərin və terrorçuların cəlb edilməsi barədə kifayət qədər təkzibolunmaz faktlar movcuddur. Son günlər Suriya, İraq və Livandan olan terrorçu qruplara Fransada yaşayan erməni əsilli şəxslərin də qoşulması ilə bağlı məlumatlar yayılıb.
Xarici ölkə vətəndaşlarının digər ərazilərdə hərbi münaqişələrə qatılması beynəlxalq konvensiyalar və dövlətlərin daxili qanunları ilə qadağan olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hüquqi prinsiplərə əməl etmir.

Məsələni Azvision.az -a şərh edən hüquqşünas Əliməmməd Nuriyev deyib ki, hazırda ən çox müzakirə olunan məsələlərdən biri Ermənistan tərəfdən döyüşən muzdlu döyüşçülər, xarici ölkə vətəndaşlarının hərbi geyimdə Qarabağda peyda olmasıdır. O, müharibə ilə bağlı xaricdəki yardım, dəstək kampaniyaları başladan məşhurların da muzdlu döyüşçülər qədər ciddi qanun pozuntularına yol verdiklərini söyləyib:

“Burada əsas diqqət çəkən məsələ odur ki, Dağlıq Qarabağ münaqişəsi və hazırda davam edən müharibə digər müharibələrdən fərqlənir. Çünki beynəlxalq hüquq və qanunlar birmənalı olaraq onu deyir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Yəni indiki halda qarşı tərəfdən döyüşənlərə silah-sursat alıb verilməsi və ya hansısa formada yardımların edilməsi təcavüzə birbaşa dəstək sayılır. Təcavüz və işğal beynəlxalq hüquq normalarının pozulması olduğu üçün ona aşkar şəkildə verilən istənilən dəstək beynəlxalq cinayət əməlləri sayılmalıdır.

Ayrı-ayrı dövlətlərin vətəndaşlarının bu proseslərdə iştirakı, dolayısı ilə müharibədə işğalçılara dəstək verməsi və ya başqa ölkənin ərazisinə qanunsuz daxil olması bütün hallarda həm müharibə cinayətləri ilə, həm də digər cinayətlərlə bağlı məsuliyyət yaradır. Burada çoxlu sayda beynəlxalq hüquq normal və qanunlarının, cinayət məcəlləsinin maddələrinin pozulması halları baş verir. Bütün ölkələrdə muzdluların nəinki döyüş şəraitində, ümumən başqa dövlətlərin ərazilərinə gətirilib toplanması beynəlxalq cinayət sayılır. Həmin xarici vətəndaşların mənsub olduqları dövlətlər Azərbaycan XİN tərəfindən məlumatlandırılmalı, bu istiqamətdə müəyyən xəbərdarlıq işləri görülməli, hətta nota verilməlidir. Ona görə ki, bu dövlətlər terrora, işğala dəstək verən qrupların qarşısını almırsa, deməli, onlar özləri də işğalı, terroru dəstəkləyirlər”.

Əliməmməd Nuriyev Suriya döyüşlərində vuruşan fransız vətəndaşlarının aqibətini xatırladaraq deyib ki, onların bir qismi buna görə məsuliyyətə cəlb edildi. Eyni zamanda Almaniyada bununla bağlı çoxsaylı presedentlər var ki, başqa ölkəyə döyüşməyə gedənlərin qarşısı bu cür alınırdı: “Biz bu məsələlərlə bağlı çox sərt şəkildə mövqe sərgiləməliyik ki, belə beynəlxalq qanun pozuntuları ərazilərimizdə bir daha təkrarlanmasın. Bu gün başqa bir ciddi qanun pozuntusu olan məsələləri də müşahidə edirik. Bu isə tanınmışların sosial mediadan separatçılara, erməni ordusuna yardım və dəstək kampaniyalarına başlamasıdır. Düşünürəm ki, burada beynəlxalq hüquq sahəsindəki mütəxəssislərlə məsləhətləşmələr aparmalıyıq. Çünki bu gün ayrı-ayrı məşhurlar, məsələn, Kardaşyan tipli və digər adı üstündə olan şou, incəsənət, idman xadimləri Azərbaycan ərazisində aparılan müharibəyə külli miqdarda yardım edirlər ki, bu da işğal prosesinin davam etməsinə birbaşa dəstək sayılır. Separatizmin, terrorun, işğalın dəstəklənməsi isə beynəlxalq qanunlarla qəbul edilmir. Həmin şəxslər apardıqları kampaniyalara görə ciddi məsuliyyət daşıyırlar. Tərəfimizdən bu cür hallar araşdırılmalı, faktlar sənədləşdirilməli, konkret sübutlarla həmin məşhurların vətəndaşı olduğu ölkələrə xəbərdarlıqlar edilməlidir”.

Hüquq müdafiəçisi deyir ki, bu cür arzuolunmaz dəstək kampaniyalarını gələcəkdə BMT tribunasına, Haaqa məhkəməsinə daşımaq lazımdır. Çünki burada adi deyil, beynəlxalq cinayətlər baş verir: “Beynəlxalq hüquqda bu məsələlərə adi yanaşılmır. Yardım və kampaniyaların dəstək olduğu hazırkı döyüşlər bizim beynəlxalq qanunlarla tanınan işğal olunmuş ərazilərdə deyil, döyüş bölgəsindən xeyli kənarda olan bölgələrimizə də gedib çıxır. Qarşı tərəf artıq ondan çox rayon və şəhərimizi raketlərlə, qadağan olunmuş bombalarla vurur. İki həftədir ki, bizim mülki əhaliyə divan tutmağa çalışırlar, dinc sakinlər öldürülür, yaşayış məntəqələri isə dağıdılır. Bu hücumlar hansısa Kardaşyanların yardımları, başqa ölkədən qaçıb gələn muzdluların sayəsində reallaşır. Artıq beynəlxalq mətbuat da çəkib göstərir ki, yardımlardan yığılan pullarla alınan erməni bombaları, silahlar ordumuza deyil, məhz dinc əhaliyə qarşı yönəlir. Bax, problem bundadır...”

Ekspert deyir ki, günümüzdə terrorçu rejimə dəstək və onların əsgərlərinin maliyyələşdirilməsi kimi məsələlər sivil dövlətlərin heç birində qəbul edilmir. Bu mənada aparıcı ölkələrlə həm diplomatik yolla işlər görülməlidir, həm də konkret şəxslərə cinayət işi açaraq bunu dünyaya elan etməliyik: “Onsuz da Baş Prokurorluğumuz bu kimi məsələlərlə bağlı müvafiq cinayət işləri qaldırır. Bildiyim qədəri ilə bəzi ölkələrə bu istiqamətdə müraciətlər də edilir. Sadəcə olaraq bundan sonrakı məsələləri nəzarətdə saxlamaq lazımdır ki, həmin ölkənin hüquq mühafizə orqanları müraciətlərlə bağlı araşdırmalara başlayırmı?!

Beynəlxalq cinayətlər törədən, onlara dəstək olan əcnəbi vətəndaşların ifşası ilə bağlı vətəndaş cəmiyyətləri və media da aktiv olmalıdır. Terrora, müharibəyə, vəhşiliklərə maliyyə dəstəyi və ya mənəvi dəstək olanlar göstərilməli, onların adları siyahı şəklində tutularaq məlumatlar hər gün işıqlandırılmalı, hüquq –müdafiə təşkilatlarına təqdim edilməlidir. Bu, həm də onların ictimai qaydada ifşasına gətirib çıxaracaq. Çünki ortada xeyli sayda uşaq ölümü faktı da var və həmin şəxslər əməlləri ilə bu cinayətlərdə az rol oynamadılar. Azərbaycan ərazilərinin bombalanması ilə bağlı vəsait toplanması, terrorçulara dəstək kampaniyalarının aparılması hansı qanunlara sığır? Bu cür təbliğatlar çox böyük əks-səda doğurar. Çünki dünya separatizmi, terrorrizmi və onlara dəstək verənləri hər zaman lənətləyib. Müharibənin maliyyələşdirilməsi prosesləri həmin separatçıların, uşaq qatillərinin cinayətlərinə ortaqlıq deməkdir. Qısası, məsələnin hüquqi tərəfini bir yana qoyanda baxırsan ki, mədəniyyət, incəsənət xadimlərinin müharibəyə xidmət etməsini təbliğ etmək, göstərmək ciddi effekt verər. İndiki halda müharibəni, özü də separatizmin maliyyələşdirilməsini beynəlxalq mediada göstərməkdən böyük uğur ola bilməz. Bu cür təbliğatlara, hüquqi prosedurlara başlamasaq, Ermənistanın apardığı işğalçı müharibənin maliyyələşdirilməsinin, xarici ölkə vətəndaşları olan muzdluların Qarabağa axınının qarşısını ala bilməyəcəyik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Muzdlu   Terror  





Xəbər lenti