Şahbaz Quliyevlə bağlı açıqlama: “Bir həftə əvvəl məlumat verdilər”

  08 Oktyabr 2020    Oxunub : 3710
  Şahbaz Quliyevlə bağlı açıqlama:    “Bir həftə əvvəl məlumat verdilər”
“Sonuncu dəfə bir həftə əvvəl Şahbazla bağlı məlumat almışam. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri qardaşımla bağlı şifahi məlumat veriblər”.
Bunu Azvision.az -a açıqlamasında Kəlbəcər girovu Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib .

“Məktub, görüntü almamışam. Eləcə bir həftə əvvəl məlumat verdilər ki, Şahbaz yaxşıdır, hər şey qaydasındadır. Başqa söz demədilər. Onunla bağlı şəkil, video olmadığından qardaşımın səhhətinin, vəziyyətinin dəqiq necə olduğunu bilmirik. Cəbhədə vəziyyətin gərginləşməsi heç nəyi dəyişmir. Biz onsuz da 7 ildir ki, narahatıq. Bu gün də nigaranıq. Ordumuzun qələbə xəbərlərini izləyirik. Allah Şahbaz və Dilqəmin qapısını açsın, torpaqlarımızla birgə onlar da azad olunsunlar”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Kəlbəcər   Girov