Qarabağdakı ermənilərin acınacaqlı həyatı

Qarabağdakı ermənilərin acınacaqlı həyatı
  08 Oktyabr 2020    Oxunub:5117
İşğal altında olan Dağlıq Qarabağdakı ermənilər çətin günlər yaşayırlar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində onlar çıxılmaz vəziyyətlə üzləşiblər. Sosial-iqtisadi problemlər və bu gün davam edən müharibə ermənilərin həyatını alt-üst edib.
Azvision.az-ın məlumatına görə, Znak.com saytının hazırladığı reportajda tarixi torpaqlarımızda yaşayan ermənilərin acınacaqlı durumundan bəhs olunur.

Qeyd edilir ki, havaların soyumağa başlaması əlavə problemlər yaradır. Artıq Xankəndində bəziləri evlərini isitmək üçün məişət əşyalarını, mebelləri yandırır, işıq kimi şamlardan istifadə edirlər. Elektrik enerjisi olmadığı üçün ərazidə mobil telefonların enerjisi tükənib. Nəinki elektrik enerjisi və istilik problemləri, Xankəndində ərzaq çatışmazlığı kimi ciddi problemlər də yaşanır. Müharibə səbəbindən şəhərdə mağazalar işləmir.

Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindən əhalinin köçürülməsinə cəlb edilib. Amma yenə də nəqliyyat vasitələri çatmır, bəziləri günlərlə öz növbəsini gözləyir.

Reportajda hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad tutaraq deyir: “Nə oturmusunuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındır, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”.



Alik adlı hərbçinin Znak.com-un müxbirinə dediklərində daha böyük faciəvi duruma düşmələri etiraf olunur: “Mardakert (Ağdərə) qanlı sıyığa dönüb. Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir”.

Bundan əlavə Xankəndi sakinləri bildirirlər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 kilometrliyində yerləşən Yerevana axışır. Onların bir çoxunun Yerevanda qohumları və ya dost-tanışları yaşayır. Amma bəziləri heç Ermənistanda da qalmaq istəmir.

Ermənilər müharibədə məğlub olduqlarını aşkar görərək Rusiyaya köçməyə çalışırlar. Bu səbəbdən separatçı rejim əhalinin Ermənistana axınının qarşısını almaq üçün məhdudiyyətlər qoymağa çalışır. Çağırış yaşında olan kişilərin Qarabağı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla buranı tərk edirlər. Evlərindən çıxa bilməyənlərə yalnız Azərbaycan əsgərlərinin bu əraziləri nəzarətə götürməməsi üçün dua etmək qalır.

“Biz Tanrıya yalvarırıq ki, kimsə onları dayandırsın”,- deyə Xankəndi sakinlərindən biri söyləyib.

Artıq kasıb və səfalət içində qalan ermənilər anlayırlar ki, onların bu gün yaşadıqları faciənin səbəbkarı Ermənistan rəhbərliyidir.



Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti