“Azad olunmuş kəndlər Cocuq Mərcanlı kimi bərpa ediləcək” - Cəbrayılın deputatı

“Azad olunmuş kəndlər Cocuq Mərcanlı kimi bərpa ediləcək”  -  Cəbrayılın deputatı
  08 Oktyabr 2020    Oxunub:9188
“Bu günə qədər işğal olunmuş ərazilərə dəymiş ziyanın ölçülməsi ilə bağlı xeyli işlər görülüb. Yəni əvvəldən bu istiqamətdə müəyyən addımlar atılıb”.
Bu barədə Azvision.az -a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, dövlətin işğal altında olan ərazilərimizin bərpası ilə bağlı müəyyən planları, layihələri var: “Həmin plan və layihələrin üzərində hər zaman işlər gedib. Bununla bağlı Cocuq Mərcanlı nümunəsi də mövcuddur. Biz gördük ki, qısa müddətdə işğaldan azad olunmuş bu kənd bərpa olunaraq sakinlərin ixtiyarına verildi. İnşallah qısa zamanda hazırda işğaldan azad olunmuş kənd, qəsəbə və rayonların hamısı Cocuq Mərcanlı kimi bərpa olunacaq. Yəni dövlət tərəfindən sonrakı mərhələlərdə baş tutacaq proseslərin hamısı əvvəlcədən diqqətlə öyrənilib, araşdırılıb”.

Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsinin olduğunu deyən deputat Cəbrayılın ölkə iqtisadiyyatına ciddi töhfələr verəcəyini söyləyib: “İşğaldan azad olunmuş ərazilərdə qaçqın və məcburi köçkünlər üçün inşa edilən evlərə, qurulan yeni infrastruktura baxdıqda görərik ki, ölkəmiz bu sahədə yaxşı hazırlıqlıdır. İnanıram ki, tez bir zamanda Cəbrayılın digər ərazilərində bu kimi işlər həyata keçiriləcək. Bu gün Cəbrayılın işğaldan azad olunması yalnız hər bir cəbrayıllını deyil, qarabağlıları, bütün ölkə vətəndaşlarını sevindirir. Həqiqətən hər kəsin üzündə sevinc, fəxarət hissi görünür, insanlarımız bu uğurumuzu bayram kimi qeyd edirlər. Çünki 30 ilə yaxın bir həsrətə son qoyulub.

Uzun illər keçsə də, xalqın ürəyi o bölgə ilə döyünürdü. Uşaqdan-böyüyə hər kəs səbrsizliklə öz rayonunun işğaldan azad olunacağı günü gözləyirdi. Cəbrayıl həqiqətən də mühüm əhəmiyyətə malik bir ərazidə yerləşir. Bura tarixi abidələrlə zəngindir. Rayonda Azərbaycan tarixində xüsusi yeri olan Xudafərin körpüsü, qalalarımız, türbələrimiz var. Cəbrayıl həm dağ, həm də dağətəyi bölgədə yerləşir və çox münbit torpaqlara malikdir. Buranın zəngin su ehtiyatları və təbii sərvətləri var. Həmin torpaqlarda kənd təsərrüfatı zamanında yaxşı inkişaf etmişdi. Naxçıvana, eləcə də Zəngilan, Qubadlı, Laçına gedən əsas avtomobil və dəmir yolu bu rayondan keçirdi. Bu baxımdan Cəbrayıl bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, nəinki Cəbrayıl, bütün rayonların işğaldan azad olunması ölkənin iqtisadiyatına öz töhfəsini verəcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Cəbrayıl  





Xəbər lenti