“Belə getsə, bütün torpaqları əldən verəcəyik” - Erməni hərbçiləri qorxuya düşüb

   “Belə getsə, bütün torpaqları əldən verəcəyik” -    Erməni hərbçiləri qorxuya düşüb
  08 Oktyabr 2020    Oxunub:17966
Rusiyanın “Novaya qazeta” nəşri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən reportaj hazırlayıb.

Reportajda deyilir ki, Şuşanın dumanlı küçələrində insanlar çox seyrəkdir. Bəziləri Ermənistana qaçıb, qalanların isə güzəranı çox ağırdır. Stepanakertdən (Xankəndi -red.) fərqli olaraq burada hələlik elektrik işığı var, mağazalar açıqdır.
Artur Ohanesyan adlı könüllü cənub cəbhəsində baş verənlərdən danışır. Artur oradan təzə qayıdıb ki, ölən dostlarını doğma Gümrüdə dəfn eləsin. Bəlkə özü də ölmək istəmədiyi üçün qayıdıb.

Ohanesyan deyir: “Onlar (Ermənistan hakimiyyəti-red.) insanları aldadır! Onlar 18 yaşlı əsgərləri yalnız avtomatla cəbhəyə göndəriblər. Deyirlər ki, “bağışlayın, patron yoxdur, bağışlayın, tanklar yoxdur”. Zirehli jiletlər tamamilə yararsızdır. Orada heç nə yoxdur. “Kormuşka” (yemək daşıyan maşın-red.) gəlir, amma hər şeyi yolun yarısında boşaldıb qayıdır. Əgər yemək tapmaq istəyirsənsə, “Qrad” atəşləri altında 4 kilometr yol getməlisən. Biz səkkiz dost dörd gün ərzində gecələr yola çıxır, sağ qalanlar üçün yeməyə nəsə tapmağa çalışırdıq”.

Ermənistan ordusunun cəbhə bölgəsindəki rəzil durumunu erməni əsgərləri özləri etiraf edirlər.

“Novaya qazeta”nın müxbiri yazır: “Artur çox gərgin və qəzəblidir. Ayağında çəkələk, başında qara papaq var, gödəkçəsinin ilgəyindən qumbara sallanır. “Cəbhəyə necə düşdünüz” sualına belə cavab verdi: “Sadəcə olaraq gəldim, heç bir sənəd vermədilər, avtomatı götürdüm və irəli! Mənim iki qardaşım orada idilər, mən də onların dalınca getdim və qaldım. Özüm Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə əvvəl oradan gəlmişəm. Bu müharibə insanlara qarşı yox, təyyarələrə, “Qrad”lara qarşı müharibədir”.

Göründüyü kimi, bu, xaricdən gələn ermənilərin cəbhə bölgəsində Azərbaycan Ordusuna qarşı döyüşdüyünü əyani təsdiq edən çoxsaylı faktlardan biridir.

Ohanesyan daha sonra deyir: “Dünən biz Hadrutda idik, zabitlər gəldilər və dedilər ki, komandiri həbs ediblər, mühakimə edəcəklər. O, gecə bütün gənc əsgərləri yığıb və Cəbrayıldan çıxmağı əmr edib. O, yuxarıdan gələn əmrə tabe olmayıb. Həmin zabit özü dedi: “Bu uşaq-muşaqlar on gün əvvəl orduya çağırılıblar, amma əllərinə avtomat veriblər ki, döyüş”. Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən xidmət keçmişəm, hərçənd bu xidmət də indi kömək eləmir. Avtomatla aviasiyaya və artilleriyaya qarşı döyüşürük. Mən orada canlı meyit kimiyəm”.

A.Ohanesyanın mənəvi düşkünlüyünü xüsusi qeyd edən jurnalist əlavə edib: “Artur “dqr” hərbi komandanlığından və Ermənistan hakimiyyətindən açıq-aşkar narazıdır. Arturun dostu olan digər könüllü də onun danışdıqlarını təsdiqləyir: “Orada hər şey çox pisdir. Biz Cəbrayıl ətrafındakı ön xətdən gəlirik”. Artur deyir ki, itkilərin sayının 200 nəfərə yaxın olması barədə Ermənistan hakimiyyətinin dedikləri ağ yalandır. O, əminliklə deyir: “200 adam təkcə mənim gözlərim önündə öldü, bizim dayandığımız xətdə. Orada ölənlər isə minlərlədir”. Əynində kamuflyaj gödəkçə və adi cins şalvar olan digər könüllü əlavə edir: “Bizim başda duranlarımız **** (söyüş söyür), Ermənistanda deyirlər: “Cəbrayıla, irəli”, amma Cəbrayıl artıq yoxdur”.

Jurnalist, həmçinin yazır: “Bəs nə düşünürsünüz, bundan sonra nə olacaq?, - deyə soruşuram. Artur cavab verir: “Mən bu müharibəni gördüm və başa düşdüm ki, əgər belə döyüşsək, bütün torpaqları əldən verəcəyik. Azərbaycanlılar Laçını götürmək istəyir, amma onlar o qədər cəsarətlidirlər ki, hətta Ermənistana da keçə bilərlər”.

Reportajda daha sonra vurğulanır: “Yaxınlıqdakı balaca mağazanın sahibi, siqaret çəkmək üçün küçəyə çıxmış 60 yaşlı Armenin sözlərinə görə, Laçın körpüsü dörd dəfə bombalanıb, Laçının özünə isə hələ dəyməyiblər. Deyir ki, qohumları ilə birlikdə yeddi gündür cəbhəyə getmiş bacısı oğlunu axtarır, lakin tapa bilmir. Atışma bir az səngisəydi, heç olmasa cəsədləri yığmaq olardı”.

Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti