“Ermənistan feyk xəbərlərlə məğlubiyyətini gizlətməyə çalışır”

 “Ermənistan feyk xəbərlərlə məğlubiyyətini gizlətməyə çalışır”
  09 Oktyabr 2020    Oxunub:3187
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin mövqeyi birmənalıdır: münaqişə beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan indiyə qədər münaqişənin diplomatik vasitələrlə həllinin və sülhün tərəfdarı olsa da, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə və təxribatlarla danışıqlar prosesini faktiki olaraq pozub:

“Prezident İlham Əliyevin Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində qeyd etdiyi kimi, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Ona görə də Azərbaycan beynəlxalq hüquq normalarında və BMT-nin nizamnaməsində əksini tapmış özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatı həyata keçirir, tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin edir. Hazırkı vəziyyətdə Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi lazımdır. Bəhs olunan qətnamələrdə konkret olaraq göstərilir ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir”.



Hikmət Babaoğlu deyir ki, Ermənistan nəinki məlum qətnamələri yerinə yetirmir, hətta müharibə cinayətlərini davam etdirir: “Ermənistandan və Dağlıq Qarabağ istiqamətindən açılan artilleriya atəşləri nəticəsində 30-dan çox dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Eyni zamanda, Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölüm saçan sistemlərdən istifadə edilir. Bu, Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. İşğalçı ölkənin müharibə cinayətləri sırasında münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin, əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasından kənarda yerləşən Gəncənin əhalisinin atəşə tutulması, həmçinin Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının yaxınlığına raket düşməsi, 10-dan çox şəhərimizin, kəndimizin şiddətli artilleriya bombardmanına məruz qalması xüsusi vurğulanmalıdır. Bu hallar həm də işğalçının açıq təxribatlarını əks etdirir”.

Deputatın sözlərinə görə, işğalçı Ermənistan hər dəfə döyüş meydanında aciz vəziyyətə düşəndə dinc əhalini hədəfə alır. H.Babaoğlu Ermənistanın eyni zamanda, feyk xəbərlər vasitəsilə informasiya müstəvisində də təxribatlarını davam etdirməsini, yalan məlumatlarla beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymasını vurğulayıb: “Məsələn, Türkiyə Respublikasının guya bu münaqişəyə cəlb olunması iddiasını ortaya atmaqla Azərbaycan Ordusunun uğurlarının üzərinə kölgə salmağa və öz məğlubiyyətlərini müxtəlif bəhanələrlə gizlətməyə çalışırlar. Yeri gəlmişkən, Türkiyənin prosesə cəlb edilməsi yalnız siyasi nizamlanma kontekstində mümkündür. Məlumdur ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası ötən 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmayıb. Ona görə də bu kontekstdə rasional və praqmatik yanaşma ortaya qoymaq zərurəti var. Belə ki, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında obyektiv və ədalətli mövqe sərgiləyən, dünya miqyasında real güc olan Türkiyə iştirak etməlidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti