“Azərbaycan öz ərazisində mübarizə aparır” - Erməni tarixçinin etirafları

 “Azərbaycan öz ərazisində mübarizə aparır” -  Erməni tarixçinin etirafları
  09 Oktyabr 2020    Oxunub:16567
Erməni əsilli ictimai xadim, Orta Şərq tarixinin tanınmış tədqiqatçısı, tarixçi Filip Ekozyants öz “Facebook” səhifəsində Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı hazırda erməni diaspor nümayəndələri tərəfindən təbliğ olunan yalan fikirləri təkzib edən videomüraciət yerləşdirib.
Azvision.az xəbər verir ki, tarixçi öz müraciətində Ermənistan millisinin kapitanı və İtaliyanın “Roma” klubunun futbolçusu Henrix Mxitaryana da cavab mesajı göndərib.

Erməni tarixçi Mxitaryanın “Artıq döyüşlərin ikinci həftəsidir. Ermənistan "təcavüzkarlardan" müdafiə olunur, mənim doğma xalqım tarixi torpaqlarında yaşamaq, xristian dəyərlərini qorumaq hüququnu müdafiə edir" paylaşımına cavab olararaq yazıb:

"Bu paylaşım anladığım kimi, dövlətlərin sərhədləri xaricində baş verənlərlə heç vaxt maraqlanmayan, coğrafi xəritələri bilməyən, Qafqazın sərhədlərinin harada olduğunu araşdırmayan avropalılar üçün nəzərdə tutulub. Buna görə də bu paylaşımı görənlər Azərbaycanın Ermənistana hücum etdiyini düşünürlər, baxmayaraq ki, Azərbaycan öz ərazisində mübarizə aparır".

O, daha sonra qeyd edib: "Düşünürəm ki, bir çox ölkələr artıq erməni məbədləri tikdiklərinə görə peşman olublar. Çünki bizim belə bir oyunumuz var - bir yerdə bir məbəd tapılıbsa, deməli, bütün “torpaq” bizimdir. Məbəd var - ermənilər qədim bir xalqdır. Deməli, məbəd də qədimdir və biz burada yaşadığımız üçün siz gəldiyiniz yerə gedəcəksiniz. Bu məbədləri tikməyimizə icazə verən insanların buna görə artıq min dəfə necə peşman olduqlarını təsəvvür edirsiniz?

Başa düşürəm ki, bir neçə nəsil aldanıb və erməni xalqını bu aldanışdan çıxarmaq üçün bəlkə də qırx il kifayət etməyəcək, daha çox vaxt tələb edilə bilər”.

Mxitaryanın bu müharibədə erməni xalqının “xristian dəyərlərini qorumaq hüququnu müdafiə etdiyini” söyləməsini şərh edən tarixçi vurğulayıb: “Xarici bir dövlətin ərazisindəki müharibədə xristian dəyərləri müdafiə olunmur. Azərbaycanla Ermənistan arasındakı müasir münaqişədə heç bir xristian dəyəri iştirak etmir və səbəb deyildir. Bütün dünya bunu çox yaxşı başa düşür.

Növbəti ifadəni oxumaq dəhşətlidir: o ([Mxitaryan-red) “Azərbaycan qoşunlarının uşaq bağçalarına hücum etməsini” izləməyin onun üçün ağır olduğunu yazır. Sən bunu harada seyr edirsən, Henrix? Bu, kim üçün yazılıb, hansı axmaqlar üçün nəzərdə tutulub? Bu, bir əclafın, yaxud şübhəli həyat tərzi sürən bir şəxsin paylaşımıdır.

Mən, bu məsələləri həqiqətən araşdırmayan - Avropada, Amerikada, Rusiyada insanların oxuyub düşündüklərindən qorxuram.

Bununla belə, bütün dünya ictimaiyyəti müharibənin getdiyi torpaqları Azərbaycanın hesab edir. Mən Henrixə müraciət etmirəm, adekvat ermənilərə müraciət edirəm. Repost etməyi dayandırın - sonu pis nəticələnəcək. Xüsusilə xristianlıq haqqında bu mahnı... Müasir qarşıdurmada xristian əsası yoxdur, ümumiyyətlə dini əsas yoxdur. Özünüzə və bütün dünyaya yalan danışmayın”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti