Tarixi dəyişən 12 gün – TƏHLİL

  09 Oktyabr 2020    Oxunub : 30993
 Tarixi dəyişən 12 gün – TƏHLİL
Cəmi 12 gün bəs etdi ki, Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun. Cəmi 12 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin. Cəmi 12 günə Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-nə qədər mövcud olan status-kvonu tamamilə dəyişdi. Düzdür, müharibə hələ davam edir, amma döyüşlərin bundan sonrakı gedişatı artıq texniki və zaman məsələsədir. Mahiyyət fazası bitib - müharibənin də, Qarabağaın da taleyi artıq həll olunub.
Hər bir prosesin dəyişmə, dönmə, sınma nöqtəsi olur. Həmin nöqtə keçiləndən sonra qarşıda nələrin baş verəcəyi bütün tərəflər üçün aydınlaşır və asanlıqla proqnozlaşdırıla bilir. Qarabağ müharibəsində həmin nöqtə artıq keçilib.
İndiyə qədər ermənilər özlərini qalib tərəf sayır və Azərbaycanla məhz həmin mövqedən danışmağa çalışırdılar. Hətta Aprel döyüşləri belə, onların mövqeyinin dəyişməyinə kifayət etməmişdi. Amma reallıqlar var ki, onları danmaq mümkün deyil.

İstənilən müharibə bir neçə müstəvidə aparılır ki, onların da arasında ən vacibləri hərbi və diplomatik müstəvilərdir. Azərbaycan əvvəlcədən diplomatik müstəvidə də müharibəyə hazır idi və döyüşürdü də. Amma həmin diplomatik mübarizə köhnə - yəni, sentyabrın 27-nə qədərki status-kvo əsasında aparılırdı. Onda hələ Azərbaycan qısa vaxtda Ermənistanı darmadağın edib, diz çökdürən ölkə deyildi. İndi isə artıq belədir, yeni reallıq var və danışıqlar da bu yeni reallıq nəzərə alınaraq, aparılmalıdır.
Cəbhə xəttində indiyə qədər baş verənlər artıq Ermənistanın bir də Azərbaycanın qarşısında heç bir şərt qoymadan danışıqlara razılıq verməsini təmin edir. Demək, fərqli bir diplomatik raundun başlamasının zamanıdır.

Şübhəsiz, döyüşlər Azərbaycanın ərazi bütövlüyünə ciddi təminat verilənə qədər davam edəcək. Buna heç bir şübhə yoxdur. Torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayandan bu yana cənab Ali Baş Komandan birmənalı şəkildə ancaq bu mövqedə olub. Həmin mövqedə heç bir tərəddüdümüz ola bilməz, olmamalıdır, olmayacaq da! Amma bununla belə, biz müharibə aparmaq xətrinə müharibə aparmırıq. Azərbaycan qarşısına hərbi yox, siyasi məqsədlər qoyub. Əgər ərazi bütövlüyümüzə nail olmağın işlək siyasi mexanizmi yaransa, o halda döyüşlər dayana bilər. Başqa heç bir halda.

12 günlük döyüşlərdən sonra artıq gəlib həmin xəttə yaxınlaşmışıq: Ermənistanın Azərbaycanın diqtə etdiyi şərtlərlə - Xüsusi vurğulayaq: beynəlxalq hüquqa əsasılanan şərtlərlə!,- danışıqlara razılıq verməkdən başqa heç bir yolu qalmayıb. Bu ölkə kapitulyasiyanın astanasındadır. Erməni təbliğatının nə deməsindən asılı olmayaraq, artıq onların bütün istiqamətlərdə müharibə aparmaq resursları tükənib. Sadəcə, məğlubiyyəti etiraf etmələri qalır. O da tezliklə baş verəcək.

Bundan sonra istər hərbi, istərsə də diplomatik müstəvilərdə gedən döyüşlər artıq həll olunmuş məsələnin rəsmiləşdirilməsindən başqa bir şey olmayacaq. Münaqişənin taleyi hər kəsə aydındır: Azərbaycan qalibdir, qalır Qələbəni sənədləşdirmək. Bu, bizim dövlət və xalq olaraq tariximizin ən möhtəşəm anının astanasında durmağımız deməkdir.

Son əsrlərdə Azərbaycan ancaq itirə-itirə, uduza-uduza gedib; itirdiyimiz heç nəyi geri qaytara bilməmişik. Bu mənada Qarabağ Qələbəsi – bizim bütövlükdə tariximizin dönüş nöqtəsi sayılmalıdır. Azərbaycanın itirmək limiti Qarabağda bitmişdi. Onu uduzmaq bizim tarixi məğlubiyyətlər silsiləmizin dəhşətli davamı olmaqla, xalq üçün tarix qarşısındakı mövcudluq imtahanından kəsilmək anlamına gələ bilərdi. Amma artıq aydındır ki, biz o imtahandan keçmişik, özü də əla qiymətlə!

Bu tarixi prosesi tərsinə çevirən, Azərbaycan dövlətini və xalqını tarix imtahanından uğurla keçirməyi bacaran isə Ali Baş Komandan İlham Əliyevdir. 12 günlük Vətən Müharibəmizin nəticələri hər şeydən əlavə, bir də onu sübut etdi ki, güclü Lider nə qədər vacib amildir. İndi biz dünyada Qarabağ ləkəsi olmayan alnımızı hər kəsin qarşısında dik tutub, vüqarla gəzə biləcəyiksə, bu – ilk növbədə, tarixi prosesi tərsinə çevirməyi bacarmış Liderin xidmətidir.

Cənab Ali Baş Komandan uzun fasilədən sonra Azərbaycana ilk qələbəni qazandıran, ilk dəfə itirdiyimiz topaqları geri qaytarmağı bacaran Lider kimi adını tarixə yazmağı bacardı. Bundan sonra onun Azərbaycan tarixindəki yeri və rolu artıq heç bir halda, heç bir şəkildə mübahisələndirilə bilinməyəcək – O, son əsrlərin yeganə Qalib Liderdir.

Qarabağ Müharibəsini Qələbə ilə başa vurmağımız Azərbaycanın regiondakı Lider dövlət rolunu da birmənalı və qəti şəkildə təsdiqləyəcək. Dövlət və xalq olaraq dünyadakı nüfuzumuz kəskin yüksələcək. İlham Əliyevin həm diplomat, həm siyasətçi, həm də sərkərdə kimi dünya liderlərinin şərəf lövhəsindəki yeri isə artıq indidən təmin olunub.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Qarabağ   İlham-Əliyev