“Suqovuşanın suyu təmiz və yararlıdır” - Umayra Tağıyeva

 “Suqovuşanın suyu təmiz və yararlıdır” -  Umayra Tağıyeva
  09 Oktyabr 2020    Oxunub:4331
Suqovuşan anbarından suyun Tərtər çayı vasitəsilə verilməsi hamı üçün gözəl xəbər oldu.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, illər boyu Ağdam, Ağcəbədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonunun sakinləri su qıtlığından əziyyət çəkirdilər.

Sərsəng və Suqovuşan su anbarlarından yalnız qışda su buraxılırdı. Yaxın rayonlarda yaşayan insanların əkin sahələri, elektrik xətləri subasmaya məruz qalırdı. Amma yay fəslində Tərtər çayı quruyurdu. Bölgənin bütövlükdə ekosisteminə illər boyu ciddi ziyan dəyib. Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kub metrdir”.

U.Tağıyeva bildirib ki, hazırda həmin bölgədə nazirliyin mütəxəsisiləri su nümunələri götürür, Tərtər çayından keçən suyun miqdarını, həcmini qiymətləndirirlər.

“İlk gün çaydan saniyədə 11-12 kub metr su keçirdi. Bu gün saniyədə 24 kub metr su keçir. Yaxında yerləşən rayonlar - Tərtər, Goranboy, Yevlax rayonlarına suyun verilməsi başlanılıb. Əvvəllər 6 rayonun su ehtiyatı artezian su quyuları hesabına ödənilirdi”.

Onun sözlərinə görə, Tərtər çayından suyun keyfiyyətini öyrənmək üçün nümunələr götürülüb və analizlər aparılır.

“Çayda fiziki-kimyəvi tərkib, norma müəyyənləşdirilir. Analizlərə əsasən su təmizdir, göstəricilər norma daxilindədir. Hətta Bakı şəhərində istifadə etdiyimiz sudan 35 faiz yaxşıdır. Suyun mənbəyi dağ bulaqları olduğu üçün su təmiz və yararlıdır”.

Xidmət rəhbəri qeyd edib ki, erməni təxribatından qorunmaq üçün suyun tərkibi daim nəzarətdə saxlanılır və qiymətləndirmə aparılır. “Bu günə olan məlumata əsasən su təmiz və yararlıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Suqovuşan   Tərtər  





Xəbər lenti