3 rayonun suya qovuşması: Ekoloji tarazlıq bərpa edilir

  3 rayonun suya qovuşması:  Ekoloji tarazlıq bərpa edilir
  09 Oktyabr 2020    Oxunub:3128
Sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində Azərbaycan Ordusu tərəfindən azad olunan Suqovuşan kəndində yerləşən su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin olunub.
Bunu Azvision.az -a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su anbarıları və hidroqovşaqların istismarı sektorunun müdiri Elxan Süleymanov deyib.

Onun sözlərinə görə, bununla ərazidə ekoloji tarazlıqın bərpa edilməsinə başlanılıb: "Bununla yanaşı, uzun illərdən bəri su təminatı çətin olan ərazilərə suyun verilməsi burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb. Bu ərazilərə öz axını ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyatında qənaətin yaranmasına səbəb olacaq".



Qeyd edək ki, Suqovuşan su anbarı Tərtər rayonun ərazisində Tərtərçay çayı üzərində yerləşir. 1976-ci ildə istismara verilmiş bu su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikdə 96217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 24481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 5912 ha, Bərdə rayonunun 12620 ha, Ağdam rayonunun 29886 ha və Ağcabədi rayonunun 2000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub. Lakin 28 il bundan əvvəl baş vermiş Qarabağ müharibəsi nəticəsində Suqovuşan su anbarı işğal olunub. Su anbarının o vaxtdan bəri işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Suqovuşan   Tərtərçay  





Xəbər lenti