“Yaxın günlərdə Paşinyan məşhər ayağına çəkiləcək” - Politoloq

“Yaxın günlərdə Paşinyan məşhər ayağına çəkiləcək” -  Politoloq
  10 Oktyabr 2020    Oxunub:3422
Ermənistanın sentyabrın 27-də başlatdığı müharibədə Azərbaycana uduzması bu ölkənin baş naziri Nikol Paşinyanı çıxılmaz vəziyyətə salıb. Erməni cəmiyyətinin gözünün açılması, döyüşlərlə bağlı məlumatlandırılmasını istəməyən Paşinyan çıxış yolunu informasiya blokadasında görür. Belə ki, onun Ermənistanda senzuranın tətbiqi ilə bağlı qərarı ölkəsində birmənalı qarşılanmayıb və yerli sakinlər bunu söz azadlığının boğulması kimi qiymətləndirirlər.
Siyasi ekspertlərin fikrincə, Paşinyanın uğursuz addımları ona baha başa gələcək.

Məsələni Azvision.az -a şərh edən politoloq Qabil Hüseynli deyib ki, bu gün müasir dünyada müharibə aparmaq o qədər də asan məsələ deyil. Qarşında ən müasir texnika və silah-sursatlarla silahlanan Azərbaycan kimi ölkə ilə müharibə aparmaq Ermənistan üçün sonu fəlakət deməkdir. Ona görə də müharibəyə başlamısansa, öz cəmiyyətini informasiya qıtlığında boğmaq əvəzinə xalqın tələblərinə uyğun davranmalısan. Uduzursansa, bunu gizlətməməli, xalqa etiraf etməlisən:

“Paşinyan elə bir vaxtda bu üsula əl atdı ki, artıq ölkədə panika yaranıb. Bu gün Ermənistanın bütün əhalisi müharibədə, cəbhəboyu döyüş meydanlarında uduzduqlarını bilir. Artıq hər bir erməni gözəl anlayır ki, ölkəsinin hərbi potensialı az qala məhv edilib. Böyük sayda əsgər ölümlərinin olması isə şübhə doğurmur. Hətta sadə ermənilər orduda olan minlərlə yaxınından, tanışından xəbərsizdir, itkin düşənlərin sayı hər gün artır”.

Politoloq deyib ki, hər nə qədər media cameəsini sıxsan da, erməni cəmiyyəti sosial şəbəkələrdən faciə və məğlubiyyətlə qarşılaşdıqlarını görür. Paşinyan bundan sonra senzuranı sərtləşdirsə belə, effekt verməyəcək: “Əgər senzura sərtləşdirilsə, xarici jurnalistlərin qarşısında belə sədd qoyulsa, bundan sonra ordunun istənilən xırda uğuru belə xalq tərəfindən şübhə ilə qarşılanacaq. Bu gün sosiallıq dövrüdür və heç nə gizlin qalmır. İnsanlar ekranda göstərilən, mediada yayılanlarla yanaşı, öz aralarında da müəyyən müzakirələr aparırlar. Hətta ola bilsin ki, senzuradan sonra ermənilər sosial mediada müəyyən məsələləri müzakirə etməklə prosesləri, müharibə hadisələrini daha da şişirdilmiş, təhrif olunmuş formada bir-birinə ötürəcək. Əlbəttə bu, Ermənistanın daxili işi və problemidir. Amma düşünürəm ki, Paşinyanın son addımı lazımi effekt verməyəcək”.

Qabil Hüseynlinin sözlərinə görə, Nikolun son addımları göstərdi ki, Paşinyan ciddi surətdə qorxu içindədir və xalqdan ehtiyat edir: “Ölkədə küçə aksiyaları, müharibənin gətirdiyi iqtisadi-sosial çətinliklərdən cana yığılan ermənilərin meydanlara axışı hər an baş verə bilər. Balaca bir qığılcım ölkəni başdan ayağa mitinq meydanına çevirə bilər. Sadəcə olaraq, indi mitinq təşkilatçılarının buna həvəsi yoxdur. Mitinq təşkilatçıları olan və müharibədən qabaq kütləvi aksiya təyin etmiş birləşmiş müxalifət nümayəndələri başa düşürlər ki, indiki şəraitdə vəziyyəti gərginləşdirməklə yalnız Paşinyana deyil, ümumilikdə Ermənistana ciddi zərər vuracaqlar. Təəssüf ki, onlar mitinq taktikasını hələlik təxirə salıblar. Amma bu məsələlərin getdikcə şiddətlənməsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək perspektivləri yaradır. Bu reallaşandan sonra Paşinyanın xalq tərəfindən ciddi sorğuya və hətta müəyyən mənada dar ağacına çəkilməsinin də şahidi ola bilərik”.

Politoloq onu da vurğulayıb ki, erməni cəmiyyəti gələcəkdə Paşinyanla sağollaşsa, uğursuz baş naziri hərbi tribunala göndərə bilər. Yəni indiki ciddi itkilərlə müşaiyət olunan müharibənin sonunda belə qərarların çıxarılması labüddür: “Paşinyan nəinki bugünkü anormal qərar və senzuraları, sentyabrın 27-dən yol verdiyi səhvlərə görə, xüsusən də Dağlıq Qarabağla bağlı danışıqlar prosesini pozduğu üçün ciddi surətdə ittihamlarla üz-üzədir. Bu ittihamlar erməni cəmiyyətində də artır və sabah onun kütlə içinə alnıaçıq çıxa biləcəyi real görünmür. Bu mənada ehtimal etmək olar ki, yaxın günlərdə Paşinyanın məşhər ayağına çəkilməsi prosesi başlayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti