XİN: Humanitar yardım adı altında Ermənistana silahlar daşınır

  XİN:  Humanitar yardım adı altında Ermənistana silahlar daşınır
  10 Oktyabr 2020    Oxunub:3254
Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə bu dövlətə aid təyyarələrlə oraya silahların daşınması həyata keçirilir.
Bu barədə Azvision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Ermənistan hökumətinin qeydiyyatında olan təyyarələrdən və xarici ölkələrə səfər adı altında rəsmi səfərlərdən istifadə olunur.

Həmçinin Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya bu ölkəyə humanitar yardım gətirməsi adı altında bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. Burada, xüsusilə raket sistemlərinin və digər silahların daşınması həyata keçirilir.

Vurğulanıb ki, 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir. Konvensiyanın 44-cü maddəsinə əsasən, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və tənzimlənən inkişafının təmin edilməsi, hava gəmilərinin sülh məqsədilə istismarının təşviq edilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) əsas məqsədlərindən biridir.

“Bununla əlaqədar olaraq, məsələnin araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edilib”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti