Ermənistana gizli yolla silah daşınır

  Ermənistana gizli yolla silah daşınır
  10 Oktyabr 2020    Oxunub:12414
Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbələr alan və hərbi texnikaları tamamilə məhv olmuş Ermənistan müxtəlif üsullarla silah-sursat bazarına çıxmaq və yeni silahlar almaq üçün yollar axtarır.

Təsadüfi deyil ki, bir müddət əvvəl mediada Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Dağlıq Qarabağa səfərdən sonra silah təchizatı ilə bağlı məsələləri həll etməyə çalışdığı barədə məlumatlar yayılmışdı.
Ehtimal edilir ki, Koçaryan müharibəni faktiki olaraq uduzan hazırki baş naziri devirmək üçün daha çox fəallıq göstərir, gizli yollarla Qarabağa silah-sursat gətirməklə yenidən hakimiyyətə yiyələnmək niyyətindədir. Hazırki situasiya "Qarabağ klanı"nın hakimiyyət yolunda startda olduğunu göstərir.

Son məlumatlara görə, artıq humanitar yardım adı altında mülki təyyarələrlə Ermənistana silahlar daşınır. Silah qaçaqmalçılığının Rusiya vasitəsilə həyata keçirildiyi bildirilir. Rusiyanın rəsmi orqanlarının bu prosesdə iştirakını təsdiq edən hər hansı məlumat yoxdur.
Silahların daşınması prosesində əsas iştirakçılar Ermənistanın müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyandır.

Ermənistanda “boz biznesmen” kimi tanınan David Qalustyan baş nazir Nikol Paşinyan və onun ailə üzvlərinin də iştirak etdiyi böyük silah qaçaqmalçılığı prosesində ad çıxarıb. Burada söhbət Ermənistanın KTMT çərçivəsində güzəştli qiymətlərlə əldə etdiyi silahların üçüncü ölkəyə baha qiymətə satışından gedir. Məhz bu fırıldağa görə Qalustyan Rusiyadan qovulmuşdu.

Həmçinin, Ermənistana silahların daşınması məsələsində oktyabrın 3-də Rusiyaya səfər edən baş nazirin müavini Mqer Qriqoryanın və oktyabrın 4-də həmin ölkədə olan Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçayanın da yaxından iştirak etmələrinə dair məlumatlar var.

Hazırda Atlantic Airways şirkətinin Ermənistana uçuşlarının bərpa edilməsi, Ermənistandan Rusiyanın Mineralnıye vodı şəhərinə reyslərin açılması silahların daşınması üçün imkanları daha da genişləndirib.

Bütün bunlar Ermənistan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.

Əldə olunan son məlumatlara görə, hazırda Ermənistana daşınan silah-sursat “İqla” daşınan zenit-raket kompleksləri, “Kornet” daşınan tank əleyhinə raket kompleksləri, “Smerç” daşınan reaktiv yaylım atəşi sistemləri və digərlərindən ibarətdir.

Təbii ki, Rusiyanın rəsmi hakimiyyət orqanlarının bu məsələ ilə maraqlanmasına və müvafiq tədbir görməsinə ehtiyac var. Təəssüf ki, silah qaçaqmalçılığı hazırda Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini raket atəşinə tutduğu və mülki vətəndaşların qətlə yetirildi vaxtda baş verir.

Həmçinin, silah qaçaqmalçılığı üçün ərazisi istifadə oluna biləcək, Azərbaycana siyasi dəstək ifadə edən İranın və öz ərazisindən silah daşınmasına yol verməyəcəyini bəyan etmiş Gürcüstanın da ayıq-sayıq olması lazımdır.

Azvision.az


Teqlər: Ermənistan   Silah   Qaçaqmalçılıq  





Xəbər lenti