120 ölkənin üzv olduğu təşkilatdan Azərbaycana mühüm dəstək

120 ölkənin üzv olduğu təşkilatdan Azərbaycana mühüm dəstək
  10 Oktyabr 2020    Oxunub:3825
Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi əks-hücum əməliyyatlarına bir çox dost dövlətlərdən dəstək gəlməkdir. Prosesdə beynəlxalq təşkilatların da mövqeyi mühüm əhəmiyyətə malikdir. Artıq bəzi beynəlxalq qurumlar bizim haqlı davamıza dəstək göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpasını önə çəkirlər. Buna nümunə olaraq, ötən gün Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş görüşündə iştirakçı dövlətlərin qəbul etdiyi xüsusi bəyanatı vurğulamaq olar.
Qoşulmama Hərəkatının nazirlər səviyyəsində təşkil olunan virtual görüşü təşkilatın Ermənistan ilə Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) əsasında həllinə dəstəyini bir daha təsdiqləyir. Hərəkatın üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və təşkilatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan ilə həmrəyliklərini bildirirlər.

120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatının qəbul etdiyi həmrəylik bəyanatı ölkəmizə böyük siyasi dəstək kimi qiymətləndirilir. Siyasi ekspertlər də hesab edirlər ki, rəsmi Bakının yalnız döyüş meydanında deyil, diplomatik cəbhədə, beynəlxalq arenada da uğurlu gedişlər etməsi münaqişənin tez və ədalətli həllində əsas rol oynaya bilər.

Məsələni Azvision.az -a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Qoşulmama Hərəkatının Ermənistan üçün arzuolunmaz bəyanat qəbul etməsi bizə əlavə üstünlük verir, oxşar addımların digər beynəlxalq təşkilat və super güc olan dövlətlər tərəfindən da atılması vacibdir.

“Düzdür, indiki həssas dönəmdə Qoşulmama Hərəkatının bizim xeyrimizə olan xüsusi bəyanat qəbul etməsi alqışlanmalıdır. Amma bizim üçün ən önəmli məqam o olardı ki, Qoşulmama Hərəkatına üzv dövlətlər ayrı-ayrılıqda da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edərdilər. Məsələn, biz bəzən türkdilli dövlətlərdən də şikayət edirik ki, onlar Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə kifayət qədər dəstək vermirlər. Halbuki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin bəyanatı var ki, orada da Azərbaycanın ərazi bütövlüyü aşkar şəkildə dəstəklənir və Dağlıq Qarabağın Azərbaycana aid olduğu vurğulanır. Ancaq bu kifayət etmir. Təbii ki, rəsmi Bakı istəyər ki, ayrı-ayrılıqda Qazaxıstandan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olmasa belə Türkmənistandan, Qırğızıstandan ciddi dəstək açıqlamaları və bəyanatlar eşidək.

Yenə də qeyd edirəm ki, ayrı-ayrı təşkilatların bizə dəstək verməsi, ərazi bütövlüyümüzü tanıması, bu mübarizədə yanımızda olması önəmli məqamdır. Amma daha vacib məqam təşkilatlara üzv olan ölkələrin Azərbaycana birbaşa və aşkar dəstək göstərməsidir. İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən neçə-neçə qətnamə qəbul edib. Amma bəzən biz nələri müşahidə edirik? Görürük ki, İslam Əməkdaşlıq Təşkilatına daxil olan bəzi dövlətlər Ermənistanla açıq və sıx şəkildə əməkdaşlıq edirlər. Hətta Livan kimi dövlətin işğal olunmuş ərazilərimizə terrorçuların göndərməsinin şahidi olmuşuq. Bu gün də Livan vətəndaşı olan erməni terrorçularının bu ölkədən Ermənistan və Dağlıq Qarabağ ərazilərinə rahat şəkildə axın etməsini müşahidə edirik. Yəni təşkilatların dəstək açıqlamaları nə qədər önəmlidirsə, bu beynəlxalq qurumlara üzv olan dövlətlərin ayrıca dəstək göstərməsi bir o qədər mühüm əhəmiyyətə malikdir”.



Politoloq onu da vurğulayıb ki, Qoşulmama Hərəkatının ədalətli mövqeyi və bütün dünyanın qəbul etdiyi ərazi bütövlüyü prinsipini qabartması digər beynəlxalq təşkilatlara nümunə olmalıdır. Elxan Şahinoğlu ortada bu qədər sənəd və faktların olmasına rəğmən əksər qurumların hələ də anormal mövqe sərgiləməsini paradoks adlandırıb:

“Əslində son iki həftə ərzində beynəlxalq təşkilatların Azərbaycanın haqq davasında sərgilədiyi mövqe və ya susqunluqları qənaətbəxş deyil. Düzdür, bizim xeyrimizə olan bəzi dəstək açıqlamalarının şahidi olduq. Amma BMT kimi təşkilatın baş katibi açıqlama yaysa da, özləri qəbul etdikləri 4 qətnaməni xatırlatmadı. Yəni çox təəssüf ki, yeddi rayon amili və BMT qətnamələri bir çox hallarda xatırladılmır. Halbuki biz məhz BMT-nin məlum qətnamələrinə uyğun olaraq öz qanuni, tarixi torpaqlarımızı işğaldan azad edirik. Nə Fransa, nə Almaniya, nə də digər mühüm dövlətlərin rəhbərləri son hadisələrdən danışarkən qeyd etdiyim mühüm amili xatırlatmadılar. Əlbəttə, bizə dost olan və haqlı mövqe sərgiləyən ölkələr - Ukrayna, Bosniya və Hersoqovina, Macarıstan, Latviya, Türkiyə və bu kimi dövlətlər qətnamələri yada saldılar. Rəsmi Bakı gözləyir ki, beynəlxalq təşkilatlar və əksər ölkələr bəyanat yayarkən iki amilə diqqət çəksinlər. Bunlar BMT-nin 4 qətnaməsi və işğal altında olan 7 rayonumuzla bağlı məsələlərdir. Təəssüflər olsun ki, bir çox hallarda bizim üçün vacib olan bu iki amil unudulur”, - deyən politoloq ümumilidə Qoşulmama Hərəkatının Azərbaycana dəstək bəyanatının hazırkı məqamda vacib olduğunu əlavə edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: QoşulmamaHərəkatı   DağlıqQarabağ  





Xəbər lenti