Moskva görüşü Ermənistanın son şansıdır

 Moskva görüşü Ermənistanın son şansıdır
  10 Oktyabr 2020    Oxunub:4017
İki həftəlik ağır döyüşlərdən sonra dünən ilk dəfə Azərbaycan və Ermənistan rəsmiləri bir masa arxasında oturaraq müəyyən təmaslar qurdular. Rusiyanın vasitəçiliyi ilə reallaşan danışıqlarda hər iki ölkənin xarici işlər nazirləri qısa müddətli humanitar atəşkəsin elan olunması ilə bağlı razılıq əldə etdi. Moskva görüşünün nəticələrindən məlum oldu ki, Azərbaycan hərbi üstünlüyünü diplomatiya meydanına daşıya bildi.
Tərəflər arasında razılaşma uzunmüddətli atəşkəs rejimi haqqında deyil, məhz humanitar xarakterli müvəqqəti atəşkəsdir. Razılaşma hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu, təmaslarda birinci mərhələ, hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınması deməkdir. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində ciddi addımlar atmayacaqsa, hərbi əməliyyatlar bərpa oluna bilər.

Politoloqlar hesab edirlər ki, fasilə müharibələrdə normal haldır. Ermənistan aldığı dərslərdən peşman olub atəşkəsdən sonra da iddialarından əl çəkməsə, münaqişənin həllindəki ikinci mərhələ onlar üçün baha başa gələcək.

Moskva görüşünü Azvision.az -a şərh edən politoloq Fikrət Sadıqov deyib ki, humanitar atəşkəs Ermənistan üçün torpaqların tərk edilməsində son şans olmalıdır. Çünki, bütün dünya Azərbaycan xalqının əzmini gördü. Azərbaycan Ordusu 13 gün ərzində Ermənistanın 30 ildə havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qura bilsin.

“Rusiyanın vasitəçiliyi ilə elan olunmuş atəşkəs humanitar xarakter daşıyır və bu sadəcə olaraq adi bir razılaşmadır. Moskvada əldə edilən razılaşmaların nəticəsi budur ki, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradılacaq. Yəni indiki silahların yerə qoyulması ilə bağlı humanitar addım o demək deyil ki, erməni ordusunun bundan sonra da torpaqlarımızda mövcudluğuna razı olacağıq. Əgər Ermənistan qarşıdakı günlərdə və ya aylarda yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər. Biz dəfələrlə bir məsələni xüsusi olaraq qabartmışıq ki, bu da rəsmi Bakının beynəlxalq aləmə, təşkilatlara, Minsk Qrupuna Ermənistanın qrafik təqdim etməsi ilə bağlı şərtidir. Bu gün də deyilir ki, xüsusi qrafik əsasında erməni hərbçiləri beynəlxalq qanun və hüquqlarla təsbit edilmiş Azərbaycan torpaqlarından rədd olmalıdır. Özü də bu proses birdəfəlik həyata keçirilməlidir. Hansısa qismən boşaldılmalar və s. bizi qane etmir. İndi yeganə məqsəd, tələb və şərt torpaqların dinc yolla azad olunması, yaxud güc yolu ilə təmizlənməsidir”.



Fikrət Sadıqovun sözlərinə görə, artıq hiss olunur ki, qarşı tərəfin ambisiyaları arxa plana keçib. Hətta Moskva razılaşmasında bir maddə qeyd edilib ki, dünənə qədər “Qarabağ Ermənistandır” deyib siyasi əda göstərənlər indi danışıqların baza prinsipləri əsasında aparılmasına razıdırlar. Son vaxtlar Azərbaycanı separatçı və terrorçu rejimlə danışıqlar aparmağa çağıran Ermənistan, son günlər acizanə şəkildə hansı vəziyyətə düşdüyünün fərqində oldu:

“Biz hərbi-iqtisadi, diplomatik gücümüzlə bunu sübut etdik ki, nəinki qondarma rejimlərlə eyni masa arxasında oturmaq, danışıqlara yeddi şərtlə gələnlərlə müzakirələr aparmaq fikrində deyilik. Bax budur günün reallıqları. Düşünürəm ki, panikaya düşməyə gərək yoxdur. Hələlik Moskva sazişi müvəqqəti razılaşmadır. Qarşı tərəf şərtlərimizə əməl etməsə, təbii ki, öz uğurlu hərbi əməliyyatlarımızı davam etdirəcəyik, hər gün azad olunan yeni əraziləri bayram kimi qeyd edəcəyik”.

Politoloq onu da vurğulayıb ki, hazırda əsas tələbimiz BMT-nin qətnamələrinin reallaşdırılmasıdır. Nəhayət ki, son hadisələrdən sonra başından vurulan qarşı tərəf qətnamələrə əməl etməlidir: “Digər bir tərəfdən Madrid prinsipləri də mövcuddur ki, bu da vaxtilə baza prinsiplərində əsas götürülürdü. Bizim rayonlarda dayanan erməni ordusu torpaqları tamamilə boşaldaraq geri çəkilməli idi. Qeyd etdiyim kimi biz bu istiqamətdə dəfələrlə şərt irəli sürmüşük ki, qarşı tərəf bizə ərazilərimizdən çıxılması ilə bağlı konkret qrafik təqdim etməlidir. Prezident də son günlər bu məsələni bir neçə dəfə gündəmə gətirib. Aşkar şəkildə deyib ki, sülh, əmin-amanlıq, ədalətli danışıqlar prosesi və nəticə tərəfdarısınızsa, ortaya konkret əməl, qrafiklə geri çəkilmə prosesləri qoyun ki, silahlarımız sussun!

Əlbəttə, mən şəxsən belə bir analoqu olmayan ölkənin xarici siyasətinə, diplomatiyasına, Qarabağ məsələsində ortaya qoya biləcəyi hansısa sözvermə xarakterli mövqeyə inana bilmirəm. Bu illər ərzində dəfələrlə atəşkəsin kobud şəkildə pozulmasının, xeyli sayda bağışlanmaz təxribat hücumlarının şahidi olmuşuq. Nəinki postlarda, sərhəd və səngərlərdə silah qaldırmayan hərbçilərimizə, dinc əhaliyə, uşaqlara belə göz görə-görə divan tutulub, atəş açılıb. Bu cür nifrət qoxuyan bir ölkəyə, indiki anormal rəhbərliyə inanmaq bir qədər risklidir. Amma bu gün Rusiya amili qabarıq şəkildə özünü göstərməyə başlayırsa, Kreml bizi təkidlə düşmənlə bir masa arxasına dəvət edirsə, onun da məsuliyyəti meydana çıxır. Bu gün bizdən razılaşmanı xahiş edən Rusiya müttəfiqi kimi qarşı tərəfə təzyiqlər göstərməlidir ki, onlar bundan sonra sənəd və sözlərində dürüst olsunlar. İki həftəlik müharibədən sonra Ermənistan hansısa razılaşmanı pozacaqsa, biz onların “böyük qardaş”ına deyə biləcəyik ki, artıq sizin də iştirakçısı olduğunuz yeni razılaşma pozuldu. Bu səbəbdən indi əl qolumuz daha geniş açılır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Politoloq  





Xəbər lenti