Azay Quliyev sülh şərtlərini Berlin TV-yə şərh edib - VİDEO

   Azay Quliyev sülh şərtlərini Berlin TV-yə şərh edib -    VİDEO
  11 Oktyabr 2020    Oxunub:5939
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyev Almaniyanın Berlin TV kanalına müsahibə verib.
Azvision.az -ın məlumatına görə, Azay Quliyev Ermənistanın Azərbaycana qarşı uzun müddət təcavüzə hazırlaşdığını, danışıqlar prosesinin bilərəkdən pozduğunu və qəbul edilməz şərtlər irəli sürdüyünü və sentyabrın 27-də isə ölkəmizə hücum etdiyini bildirib.

Azay Quliyev Ermənistanın mülki əhaliyə qarşı müharibə cinayəti törətdiyini, rayon və şəhərlərimizin bombaladığını, işğalçı ölkənin üçüncü tərəfi münaqişəyə cəlb etmək istədiyini qeyd edib. Daha sonra millət vəkili Ali Baş Komandan cənab İlham Əliyevin sülh danışıqları ilə bağlı şərtlərini sadalayıb və yalnız bu şərtlər çərçivəsində danışıqların bərpa edilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Sonda Azay Quliyev Fransanın birtərəfli qaydada Ermənistanı müdafiə etməsinin ATƏT-in Minsk qrupunun həmsədrlik mandatına zidd olduğunu və işğalı təşviq etmək kimi qiymətləndirib, Almaniyanın Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarması haqqında işğalçı ölkəyə çağırış etməsinin vacibliyini bildirib.



Berlin TV: Ermənistan və Azərbaycan arasında münaqişə zonasında yaranmış son vəziyyət barədə nə deyə bilərsiniz? Hazırda durum necədir?

Azay Quliyev: Hazırkı hadisələrə keçməzdən öncə qeyd etmək istərdim ki, Ermənistan son iki il ərzində məqsədyönlü şəkildə bu təxribata gedirdi, açıq şəkildə sülh danışıqlarına xələl gətirir və qəbuledilməz tələblər irəli sürürdü.

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gəldikdə biz ümid edirdik ki, yeni hakimiyyət sələflərinin səhvlərini təkrarlamayacaq və Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifini qəbul edəcək.

Danışıqlar masasına təklif olunan ədalətli həllin ilk mərhələsində Ermənistan hərbi qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı 7 işğal edilmiş rayondan, ikinci mərhələdə isə Dağlıq Qarabağ ərazisindən çıxararaq bütün məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı üçün şərait yaratmalı idi. Üçüncü, yəni ki, son mərhələdə isə Azərbaycanın Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni icmasının birgə qərarı ilə bölgənin hüquqi statusunu müəyyən edilməli idi. Amma təəssüf ki, Paşinyan danışıqlar prosesini xələl gətirərək ötən illərdə əldə olunan irəliləyişləri heçə endirdi.

İndi isə Ermənistan hökumətinin münaqişənin sülh yolu ilə həllinə ciddi ziyan vuran bəzi əməllərinə diqqətinizi çəkmək istərdim.

Birincisi, Ermənistanın müdafiə naziri açıq şəkildə Ermənistan hökumətinin yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşdığını bəyan edir. Bu da o deməkdir ki, Ermənistan hələ də Azərbaycana qarşı yürüdülən işğalçı və təcavüzkar siyasətdən əl çəkmir.

İkincisi, Baş nazir Paşinyan bildirir ki, Qarabağ Ermənistandır və nöqtə. Bu bəyanatın məqsədi isə danışıqlar prosesini tam olaraq məhv etməkdir.

Üçüncüsü, Ermənistan ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə razılaşdırılmış danışıqlar prosesi formatını dəyişməyə cəhd edir və Dağlıq Qarabağdakı oyuncaq rejimini də danışıqlar tərəfi etməyə çalışır. Bu da süni şəkildə vəziyyəti gərginləşdirmək cəhdi kimi nəzərdən keçirilməlidir.

Bundan sonra isə Paşinyan növbəti təxribata əl ataraq qanunsuz rejimin “rəhbərinin” andiçmə mərasimini işğal olunmuş, bizim üçün müqəddəs olan Şuşada təşkil edir. İşğala qədər Şuşanın əhalisinin demək olar ki 98%-i azərbaycanlı olmuşdur.

Bütün bunların davamı olaraq Ermənistan Azərbaycanla sərhəddə təxribata əl ataraq Azərbaycan silahlı qüvvələrinə və mülki əhalimizə iyulun 12-də hücum etdi ki, bunun da nəticəsində 12 hərbçimiz və 76 yaşlı mülki şəxs həlak olmuşdur.



Avqustun 23-də Ermənistanın diversant qrupu ölkəmizdə terror aktı təşkil etmək üçün təmas xəttini keçməyə cəhd edib. Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan Azərbaycan ordusunun tədbirləri nəticəsində saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. Bu da onu göstərir ki, Ermənistan Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşırdı. Bu hücum sentyabrın 27-də baş verdi.
Azərbaycan Ermənistanın bu təcavüzkar əməllərilə əlaqədar əks-hücum və cavab tədbirləri görür ki, bunun da nəticəsində onlarla kənd, həmçinin Cəbrayıl şəhəri işğaldan azad edilib.

Bu, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən leqitim olan özünümüdafiə hüququdur.

Berlin TV : Əldə etdiyimiz məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və strateji infrastrukturunu hədəf alır. Bu barədə bizə nə deyə bilərsiniz?

Azay Quliyev: Bəli, təəssüflər olsun ki, Ermənistan qlobal səviyyədə qəbul edilmiş beynəlxalq hüquq norma və prinsiplərini kobud və vicdansızcasına pozur.
Ermənistan mülki əhalimizin sıx yerləşdiyi, bəziləri isə münaqişə zonasından yüzlərlə kilometr məsafədə olan 15 böyük şəhər və rayonumuzu hədəf alır.

Mülki şəxslərin öldürülməsi müharibə cinayətidir və Ermənistan bu cür qeyri-insani hərəkətlərə görə layiqincə cəzalandırılmalıdır. Ermənistan dövləti bu cinayəti törətməklə bir daha terrorçu mahiyyətini nümayiş etdirir.

Bugünədək Ermənistan Azərbaycanın şəhər və kəndlərinə 15 mindən çox mərmi atıb.
Ermənistanın münaqişə zonasından tamamilə uzaqda olan Gəncə şəhərinə beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalar atması açıq hərbi cinayətdir.

Bununla bərabər Ermənistan Mingəçevir şəhərində yerləşən Cənubi Qafqazın ən böyük su elektrik stansiyasına da raket hücumu edib. Bu stansiyanın dağıdılması Azərbaycanın və qonşu ölkələrin əhalisi üçün humanitar fəlakətə gətirib çıxara bilər ki, bu da insanlığa qarşı müharibə cinayətidir.

Oktyabrın 6-da Ermənistan Azərbaycanın Yevlax bölgəsi yaxınlığında Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset bombası atıb. Qeyd edək ki, raket boru kəmərindən cəmi 10 metr aralıya düşüb.

Azərbaycan Respublikasının mülki əhalisinin və strateji əhəmiyyətli infrastruktur
obyektlərinin qəsdən atəşə tutulması 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və Ermənistan buna görə məsuliyyətə cəlb olunmalıdır.

Bu günə olan məlumata görə Ermənistan 32 mülki vətəndaşımızı qətlə yetirib, 165 nəfər isə yaralayıb. 1000-dən çox mülki obyekt və binanı dağıdıb.

Berlin TV: Hazırda dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar münaqişə tərəflərini dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlara qayıtmağa çağırırlar. Hansı şərtlərlə biz, Ermənistanla Azərbaycan arasında atəşkəsin ən qısa müddətdə bərpa olunmasının şahidi ola bilərik?

Azay Quliyev: Düzgün qeyd etdiyiniz kimi, bir çox dövlətlər, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərliyi və digərləri Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıblar.

Qeyd etdiyim kimi, hərbi əməliyyatlar Azərbaycan ərazisində həyata keçirilir və
Azərbaycanın özünümüdafiə hüququ var. Münaqişənin əvvəlində Azərbaycan sülh yolunun tərəfdarı idi. Azərbaycan indi də münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

Bunun üçün biz, Prezident İlham Əliyevin bildiridiyi kimi aşağıdakı şərtlərin icrasını görməliyik:

Birincisi, “Qarabağ Ermənistandır” deyən erməni baş nazir Nikol Paşinyan Azərbaycan xalqından üzr istəməlidir. O, etiraf etməlidir ki, Qarabağ Ermənistan deyil.

İkincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə təsdiq edilmiş sərhədlərinin toxunulmazlığını rəsmən tanımalı və beynəlxalq hüquq normaları və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə uyğun olaraq hərbi qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal geri çəkməlidir.

Üçüncüsü, Paşinyan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş hər bir bölgəsindən nə vaxt çıxacağının qrafikini müəyyən etməlidir.

Dördüncüsü, Ermənistanın bu şərtləri tezliklə icra edəcəyinə dair Minsk Qrupu həmsədrlərinin verdiyi tam zəmanətimiz olmalıdır.

Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, bunun alternativi yoxdur. Əgər Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini təqdim edəcəyi qrafik əsasında tərk etməyə hazırdırsa onda, düşünürəm ki, hərbi əməliyyatların davam etdirilməsinə ehtiyac olmayacaq. Əks təqdirdə isə, əgər Ermənistan hələ də Azərbaycana qarşı müharibə elan etməyə, Fransa, Yunanıstan və digər ölkələrdən əlavə muzdlu döyüşçülər cəlb etməyə davam edəcəksə, o zaman hərbi əməliyyatların dayandırılması real görünmür.

Berlin TV: Sizcə, Ermənistan-Azərbaycan münaqişəsinin geniş miqyaslı regional müharibəyə çevrilməsi üçün real potensial mövcuddur?

Azay Quliyev: Təəssüf ki, münaqişəyə üçüncü ölkənin, əsasən Rusiya Federasiyasının cəlb edilməsi və bütün məsuliyyətin onun üzərinə qoyulması Ermənistanın əsas məqsədidir.
Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ermənistan bütün mümkün üsullar ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını hərbi əməliyyatlara cəlb etməyə çalışsa da, onun bütün cəhdləri nəticəsiz qaldı.

Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatların Ermənistanda deyil, KTMT-yə üzv olmayan Azərbaycan ərazisində aparıldığını, buna görə də KTM-nin müdaxilə etməyəcəyini bildirdi. Buna görə KTMT nizamnaməsinə uyğun olaraq bu təşkilatın hazırda davam edən hərbi əməliyyatlara müdaxilə etməsi mümkün deyil və onlar da bunu bəyan etdilər.

Berlin TV: Regional müharibə ssenarisinin reallaşmasına imkan verməmək üçün Avropa İttifaqı dövləti olan Almaniyanın mövqeyi nə cür olmalıdır?

Azay Quliyev: İlk olaraq, hesab edirəm ki, Almaniya Fransa ilə danışıq apararaq bu ölkəni erməni təcavüzünü dəstəkləyən birtərəfli və qərəzli bəyanatlar səsləndirməməyə çağırmalıdır. Bildiyiniz kimi ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya Federasiyası və Fransa neytrallığı qorumalı və bitərəf vasitəçi funksiyasını yerinə yetirərək münaqişəyə son qoymalıdır.

Lakin, Fransanın prezidenti Makronun son bəyanatı bu ölkənin mandatına tamamilə ziddir. Fransa heç bir halda erməni təcavüzünü və işğalçılığını dəstəkləməməlidir.

Digər tərəfdən, Bundestaqda qəbul etdiyi qətnamələrdə, ölkə rəsmilərinin, XİN-in çıxışlarında Azərbaycanın ərazi bütövlüyünə daim dəstəyini bildirən Almaniya Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə və silahlı qüvvələrini BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə uyğun şəkildə işğal altında olan torpaqlarımızdan çıxarmağa çağırmalıdır.

Düşünürəm ki, bu, Almaniyanın Ermənistana işğalçılığa son qoymağın vaxtının çatdığı barədə effektiv siqnalı olacaq.

Biz 30 ilə yaxındır ki Ermənistanın cinayətkar əməllərinə dözmüşük, amma artıq Ermənistan beynəlxalq ictimaiyyətin tələblərini icra etməlidir. ATƏT PA, AŞPA və Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınan ərazilərinə birmənalı dəstəklərini qəbul etdikləri qətnamə və qərarlarda ifadə edib və Ermənistanı öz silahlı qüvvələrini Azərbaycandan çıxarmağa çağırıb, amma bunların heç biri həyata keçirilməyib.

Buna görə də, indi Almaniya Ermənistanın işğalını dayandırması üçün daha fəal və qətiyyətli olmalıdır. Ermənistan dünya ictimaiyyətinin, o cümlədən də Almaniyanın müvafiq çağırışlarını icra etməlidir.

Azvision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti