“Düşmənin məqsədi mülki şəxslərdən qisas almaqdır” - Gəncənin deputatı

 “Düşmənin məqsədi mülki şəxslərdən qisas almaqdır” -  Gəncənin deputatı
  11 Oktyabr 2020    Oxunub:2974
“Gəncənin gecə saatlarında məhz humanitar atəşkəs elan olunandan sonra vurulması düşmənin böyük təxribatıdır. Nəinki biz, bütün dünya bir daha işğalçı ölkənin əsl simasını gördü”.
Bu barədə Azvision.az -a açıqlamasında Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, düşmən atəşkəs dövründə də hiyləgər və məkrli siyasətindən geri qalmır:

“Biz bütün dəyərləri ayaq altına almış çox radikal bir düşmənlə üz-üzəyik. İşğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, habelə, 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, dinc sakinlərimizi bilərəkdən hədəfə almaqda davam edir. Heç bir beynəlxalq konvensiya və hüququ tanımayan, istənilən sənədi ayaqlayan Ermənistan bu gecə yenicə əldə olunmuş razılaşmanı, atəşkəsi xaincəsinə pozdu. Uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəsini vurmaları onların xain planlarının bir hissəsi idi. Təəssüflər olsun ki, bu terror aktı nəticəsində bir neçə Gəncə sakini dünyasını dəyişib, 30-a yaxın insan ağır bədən xəsarətləri alıb”.
Gəncədə zəncirvari yol qəzası baş verib

Naqif Həmzəyevin sözlərinə görə, hazırda azğınlaşmış erməni ordusunun yeganə məqsədi mülki şəxslərdən maksimum qisas almaqdır: “İstənilən halda biz haqq davamızdan geri dönməyəcəyik, bütün dünyaya çağırış edirik ki, beynəlxalq konvensiyaları nümayişkaranə şəkildə tapdalayan ölkəni durdursunlar. Dünya səsini çıxarmasa, daha da azğınlaşacaqlar. Çünki erməni ordusunun, ümumilikdə Ermənistanın məqsədi sırf dinc əhalini hədəf almaqdır. Bu gecə baş verənlər bir daha sübut etdi ki, onlar cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün bizim dinc sakinləri qətl etmək, vətəndaşlarımız arasında təşviş yaşatmağa çalışırlar. Amma əvvəlki günlərdə olduğu kimi, bu gün də gəncəlilər arasında təşviş yaşanmır, düşmən öz arzu və xain niyyətlərini reallaşdıra bilməyəcək”.

Qeyd edək ki, düşmən ordusunun gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində azı 7 nəfər həlak olub, 30-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Gəncə   Deputat  





Xəbər lenti