Türkiyə XİN: Gəncəyə raket hücumunu şiddətlə qınayırıq

  11 Oktyabr 2020    Oxunub : 3538
      Türkiyə XİN:    Gəncəyə raket hücumunu şiddətlə qınayırıq
Ermənistanın humanitar atəşkəs razılaşmasını pozaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumunu şiddətlə qınayırıq. Münaqişə bölgəsinə 100 kilometr məsafədə yerləşən Gəncədə çoxmənzilli binanı hədəf alaraq 9 mülki şəxsin ölümünə, 30-dan çox insanın yaralanmasına səbəb olan bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal altındakı Azərbaycan torpaqlarından kənara çıxarmaq məqsədilə törətdiyi təxribatların yeni örnəyidir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bu hücum Ermənistanın işğalçılıq siyasətini davam etdirmək üçün beynəlxalq humanitar hüquq normalarını pozmaqdan çəkinmədiyini və atəşkəs dilindən anlamadığını ortaya qoymaqdadır:

"Ermənistanın bu təcavüzkar əməlləri təəccüblü olmamaqla bərabər, həmişəki işğalçı və qəsbkar düşüncəsinin açıq ifadəsidir. Beynəlxalq ictimaiyyət bu hüquq tanımaz əməllərə “Dayan!” deməlidir. Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycana “Başın sağ olsun” deyir, yaralılara şəfa diləyirik. Türkiyə hər zamankı kimi Azərbaycanın yanındadır”.

Azvision.az

Teqlər: Türkiyə   XİN