QHT-lərdən beynəlxalq təşkilatların rəhbərlərinə müraciət

QHT-lərdən beynəlxalq təşkilatların rəhbərlərinə müraciət
  11 Oktyabr 2020    Oxunub:4642
Azərbaycanda fəaliyyət göstərən 532 QHT Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə əlaqədar BMT-nin Baş katibinə, AŞPA-nın prezidentinə, ATƏT PA-nın prezidentinə, NATO-nun Baş katibinə, NATO PA-nın prezidentinə, Avropa İttifaqı Komissiyasının prezidentinə, Avropa Şurasının prezidentinə, Avropa Parlamentinin prezidentinə, UNICEF-in icraçı direktoruna müraciət ünvanlayıb.
Azvision.az müraciəti təqdim edir:

- Məlum olduğu kimi, 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında üçtərəfli görüş keçirilib. Təxminən 11 saat davam edən görüşdən sonra 4 bənddən ibarət razılıq əldə olunub:

-2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur;

-Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

-Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

-Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 7-dən çox mülki şəxs həlak olub və 33-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır. Ümumilikdə isə son 15 gündə Ermənistan tərəfindən 40 nəfər mülki şəxs öldürülüb, 230-dan çoxu isə yaralanıb.

Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir. Bundan başqa Ermənistanın 10 oktyabr 2020-ci ildə imzalanmış Moskva razılaşmasının bütün bəndlərini kobud şəkildə pozması bir daha onu sübut etdi ki, işğalçı ölkə son 28 ildə olduğu kimi yenə də münaqişəni sülh və danışıqlar yolu ilə həll olunmasında qətiyyən maraqlı deyil.

Digər tərəfdən, Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz, Azərbaycanda fəaliyyət göstərən QHT-lər böyük narahatçılıq hissi ilə sizə bir daha müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa çağırırıq.

Siz dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, mülki əhalinin öldürülməsini qadağan edən beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsul olan və buna nəzarət etməli olan beynəlxalq təşkilatlar olaraq Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qala bilməzsiniz. Azərbaycana qarşı törədilən bu təcavüzə laqeyd qalmanız, sizin insani dəyərlərə, beynəlxalq hüquqa və beynəlxalq humanitar qanuna açıq hörmətsizliyiniz kimi qiymətləndiriləcək.

Ümid edirik ki, siz Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti qəti şəkildə pisləyəcək və işğalçı ölkənin cəzalandırılması üçün lazım olan bütün tədbirləri görəcəksiniz.

Azvision.az


Teqlər: QHT  





Xəbər lenti