Nazir fransalı həmsədri Gəncəyə hücum barədə məlumatlandırdı

  11 Oktyabr 2020    Oxunub : 2257
 Nazir fransalı həmsədri Gəncəyə hücum barədə məlumatlandırdı
Oktyabrın 11-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.
Bu barədə Azvision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulduğu barədə qarşı tərəfi məlumatdırıb. C.Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını və nəticədə mülki insanların həlak olduğu və yaralandığını qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti yaranmış vəziyyətdən təəssüf hissi keçirdiyini bildirib və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəfləri əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət etməyə çağıran fransalı həmsədr, ən qısa zamanda tərəflərin siyasi dialoqa qayıtması üçün təkliflərlə çıxış edəcəklərini qeyd edib.

Azvision.az

Teqlər: XİN