“Ermənilər babamın kürəyinə qaynar samovar bağlayıb öldürüblər” - Xalq artisti
Bunu Azvision.az -a Gəncədə yaşayan Xalq artisti Şahnaz Haşımova deyib. Onun sözlərinə görə, Ermənistan Gəncə şəhərinə edilən terror hücumuna görə cavab verməlidir.
Xalq artisti erməni terrorunun dünyaya nümayiş olunmasında aktiv fəaliyyət göstərdiyini deyib: “Mənimlə dünyada əlaqəsi, dostluğu olan insanlar raket düşən kimi zəng edib maraqlandılar. Deyirlər, sənə nəsə olubmu? Deyirəm, mən salamatam, həmşəhərlilərim yaralanıb, Gəncəmi erməni terrorçuları dağıtmağa cəhd edir. İnsanların beynəlxalq səviyyədə bu vəhşilikləri görməsi üçün rus, ingilis dilində paylaşımlar edirəm. Ermənilərə söz təsir etmir, sadəcə dəhşətdir. Onlara bundan sonra nə deyim. Dərələyəzdə babamın kürəyinə qaynar samovarı bağlayıb öldürüblər. Ata nənəm Göyçədən, anam isə Dərələyəzdəndir. Ailəmin bütün mülklərini əlindən alıblar. Onların hamısı bizim olub. Dünya qadınlarına müraciət etmişəm. Qoy bu vandalizmə biganə qalmasınlar. Erməni qadınlara isə deyirəm ki, övladlarınıza insanlıq laylası çalın, düşmənçilik laylası yox”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Xalq-artisti