Ali Baş Komandan informasiya müharibəsində də üstünlüyümüzü təmin etdi

   Ali Baş Komandan informasiya müharibəsində də üstünlüyümüzü təmin etdi
  12 Oktyabr 2020    Oxunub:2189
“Bizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması”.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Rusiyanın RBC kanalına verdiyi müsahibədəndir. İki həftədir davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan təkcə cəbhə xəttini yarıb keçməyib, ölkə, onun rəhbəri həm də Ermənistanın informasiya blokadasını da darmadağın edib.

İnformasiya müharibəsi hazırda ənənəvi müharibənin vazkeçilməz bir hissəsidir.

Heç kimə sirr deyil ki, Ermənistanın əvvəlki dövrdə olduğu kimi bu dəfə də erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərdi.

Azərbaycan hələ anti-terror əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azəbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi.

Sentyabrın 27-dən, anti-terror əmliyyatları başlanandan indiyədək dövlətimizin başçısı “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, Qlobal Haber ,Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK telekanallarına müsahibələr verdi. Üç dəfə xalqa müraciət etdi. O, bu müsahibə və çıxışlarda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini əsaslandırdı. Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi. Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurdu.

İlham Əliyev informasiya blokadasını yararaq Azərbaycanın ədalətli mövqeyini geniş kütlələrə çatdıra bildi.

İlham Əliyev həm Ali baş komandan kimi, eyni zamanda Prezident kimi özünü həm hərb meydanında, həm də kameralar qarşısındakı nitqlərində öz bacarığını çox yaxşı ifadə etməyi bacardı. Azərbaycanın əsas milli məfkurəsinə çevrilmiş Qarabağ məsələsi ilə bağlı apardığı fəaliyyətini dünya səviyyəsində diqqətə çatdıran şəxs İlham Əliyev oldu. O, bu dövrdə haqlı olaraq Azərbaycan xalqının haqq səsi oldu. Çünki dövlət başçısı olduğundan onun fikirləri ən etibarlı fikir kimi qəbul edilir, eyni zamanda onu da qeyd edim ki, prezident olmaq hələ avtoritetli fikir sahibi kimi qəbul olunmaq üçün əsas deyil.

Politoloq Nəzakət Məmmədovanın dediyinə görə, elə prezidentlər, baş nazirlər, dövlət adamları var ki, onların hətta ən ciddi fikirləri qeyri-ciddi qəbul edilir, çünki o fikrin arxasında real nüfuzlu şəxsiyyət, xarizmatik lider obrazı yoxdur. “Məsələn, biri elə Ermənistan baş naziri Paşinyan. O, nə desə, nə etsə, qeyri-ciddi qəbul olunur, hər sözü lağ obyektinə, hər hərəkəti ucuz piara çevrilir. Bu baxımdan Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin şəxsiyyətləri müqayisəolunmaz olduğu kimi, fikirləri də müqayisəyə gəlməzdir. İlham Əliyevin dünya mediasına verdiyi müsahibələr yüksək qiymətləndirilir. Sentyabrın 27-də başlayan Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatlarına ən böyük diplomatik dəstəyi məhz ölkə başçısı verdi. Beynəlxalq media prezident İlham Əliyevin fikirlərinə daha çox önəm verdi, nəinki Paşinyana. Sosial şəbəkələrdə də İlham Əliyevin çıxışlarına xarici auditoriya tərəfindən daha çox maraq göstərildiyini, baxış sayının qısa zamanda milyonları keçdiyini, müsbət şərhlər yazıldığını müşahidə etdik. Belə ki, bir çox xarici vətəndaşlar məhz bu məsələdə şərh verərkən cənab prezident İlham Əliyevin fikirlərinə istinad edirlər. Paşinyanın çıxışları isə uğursuz alınırdı. Niyə? Əvvəla, onun ölkəsi işğalçıdır, bizim kimi haqq işi uğrunda mübarizə aparmır, bizim torpağı oğurlayıb. Atalar demiş, xain xoflu olar. Buna görə də onun çıxışlarında inamsızlıq, güvənsizlik var idi, çünki oğru bilir ki, bir gün oğurladığını əsl sahibi onun əlindən zor-xoş geri alacaq. Əsas səbəb budur: Ter-Petrosyan da, Köçəryan da, Sarkisyan da media qarşısında həmişə inamsız, əzik idilər”.

Politoloq deyir ki, Paşinyan özü ixtisasca jurnalist olsa da, nitq qabiliyyəti zəifdir, tez-tez çaşır, özünü itirir, nitqində məntiq və rabitə yoxdur və s. “Onun siyasi təcrübəsinin zəifliyi, ordu üzərində hegemonluğu ələ ala bilməməsi də öz təsirini göstərirdi. Onun nitqində yalan, iftira, manipulyasiya, təsdiqini tapmamış iddialardan başqa heç nə görmək mümkün deyildi. İlham Əliyev siyasi cəhətdən savadlı adamdır, hər halda, “MGİMO” məktəbi keçib, orada müəllim olub və gələcək diplomatların auditoriyasında mühazirələr söyləyib, bu da yəqin ki, ona müəyyən vərdişlər aşılayıb. Hər halda, keçmiş diplomatik universitet müəllimi ilə keçmiş jurnalistin hər ikisinin nitq, media qarşısında çıxış vərdişləri olmalı olduğu halda, jurnalist keçmişindən heç də uzun müddətdə ayrılmayan baş nazir uduzdu. Bu çıxışlar dünyanın güc və analitik mərkəzlərində təhlil olunur, regionda marağı olan dövlətlərin qərar qəbuletmə mərkəzlərinin rəhbərlərinin masası üzərinə qoyulur. İlham Əliyevin nitqləri Azərbaycan tarixində dünya erməniliyinə, onların məkrli əlaltılarına meydan oxuyan ən ciddi xəbərdarlıqlardan biri idi. Nitqdə faktların mahiyyəti ilə yanaşı, təbii emosiya, jestikulyasiya və mimika bir-birini üzvi şəkildə tamamlayırdı. Haqlı tərəf olmanın verdiyi özgüvənlə bərabər, bu, həm də döyüş meydanında qalib tərəf olmanın yaratdığı üstünlükdən qaynaqlanırdı. Prezident Əliyevin çıxışından dünya erməniliyi və onların əlaltıları çaş-baş qaldılar.

İlham Əliyev dünyanın güc mərkəzlərinin oyununu pozdu və sübut etdi ki, burada qayda qoyan bir ölkə varsa Azərbaycan, şərt qoyan bir lider varsa, o özüdür. Kim olursa olsun, nə Azərbaycan xalqına, nə onun prezidentinə şərt qoya bilməz”.

Prezident İlham Əliyevin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr həm də onun isbatıdır ki, dövlət başçısı bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanaraq hərəkət edir. (Lent.az)

Azvision.az


Teqlər:





Xəbər lenti