Erməni terror təşkilatları - ARAŞDIRMA

 Erməni terror təşkilatları -  ARAŞDIRMA
  12 Oktyabr 2020    Oxunub:7327
Dünyada erməni terror təşkilatları 100 ildən çoxdur mövcuddur. “Böyük Ermənistan” xülyasının arxasınca düşən bu terror təşkilatlarının bəzilər indi də fəaliyyət göstərir.
Azvision.az indiyədək mövcud olan erməni terror təşkilatları ilə bağlı araşdırma yazısını təqdim edir:

"Erməni gizli azadlıq ordusu" (ASOA)

1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Bu terror təşkilatının Fələstin bazalarında hazırlıq keçən mindən artıq doyüşçüsü var. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib.

"Geqan"

2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərinə qarşı terror aktlarının törədilməsidir.

"Erməni azadlıq hərəkatı" (AOD)

1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

"Erməni azadlıq cəbhəsi"

1979-cu ildə yaradılan bu terror təşkilat ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlamaqla məşğuldur.

"Orli qrupu"

1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

"Erməni soyqırımı ədalət komandosları"

1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklərə və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

"Erməni birliyi"

1988-ci ildə Moskvada yaradılıb. "ASALA" ilə sıx əlaqələri mövcuddur, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları 268 saxta sənədlərlə təmin edib. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində bilavastilə iştirak edir.

"Demokratik cəbhə"

ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.

"Arostol"

2001-ci ilin aprel ayının 29-da Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazisində terror aktları həyata keçirməkdir.

"Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA)

1975-ci ilin yanvarında yaradılan təşkilatın qərargahı Beyrutda yerləşirdi. Təşkilatın məqsədi şərqi Türkiyə, şimali İran, Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA-nın lideri Akop Akopyan olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş Türkiyə səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 1980-ci il avqustun 1-də "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdi: "Bizim düşmənimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir".

Beyrut şəhərində 1993-cü il avqustun 28-də açıqlanan bəyanatında ASALA "Pantürkist neft borusu" (Bakı-Tiflis-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdi. ASALA beynəlxalq terrorçu təşkilatları ilə sıx əlaqələr yaradıb. ASALA yarandığı gündən Fələstin terrorçuluq təşkilatlarının, xüsusən FƏTH, PFLP, DFLB və Səlim Əbu Salemin rəhbərliyi altında fəaliyyət göstərib.

ASALA üzvləri Suriya, Livan və Cənubi Yəmən Respublikasında terrorçular hazırlamaq üçün düşərgələrdə təlim keçib, silah və saxta sənədlər alıblar. ASALA, həmçinin öz fəaliyyətinin maliyyələşdirməkdən ötrü qaçaqmalçılıq və narkotik maddələr daşınması ilə məşğul olub. 1982-ci ildə İsveçrə polisi ermənilərin narkotik alverçilərinin şəbəkəsini aşkarlayıb.

1980-ci ilin dekabrında ASALA Bəhreyndə "KİM və QALF EYR" firmasının ofisində terror aktı törədib. Aksiya o zaman "İşğal olunmuş torpaqların oğulları" kimi məşhur olan Əbu İbrahim fraksiyası tərəfindən həyata keçirilib.

1980-ci il noyabrın 25-də Parisdə turist agentliyinin sahibləri Dyakovlar yəhudi ailəsi 7,65 kalibrli tapança ilə güllələnmişdi. Eyni silah Parisdə 1980-ci il sentyabrın 26-da Türkiyə səfirliyinin mətbuat attaeşinin həyatına sui-qəsddə istifadə olunmuşdu. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürüb. Dyakovlar ailəsinin qətli şahidlər tərəfindən "şərq istiqaməti" kimi təsvir edilməsinə baxmayaraq, bu, ASALA-nın Fələstin təşkilatları ilə əməkdaşlığını sübut edən bariz nümunədir.

Məlumata görə, 1980-ci ilin oktyabrında Parisdə Kopernik küçəsində sinaqoqda Əbu Səlim Salem fraksiyası tərəfindən törədilmiş terror aktında istifadə olunan partladıcı, bundan bir ay qabaq Cenevrədə (sentyabr 1980- ci il) həbs olunmuş iki erməni terrorçusunda aşkarlanmış partladıcı maddə ilə eyni olub. Bu isə göstərir ki, hər iki halda partladıcı bir mənbədən alına bilər.

ASALA 1982-ci ilin avqustunda Parisdə "Hilbert" restoranında terror aktının iştirakçıları üçün operativ infrastruktur (təhlükəsiz mənzillər) təşkil edib.

1986-cı ildə Parisdə törədilən terror aktları özünü "Yaxın şərqdə saxlanılanlarla həmrəylik Komitəsi" adlandıran təşkilat tərəfindən həyata keçirilib. Onlar bir neçə terrorçu təşkilatlar - Hizbullah, FARL, ASALA və Əbu Səlim Salem fraksiyası tərəfindən dəstəklənib. Təşkilat Fransada həbs olunmuş üç nəfərin - Narbyanın (ASALA-nın fəalı), Corc İbrahim Abdulla (FARL) və Anis Nakatın (Hizbullahın əlaqələndiricisi) azadlığa buraxılmasını tələb etmişdilər.

1983-cü ildə ASALA Beyrutda öz bazalarını tərk etdikdən sonra o, Əbu Nidal təşkilatı ilə yaxınlaşıb. Bir çox illər boyu ASALA Livanın Bekaa vadisində Əbu Nidal fəalları ilə əlaqədə olub və əməkdaşlıq edib. Orada hər iki təşkilatın təlim bazası var idi. Həmçinin məlumdur ki, Mar İliyasda Əbu Nidalın qərargahının üzvü ASALA-nın tövsiyə etdiyi zabiti olmuşdu.

1987-ci ildə mətbuatda ASALA və Livanda Hizbullahın üzvü İmad Muqxanyan arasında əlaqələr haqqında məlumatlar yayılmışdı. ASALA-nın Hizbullahla əlaqələrinin mötəbər olmadığına baxmayaraq, İranın rəhbərliyi altında belə bir əlaqənin həqiqətən mövcudluğu tamamilə əsaslı sayılır.

2001-ci il mayın 23-də Təl-əvivin bir neçə kilometrliyində İsrail HHM qüvvələri Hizbullaha mənsub olan Livan təyyarəsini vurmuşdu. Təyyarəni terrorçu-kamikadze kimi ixtisaslaşmış Stefan Ohanes Nikolyan idarə edirdi. O, İsrail paytaxtının yaxınlığında yerləşən yaşayış məntəqələrindən birini məhv etməyə cəhd göstərib. ASALA və onun xarici terrorçu təşkilatlarla əlaqəsi bu təşkilatın kosmopolit ideologiyasından və "Beynəlxalq inqilabın" bir hissəsi olmaq arzusundan irəli gəlib. ASALA-nın F.L.N.S., İRO, Fransada ifrat sağ qruplarla, Qırmızı briqadalar, Kürd Fəhlə Partiyası və s. arasında əlaqələri haqqında da məlumatlar yetərincədir.

ASALA Yaponiyanın Qırmızı Ordusu ilə də əməkdaşlıq edib. Bu əlaqələrdə güman edilir ki, Cakartada və Romada terror aktlarına görə məsuliyyəti öz üzərinə götürən antiimperialist Qırmızı briqadalar adını gizlədən Yaponiyanın Qırmızı Ordusu, ASALA və ola bilsin, digər təşkilatlar da var. Livanda ASALA-nın Qırmızı Ordu ilə əlaqələrinə qədər məlumdur ki, Yaponiyanın Qırmızı Ordusunun terrorçular hazırlığı üzrə düşərgələri ASALA-nın düşərgələri ilə qonşuluqda olub. Hər iki təşkilat Suriya kəşfiyyat tərəfindən uzlaşdırılırdı. Həmçinin qeyd etmək maraqlıdır ki, Monte Melkonyan 15 yaşı olanda bir il Tehranda yaşayıb. O, yapon dilində danışıb, ASALA-nın və Bekaada Yapon Qımızı Ordusunun adamları arasında mütərcim kimi istifadə edilirdi.

1983-cü ildə Beyrutu tərk etdikdən sonra ASALA özünə İran, Suriya və Liviya kimi yeni partnyorlar - hamilər tapıb. ASALA-nın iranlılarla əlaqələri İranda və Livanın Bekaa vadisində infrastruktur və üzvlər hesabına dəstəklənirdi. İran ASALA-nı silahla təchiz edir, maliyyələşdirir və təlim keçirdi.

Məlumatlara görə, erməni fəalları İranda təlim keçirdilər. ASALA-nın iranlılarla terror aktlarının planlaşdırılması və həyata keçirilməsi sahəsində əməliyyat əməkdaşlığı barədə məlumatlar var idi. 1983-cü ilin avqustunda ASALA Tehranda bir neçə fransız obyeklərini partlatmışdı. Belə əməliyyatları İran təhlükəsizlik qüvvələrinin xəbəri və razılığı olmadan həyata keçirmək mümkün deyildi. Suriya ASALA-nı, həmçinin Livanda onun himayəsi altında fəaliyyət göstərən digər təşkilatları dəstəkləyir və hesab edir ki, terrorizm öz məqsədlərinə çatmaq üçün legitim alətdir. Bekaada ASALA-nın fəaliyyəti Suriya kəşfiyyatı tərəfindən əlaqələndirilir, həmçinin təşkilatların əməliyyatlarına nəzarət edir.

Son illər Suriyaya qarşı beynəlxalq təzyiqlərin güclənməsi ilə əlaqədar Dəməşq terrorçu təşkilatların fəaliyyətinə özünün müdaxiləsini gizlətməyə cəhd göstərir və ASALA-nın fəaliyyətinə də ciddi nəzarət edir.

Azvision.az


Teqlər: Terror   Ermənistan   Suriya   Livan  





Xəbər lenti