“Hamının fikri müharibəyə yönəlib, ikinci təhlükə yaddan çıxıb” - Komitə sədri

 “Hamının fikri müharibəyə yönəlib, ikinci təhlükə yaddan çıxıb” -  Komitə sədri
  13 Oktyabr 2020    Oxunub:2871
Ölkədəki hərbi vəziyyətlə əlaqədar hər kəsin fikri müharibəyə yönəlib və ikinci ciddi təhlükə yaddan çıxıb. Buna görə də koronavirusa gündəlik yoluxmaların sayında artım müşahidə edilir.
Bunu Azvision.az -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, insanlar koronavirus təhlükəsini unutmamalıdır: “Havalar artıq soyumağa başlayır, payız və qış fəsillərində insanların immuniteti azalır. Ciddi şəkildə özümüzü qorumalıyıq. Maska taxmalı, fiziki məsafə gözləməliyik, sanitar-gigiyenik qaydalara riayət etməliyik, qapalı məkanlarda az olmağa çalışmalıyıq. İnsanların çox toplaşdığı tədbirlər minimuma endirilməlidir".

Ölkədə qripə qarşı vaksinasiyanın başlanıldığını deyən deputat bildirib ki, bu da ümumi soyuqdəymə və virus xəstəliklərinin qarşısını almaqda yardımçı olacaq.

"Hamı çalışmalıdır ki, özünü qorusun. Çünki xəstəliyin nə dərmanı, nə vaksini var. Müharibə əhval-ruhiyyəsi olsa da, özümüzü digər təhlükədən də qorumalıyıq. Bu gün məktəblərdə dərslər əsasən onlayn rejimdə keçirilir və hesab edirəm ki, ilin sonuna qədər belə rejimdə davam edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Deputat  





Xəbər lenti