“Bütün sivil ölkələr mülki insanlara edilən hücumlara qarşıdır” - Səfir (EKSKLÜZİV)

  13 Oktyabr 2020    Oxunub : 5417
“Bütün sivil ölkələr mülki insanlara edilən hücumlara qarşıdır” -  Səfir (EKSKLÜZİV)
Malayziya hökuməti adından Gəncədə mülki insanların itkisinə görə dərin təəssüfümü ifadə etmək istəyirəm. Həmçinin, qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Bunu Azvision.az -a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan bin Yusof deyib. Ötən gün Gəncədə səfərdə olan diplomatın sözlərinə görə, qarşıdurmaların başladığı 27 sentyabr 2020-ci il tarixindən bəri münaqişənin inkişafını yaxından izləyir.

"Mövcud təhlükəsizlik vəziyyəti, münaqişə bölgəsi daxilində və kənarlarında günahsız mülki insanları təhlükəyə məruz qoyan zorakılığın artması bizi çox narahat edir. Malayziya daxil olmaqla bütün sivil ölkələr mülki insanlara və mülki obyektlərə edilən hücumlara qarşıdır. Malayziya münaqişənin sülh yolu ilə həll edilməsi çağırışlarına qoşularaq, maraqlı tərəfləri münaqişənin sülh, dialoq və diplomatiya yolu ilə həllinə üstünlük verməyə çağırır. Bu çərçivədə Malayziya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının müvafiq qərarları da daxil olmaqla, münaqişənin beynəlxalq hüquqa əsaslanan, sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir", - deyə diplomat vurğulayıb.

Səfir ölkəsinin BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qətiyyətlə dəstəklədiyini əlavə edib: "Malayziya Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına möhkəm dəstəyini bir daha təsdiqləyir".

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Malayziya   Səfir