“İnformasiya savaşında da üstünlük bizim tərəfimizdədir” - Politoloq

“İnformasiya savaşında da üstünlük bizim tərəfimizdədir” -  Politoloq
  14 Oktyabr 2020    Oxunub:2936
Azərbaycanın Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə bəzi ərazilərini azad etməsi işğalçıları sözün həqiqi mənasında iflic vəziyyətinə salıb. Düşmənə qarşı müharibədə yalnız uğurlu döyüşlər deyil, informasiya cəbhəsində də qazanılan nailiyyətlər mühüm əhəmiyyətə malikdir. Bu mənada Prezident İlham Əliyevin informasiya cəbhəsində ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etməsi təqdir olunmalıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az -a açıqlamasında deyib ki, müasir dövrdə informasiya cəbhəsində aparılan mübarizə döyüş meydanındakı kimi əhəmiyyətlidir. Prezident yalnız Ali Baş Komandan kimi cəbhə bölgəsində gedən döyüşlərə deyil, ölkəmizin informasiya müharibəsinə də başçılıq edir:

“Prezident hər gün bir xarici mediaya, TV-yə müsahibə verir. Dövlət başçısı verdiyi açıqlamalarda ortaya məntiqli, əsaslandırılmış fikirlər qoyur. Azərbaycanın haqq işini izah edir, ən kəskin suallara belə məntiqli cavablar verir. Hətta Rusiyadakı ermənipərəst ekspertlər belə etiraf edirlər ki, İlham Əliyevin məntiqi Nikol Paşinyanın açıqlamalarından dəfələrlə üstündür. Erməni baş nazir rabitəsiz danışır, rus və ingilis dillərində fikirlərini dəqiq ifadə edə bilmir. Bir məqamı xatırladaq ki, bu günlərdə Rusiya televiziya kanalında həm İlham Əliyev, həm də Nikol Paşinyan çıxış etmişdi. Verilişdən sonra hamı etiraf etdi ki, Azərbaycan Prezidenti samballı fikirləri ilə Paşinyanı dəfələrlə üstələdi. Bu, bizim informasiya savaşımızda əsas üstünlüyümüz, uğurumuzdur ki, dövlət başçısı özü ön cəbhədə gedir”.

Politoloq qeyd edib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev də informasiya cəbhəsində ön xətdədir. Bu hallar bizim hazırkı mübarizəmizdə üstünlüyümüzü, haqlı olmağımızı göstərir: “Son müsahibələrdə gördük ki, Prezident İlham Əliyev ən mürəkkəb suallara belə çox məntiqli və tutarlı şəkildə faktlara əsaslanan cavablar verdi. O, Azərbaycanın haqlı olduğunu geniş şəkildə izah edir. Belə izahatlar sonradan müxtəlif televiziya kanallarında, xəbər saytlarında yayımlanır. Yəni bu amil indiki məqamda bizim dövlətimiz üçün çox önəmlidir. Əgər 90-cı illərdə biz dövlət, xalq olaraq informasiya blokadasında idiksə, indi faktiki olaraq İlham Əliyev aktiv müsahibə və bəyanatları ilə mümkün informasiya blokadasını yarır və darmadağın edir”.

Prezidentin sayəsində ölkəmizin dünyada mövqeyinin yüksəldiyini deyən politoloq bundan sonra da informasiya savaşında üstünlüyün bizim tərəfimizdə olacağını söyləyib:

“Düzdür, yenə də Qərbdə, Rusiyada ermənipərəst qüvvələr iş başındadırlar. Bu cür insanlar haqlının deyil, işğalçının tərəfindədir. Buna baxmayaraq, bizim sözümüz eşidilir, Prezidentin açıqlamaları, müsahibələri məşhur nəşr və televiziyalarda daha çox yer alır. Bu, indiki savaşda çox önəmlidir. Çünki üç istiqamətdə savaş gedir - cəbhədə, diplomatiyada və informasiya sahəsində. Hərb sahəsindəki uğurlarımız göz önündədir. Ordumuz irəliləyir. Diplomatiya savaşında da fəallıq hiss olunur. Sadəcə olaraq, bir qədər çevikliyi artırmaq lazımdır. Bu gün informasiya savaşına Prezident şəxsən özü rəhbərlik edir, boşluq buraxmır. Əgər Paşinyan kiməsə müsahibə versə, dövlət başçısı ondan iki dəfə çox açıqlamalarla gündəmə gəlir və haqlı tərəfin bizim olmağımızı geniş şəkildə izahları ilə göstərir. Hətta iş o yerə çatıb ki, xarici jurnalistlər müsahibələrdə Paşinyanı sıxışdırırlar. Aşkar sualların şahidi oluruq ki, “niyə yeddi rayonu boşaltmırsınız?” “Niyə BMT-nin məlum qətnamələrinə əməl edilmir?” və s. Əslində onlar da Prezident İlham Əliyevin çıxışlarına istinad edərək bu sualları ortaya atırlar. Çünki dövlət başçısı hər zaman yeddi rayonun adını çəkərək BMT qətnamələrini xatırladır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: DağlıqQarabağ   Elxan-Şahinoğlu   İnformasiyasavaşı  





Xəbər lenti